Al-Fatihah · 1:5
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
Tafsir · əs-Səədi · Verse 5
Bu o deməkdir ki, biz təkcə Sənə ibadət edir və təkcə Səndən yardım istəyirik. Ərəb dilinin qrammatikasına uyğun olaraq, əvəzlik felin qarşısında durarsa, hərəkət, heç bir başqasına deyil, məhz ancaq xatırlanan şəxsə aid edilir. Buna görə şərh etdiyimiz ayə aşağıdakı mənanı daşıyır: biz Sənə ibadət edirik və başqa heç kimə ibadət etmirik, kömək üçün Sənə dua edirik və başqa heç kimə kömək üçün dua etmirik.
İbadət, kömək üçün duadan əvvəl yad edilmişdir və bu ifadə xüsusinin ümumiyə daxil edilməsinin nümunəsidir, çünki sadalanarkən ümumi olanı xüsusidən əvvəl qeyd etmək qəbul olunmuşdur. Bununla yanaşı sözlərin bu qaydada ardıcıllığı göstərir ki, Fövqəluca Allahın haqqı Onun qullarının haqqından üstündür.
İbadət – həm qəlbən və həm də bədənlə yerinə yetirilən və Allahın sevdiyi və bəyəndiyi bütün sözləri və əməlləri əhatə edən anlayışdır. Yardım haqqında dua – Fövqəluca Allaha, xeyir verməsi və şərdən qoruması üçün, yalvarışla yönəldilən və mütləq gerçəkləşəcəyinə inam bəslənilən müraciətdir.
Məhz ibadət və kömək haqqında dua əbədi xoşbəxtlik əldə etməyin və hər cür bəladan xilas olmağın həqiqi vasitəsidir. Bundan özgə bir qurtuluş yolu yoxdur. Bax elə buna görə də çox vacibdir bilək ki, ibadət ancaq Allah üçün Onun Elçisinin (s. ə. s) Sünnəsinə tam uyğun olaraq yerinə yetirildikdə öz əsil mənasını kəsb edir. Bu iki şərti yerinə yetirmədikdə heç bir ibadətin mənası olmaz.
Kömək haqqında duanın ibadət formalarından biri olmasına baxmayaraq Fövqəluca Allah onun barəsində ayrıca qeyd etmişdir. Çünki hər hansı mərasimi yerinə yetirəndə Allahın qulu öz Rəbbinin köməyinə möhtac olur. Onun yardımı olmadan insan heç vaxt Allahın hökmlərini qüsursuz icra edə və günahlardan çəkinə bilməz.