Al-Fath · 48:29
مُّحَمَّدٌۭ رَّسُولُ ٱللَّهِ ۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلْكُفَّارِ رُحَمَآءُ بَيْنَهُمْ ۖ تَرَىٰهُمْ رُكَّعًۭا سُجَّدًۭا يَبْتَغُونَ فَضْلًۭا مِّنَ ٱللَّهِ وَرِضْوَٰنًۭا ۖ سِيمَاهُمْ فِى وُجُوهِهِم مِّنْ أَثَرِ ٱلسُّجُودِ ۚ ذَٰلِكَ مَثَلُهُمْ فِى ٱلتَّوْرَىٰةِ ۚ وَمَثَلُهُمْ فِى ٱلْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسْتَغْلَظَ فَٱسْتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعْجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلْكُفَّارَ ۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ مِنْهُم مَّغْفِرَةًۭ وَأَجْرًا عَظِيمًۢا
Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.
Tafsir · əs-Səədi · Verse 29
Muhəmməd – Allahın Elçisidir (ona Allahın salavatı və salamı olsun!). Onu (s.ə.s.) əhatə edən mühacirlər və ənsarlar - əsil möminlərdir. Onlar ən gözəl keyfiyyətlərə, məziyyətlərə malikdirlər, müşriklərlə ciddi-cəhdlə mübarizə aparır və kafirliyin məhv edilməsi üçün var qüvvələrini əsirgəmirdilər. Onlar Allahın düşmənlərinə qarşı amansız idilər, çünki kafirlər onların qarşısında alçalmış və gücsüz idirlər. Lakin eyni zamanda onlar öz iman sahibi olan qardaş və bacılarını sevirlər, onlara qarşı mərhəmətli və xeyirxahdırlar. Onlar birlikdə vahid bir orqanizmə bənzərlər və onlardan hər biri özü üçün istədiyini, qardaşı üçün də istəyər.
Onlar insanlarla qarşılıqlı münasibətlərini belə qururlar. Onların Allahla münasibətlərinə gəldikdə isə, onlar çoxlu namaz qılırlar və buna görə sən onları rüku edən və səcdə qılan görərsən. Bununla onlar Rəbbin mərhəmətini və lütüfkarlığını qazanmaq istəyirlər. Allahın razılığı və Onun bol mükafatı – onların yeganə məqsədidir.
Tez-tez, səylə və gözəl tərzdə ibadət etmələri sayəsində onların çöhrəsi nur saçmağa başlayır və onlarda səcdədən izlər qalır. Səmimi duaları onların qəlbini ziyalandırmış, görkəmlərini əzəmətli etmişdir. Fövqəluca onları, Musa peyğəmbərə (ə) nazil etdiyi Tövratda belə təsvir etmişdir.
İncildə isə onlar əkin timsalında təqdim olunmuşlar. Əkin sahəsi becərildikdə, torpaqdan ilk cücərti çıxır və möhkəmlənir. O get-gedə bərkiyir, öz saplağı üzərində düz ucalaraq əkinçiləri öz mükəmməlliyi, gözəlliyi və şuxluğu ilə heyrətləndirir. Fövqəluca səhabələri əkinlə müqayisə edir. Onlar insanlara fayda verirlər və insanlar onlara ehtiyac duyurlar. Onlar möhkəm imanı və qəti hərəkətləri ilə əkinin saplağına və sünbüllərinə bənzəyirlər. İslamı yeni qəbul edən müsəlmanlar isə cavan budaqlara bənzərdirlər. Onlar böyüyüb özlərindən əvvəlkilərə çatırlar və onlara başladıqları işi davam etdirməkdə kömək göstərirlər – Allahın dininə layiqincə etiqad edir və onu digər insanlara çatdırırlar. Onlar, müsəlmanlarla toqquşan və vuruşan və onların birliyinin və düşmən qarşısında sarsılmazlığının şahidi olan kafirlərdə qəzəb hissi oyadırlar.
Sonra Allah xəbər verir ki, səhabələr özlərində iki gözəl keyfiyyəti təcəssüm etdirmişlər: imanı və saleh bilikləri. Fövqəluca Allah da onlardan ötrü iki sevinc hazırlamışdır: onlara bu dünyada və ölümdən sonra şərdən xilas olma gətirən bağışlanma və hər iki dünyada böyük mükafat.
İndi isə, mən istəyirəm ki, Hüdeybiyə yürüşünün bəzi hadisələrini təfsilatı ilə, imam Şəmsəddin İbn əl-Qəyyimin kitabının “Peyğəmbər yolu” fəslinə istinad edərək, təsvir edim.
Nafi rəvayət etmişdir ki, Hüdeybiyə sülh müqaviləsi Hicri təqviminin 6-cı ilində, zülqədə ayında bağlanmışdı. Bu rəy səhihdir və onunla əz-Zöhri, Qətədə, Musa b. Ukbə, Muhəmməd b. İshaq və bir çox başqaları razı idilər.
Hişam b. Urva nəql edirdi ki, onun atası ona danışmışdı ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Hüdeybiyəyə ramazanda getmişdi, sülh müqaviləsini isə şəvval ayında bağlamışdılar, lakin bu rəy yanlışdır. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ramazanda artıq Məkkəni fəth etmişdi.
İmam əl-Buxari və imam Müslimin “əs-Səhih” hədislər toplularında Ənəs b. Malikdən gətirilən səhih hədisdə deyilir ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) dörd dəfə ümrəyə getmişdi və bu hər dəfə zülqədə ayında olmuşdu. Bu dörd ziyarətlərdən birində qarşısı alınmış ziyarət Hüdeybiyə sülhü bağlanan ildə baş vermişdi. Ənəs xəbər verir ki, həmin il Peyğəmbəri (s.ə.s.) min beş yüz adam müşayiət edirdi. Həmin hədis toplularında Cabir və Abdullah b. Əbu Aufun hədisləri də verilmişdir ki, onlarda Peyğəmbəri (s.ə.s.) müvafiq olaraq min dörd yüz və min üç yüz adamın müşayiət etdiyi göstərilmişdir.
Qətədə deyir ki, o, Səid b. əl-Museyyibdən soruşmuşdur: “Razılıq beyəti zamanı nə qədər adam iştirak edirdi?” O, demişdir: “Min beş yüz nəfər”. Onda Qətədə deyib: “Cabir b. Abdullah rəvayət edibmiş ki, onlar min dörd yüz nəfər idilər». Səid ona etiraz edərək: “Allah ona rəhm etsin, çünki o, səhv edib. O, özü mənə demişdi ki, onlar min beş yüz nəfər idi».
Doğrudan da, Cabirdən bizədək bu məsələyə aid iki səhih xəbər gəlib çatmışdır. Belə xəbərlərdən birində deyilir: Cabir rəvayət edib ki, səhabələr həmin il yetmiş dişi dəvə kəsdilər və hər dəvə yeddi adam üçün kəsilmişdi. Ondan soruşanda ki, onlar neçə nəfər idilər, o demişdi: “Min dörd yüz piyada və atlı».
Şöbənin hədisində xəbər verilir ki, Qətədə, Səid b. əl-Museyibin öz atasının adından dediyi: “Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə birlikdə ağac altında min dörd yüz nəfər toplanmışdı. Mən iki rəydən, buna daha çox meyl edirəm. O, həm də əl-Bəri b. Əzibin, Makil b. Yəsərin, əl-Museyyib b. Xuznun dediklərinə və Sələmə b. əl-Əkvadan gələn ən səhih xəbərə istinad edir.
Digər rəylərdən birinə görə, bu yürüşdə cəmi beş yüz adam iştirak etmişdir. Bu – açıq yanlışlıqdır. Səhabələr cəmisi yetmiş dişi dəvə kəsmək məcburiyyətində qalmışdılar: hər dəvəni yeddi və ya, deyək ki, on nəfərin adından kəsmişdilər. Bu heç vəchlə belə bir rəyin lehinə şəhadət vermir. Hədisdə tamamilə aydın deyilmişdir ki, yeddi müsəlman bir dişi dəvəni qurban verirdi və cəmi yetmiş heyvan kəsilmişdi. Tutaq ki, qurban verilməsində bütün müsəlmanlar iştirak etmişdilər. Onda belə çıxır ki, onlar cəmisi yeddi yüz deyil, dörd yüz nəfər imişlər. Ən yaxşısı, lazımsız hesablamalar aparmamaqdır və birbaşa hədisin özünə müraciət etməkdir. Onda birmənalı olaraq deyilir ki, onlar min dörd yüz nəfər idilər.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Zül-Hüleyfəyə çatdıqda, qurbanlıq heyvanları nişanlamaq və boyunlarına kəndir bağlamaq tapşırığı verdi və ümrə (kiçik həcc) niyyəti edərək ehrama girdi. Sonra o (s.ə.s.), qarşı tərəfə xuza qəbiləsindən bir nəfər[4] göndərdi ki, qureyşlilərin nə kimi tədbirlər tökdüklərini öyrənib, xəbər gətirsin. Müsəlmanlar Usfan adlı yerə yaxınlaşdıqda, kəşfiyyatçı Peyğəmbərin (s.ə.s.) yanına qayıtdı və dedi: “Mən indicə Kəəb b. Lueyi gördüm. Onlar özləri ilə axabiləri də götürmüşdülər və çox böyük bir qoşun yığmışdılar. Onlar sənə Məkkəyə girməyə mane olmaq üçün səninlə döyüşməyə hazırdırlar».
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) səhabələri ilə məsləhətləşdi: “Qureyşlilərə köməyə gedən axabilərin məskənlərinə basqın edib, qadınlarını və uşaqlarını əsirmi götürək? Bu halda, hətta onlar döyüşmək istəsələr də, qisas almaq haqqında fikirləşəcək və kədərlənəcəklər. Ya da yaxşı olar ki, Məkkəyə yolumuzu davam etdirək və bizim qabağımızı almağa cəhd göstərənlərlə döyüşək?” Əbu Bəkr dedi: “Allah və Onun Elçisi necə etmək lazım olduğunu daha yaxşı bilirlər. Biz həcc ziyarətinə gəlmişik və döyüşmək istəmirik. Lakin əgər kimsə yolumuzun üstünə çıxsa, onda biz onlarla vuruşmağa hazırıq”. Onu dinlədikdən sonra, Peyğəmbər (s.ə.s.) dedi: “Onda, irəli!”
Səhabələr yollarına bir müddət davam etdikdən sonra Peyğəmbər (s.ə.s.) dedi: “Xalid b. əl-Valid qureyşli atlıları dəstəsi ilə əl-Həmim adlı yerdə dayanmışdır. Onları sağdan yan ötüb keçək. Xalid öz dəstəsi ilə müsəlmanları görmədi və biləndə ki, onlar onu ötüb keçiblər, dördnala çaparaq Məkkəyə yollandılar ki, qureyşliləri xəbərdar etsinlər.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Saniyət əl-Mərar adlı yerə çatdıqda, onun (s.ə.s) Kəsva adlı dəvəsi diz üstə çökdü. Adamlar onun üstünə qışqırmağa başladılar ki, o, yoluna davam etsin, lakin dişi dəvə yerindən tərpənmədi. Səhabələr belə dedilər: “Kəsvə tərslik edir”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) isə dedi: “O tərslik etmir. Onun belə xasiyyəti yoxdur. Onu Dayandıran, fili də belə dayandırmışdı». Sonra o (s.ə.s.) dedi: “Canım Əlində olana and içirəm! Mən onların istənilən təklifinə razılaşaram, əgər onlar bunu Allahın haram etdiyinə hörmət əlaməti olaraq etmiş olsalar». Sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dəvəyə səsləndi və o, o saat qalxdı. Nəhayət, müsəlmanlar gəlib Hüdeybiyəyə çatdılar. Onlar orada bir quyu tapdılar ki, içində su, demək olar ki, yox idi. Səhabələr ondan az-az içməyə başladılar və onu tezliklə qurutdular. Onlar Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) şikayət etdilər və o (s.ə.s.) oxdanından bir ox çıxarıb, onu quyunun dibinə qoymağı əmr etdi. Su quyuda qalxmağa başladı və o, səhabələr oradan gedənə qədər qalxmaqda davam edirdi.
Qureyşlilər qorxurdular ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlara basqın edər və onda o (s.ə.s.) qərara aldı ki, öz səhabələrindən birini onların yanına göndərsin və bundan ötrü Ömər b. əl-Xəttabı yanına çağırdı. Ömər dedi: “Ey Allahın Elçisi! Kəbin nəslindən Məkkədə elə bir adam yoxdur ki, əgər qureyşlilər mənə pislik etsələr, mənim tərəfimi saxlasın. Yaxşı olar ki, Osman b. Əffanı göndərəsən. Orada onun qohumları vardır və o, nə demək istəsən, onlara çatdıra bilər».
Belə olduqda, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Osmanı çağırdı və ona qureyşlilərin yanına getməyi tapşırdı və dedi: “Onlara xəbər ver ki, mən onlarla döyüşməyə gəlməmişəm, yalnız ziyarət etmək istəyirəm, sonra da onlara islamı qəbul etməyi təklif et”.
Peyğəmbər (s.ə.s.) ona həmçinin buyurdu ki, Məkkədə qalan mömin kişilər və qadınlarla görüşsün və onları yaxın qələbə müjdəsi ilə sevindirsin və onlara xəbər versin ki, Fövqəlqüdrətli və Böyük Allah mütləq öz dininə Məkkədə üstünlük əldə etməyə yardım göstərəcəkdir. Buna görə onlar artıq gizlənməsinlər və iman gətirdiklərini gizli saxlamasınlar. Osman (Allah ondan razı olsun!) yola düşdü və Baldah adlı yerdə qureyşlilərlə görüşdü. Müşriklər ondan soruşdular: “Sən hara gedirsən?” O cavab verdi: “Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) məni göndərmişdir ki, mən sizi Allaha iman gətirməyə və islamı qəbul etməyə dəvət edim və sizə xəbər verim ki, biz sizinlə döyüşməyə deyil, ziyarət etməyə gəlmişik.”
Aban b. Səid Osmana yaxınlaşdı və onunla salamlaşdı. Sonra Aban onu öz himayəsi altına götürdü, öz atını yəhərləyib Osmanı ardında oturtdu. Beləcə onlar Məkkəyə gəldilər. Müsəlmanlar Osmanın qayıtmasını gözləməyib, belə deməyə başladılar: “Osman bizdən əvvəl Kəbəyə çatdı və artıq onu təvaf etmişdir». Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) dedi: “Mən düşünmürəm ki, biz mühasirədə olduğumuz halda, o, Kəbəni təvaf etmişdir”. Adamlar dedilər: “Ey Allahın Elçisi, bunu etməyə ona nə mane olur ki? O, artıq Allahın Evinədək gedib çatmışdır». O (s.ə.s.) dedi: “Sadəcə, mən düşünürəm ki, o, bizsiz Kəbənin ətrafını təvaf etməz”.
Bu danışıqlar davam edərkən müsəlmanlar müşriklərdən o qədər də uzaqda deyildilər. Bu vaxt onların arasında mübahisə düşdü və kiçik bir vuruşma oldu. Əleyhdarlar bir-birilərinin üstünə qışqırır, bir-birilərinə ox və daş atırdılar, lakin axırda, sakitləşdilər. Bu arada Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) Osmanın (Allah ondan razı olsun!) öldürülməsi haqqında bir şayiə çatdı.
Peyğəmbər (s.ə.s.) möminləri ona (s.ə.s.) sadiq qalacaqlarına and içməyə çağırdı və həyəcanlanmış müsəlmanlar bir ağac altında onun (s.ə.s.) ətrafına toplaşdılar, ona sadiq qalacaqlarına və onu heç bir şəraitdə tərk etməyəcəklərinə and içdilər. Andı qəbul edən zaman Peyğəmbər (s.ə.s.) özü öz əlini sıxdı və dedi: “Bu – Osmana görə”. Bu zaman Osman özü də qayıdıb gəldi və adamlar ona dedilər: “Əbu Abdullah, sən Kəbənin ətrafını təvaf etməkdən razı qaldınmı?” O dedi: “Siz mənim haqqında pis düşünmüsünüz! Canımın Əlində olduğuna and içirəm ki, əgər mən orada bir il də qalsaydım, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) isə bu zaman Hüdeybiyədə olsaydı, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) təvaf etmədikcə, mən Kəbənin ətrafını təvaf etməzdim. Qureyşlilər mənə təvaf etməyi təklif etdilər, lakin mən imtina etdim”. Belə olduqda adamlar dedilər: “Həqiqətən, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Allah barədə bizdən yaxşı xəbərdardır və onun (s.ə.s.) niyyətləri isə daha təmizdir».
Müsəlmanlar ağac altında and içəndə, Ömər Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əlindən tutmuşdu, Makil b. Yasar isə Peyğəmbərə (s.ə.s.) maneçilik edən budağı tutub saxlamışdı. Sədaqət andını, əl-Cudd b. Kaysdan başqa, hamısı içdi. Birinci olaraq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əlini Əbu Sinan əl-Əsədi sıxdı. Sələmə b. Əkva isə onun (s.ə.s.) əlini üç dəfə sıxdı: əvvəlcə, ortada və axırda.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına ilk gələnlərdən biri Budeyl b. Bərka xuzay nəslindən idi və özünün bir-neçə qohumları ilə gəlmişdi. Onlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Tuxamada yaxın adamları idilər. Budeyl dedi: “Mən Kəb b. Luey və Amir b. Luey dəstəsindən gəlmişəm. Onlar çox böyük qoşunla Hüdeybiyə sularına enmişlər. Onlar hətta gənc köşəkləri də analari ilə birlikdə özləri ilə götürmüşlər. Onlar səninlə döyüşməyə hazırlaşırlar və səni Məkkəyə buraxmaq istəmirlər”.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) dedi: “Biz döyüşməyə gəlməmişik, gəlmişik ki, ziyarət edək. Qureyşlilər onsuz da müharibə ilə əldən salınıblar və o onlara çoxsaylı dərd-qəm gətirmişdir. Əgər onlar istəyirlərsə, onda mən onlarla müvəqqəti sülh müqaviləsi bağlaya bilərəm və onda onlar məni rahat buraxarlar. Onlar istəsələr, başqalarının etdiyi kimi, islamı qəbul edə bilərlər. Yox, əgər onlar hökmən bizimlə döyüşmək istəyirlərsə, onda onlar artıq bütün qüvvələrini toplayıblar. Canım Əlində olana and içirəm! Biz onlarla öz işimiz uğrunda bir nəfər kimi məhv olanadək və ya Allah başlatdığı işi bitirənədək vuruşacağıq». Budeyl onu (s.ə.s.) dinlədikdən sonra dedi: “Mən sənin sözlərini onlara çatdıraram”.
O qureyşlilərin yanına gedib dedi: “Mən o adamın yanında oldum və onun dediyini eşitdim. Əgər istəyirsinizsə, onun sözlərini sizə çatdıra bilərəm”. Axmaq cahillər qışqırmağa başladılar: “Bizə lazım deyil ki, sən bizə onun haqqında danışasam”. Lakin müdrik ağsaqqallar dedilər: “Danış, eşitdiklərini”. Budeyl danışıb qurtardıqdan sonra, Sakif qəbiləsindən olan Urva b. Məsud dedi: “O sizə ağıllı təklif etmişdir. Onu qəbul edin və mənə Muhəmmədin yanına getməyə imkan verin”. Onlar dedilər: “Get onun yanına”.
Urva Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəldi və onunla (s.ə.s.) danışıqlara başladı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona Budeylə dediklərinin eynini söylədi. Onda Urva belə dedi: “Ey Muhəmməd! Ola bilsin ki, sən öz xalqını məhv edə bilərsən. Lakin sən eşitmisənmi ki, sənə qədər ərəblərdən kimsə öz yaxınlarını məhv etsin? Amma ola da bilər ki, hər şey əksinə çevrilsin və mənə elə gəlir ki, belə olduqda, sənin adamlarının lap çoxu qaçarlar və səni tərk edərlər”. Bu zaman Əbu Bəkr müdaxilə edib dedi: “Lata yalvar! Bizmi qaçacağıq və onu tərk edəcəyik?!” Urva soruşdu: “Bunu kim dedi?” Əbu Bəkr adını dedi. Onda Urva belə cavab verdi: “Canım Əlində olana and içirəm! Əgər sənin mənə etdiyin yaxşılıq və mənim sənə onun əvəzini hələ qaytara bilməməyim olmasaydı, mən sənə cavab verərdim”.
O, Peyğəmbərlə (s.ə.s.) söhbətini davam edərək vaxtaşırı onun (s.ə.s.) saqqalından tuturdu. Peyğəmbərlə (s.ə.s.) yanaşı qılıncı qınında olan əl-Muğirə b. Şubə başında dəbilqə ilə dayanmışdı. Urva növbəti dəfə əlini Peyğəmbərin (s.ə.s.) saqqalına aparanda, əl-Muğirə qılıncının qınının ucu ilə onun əlinə vurdu və dedi: “Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) saqqalından əlini çək!” Urva başını qaldırıb soruşdu: “Sən kimsən?” O dedi: “Əl-Muğirə b. Şubə». Urva dedi: “Aramızda ən xəyanətkar çıxan sən deyildinmi?”
İş orasındadır ki, islamı qəbul etməmişdən əvvəl, əl-Muğirə yolda bütün yol yoldaşlarını öldürərək, onların malını götürüb Peyğəmbərin (s.ə.s.) yanına gəlmişdi. O (s.ə.s.), ona demişdi: “Mən sənin islama gəlməyini qəbul edirəm, lakin sənin varidatından heç nə götürmürəm».
Sonra Urva Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) səhabələrini müşahidə etməyə başladı və gördü ki, o (s.ə.s.), tüpürmək istəyən kimi, müsəlmanlardan biri əlini uzadırdı və sonra həmin tüpürçəyi üzünə, bədəninə sürtürdü. O (s.ə.s.), bir tapşırıq verəndə, səhabələr o saat onu yerinə yetirirdilər. O (s.ə.s.), dəstəmaz alanda isə, onlar o dəstəmaz suyunu əldə etməkdən ötrü, az qala onu bir-birinin əlindən almaq istəyirdilər. O (s.ə.s.) danışmağa başlayan kimi, onlar səslərini kəsirdilər. Peyğəmbərə (s.ə.s.) bəslədikləri dərin ehtirama görə onlar hətta onun (s.ə.s.) üzünə birbaşa baxmağa cəzarət etmirdilər.
Urva qureyşlilərin yanına qayıdıb dedi: “Ey mənim qəbilədaşlarım! Allaha and olsun ki, mən çoxlu çarların yanında olmuşam. Mən Xosrovun, Sezarın və Nequsun yanında olmuşam. Lakin – Allaha and içirəm! – mən görməmişəm ki, o çarların ətrafındakılar onlara, səhabələrinin Muhəmmədə bəslədikləri qədər ehtiram bəsləsinlər. Allaha and olsun ki, o (s.ə.s) tüpürən kimi, onlardan biri əlini uzadıb tüpürcəyini üzünə, üstünə sürtür. O (s.ə.s), sərəncam verən ki, onlar o saat onu icra edirlər. O (s.ə.s) yuyunanda, onlar yuyunduğu suyun qalığını əldə etməkdən ötrü az qala dalaşırlar. O (s.ə.s) danışanda isə, onlar dinməz dayanır və hətta ona birbaşa baxmağa belə cəsarət etmirlər. O (s.ə.s), bizə ağıllı bir təklif etdi. Onu qəbul edin».
Kinan nəslindən olan bir nəfər dedi: “Mənə icazə verin Muhəmmədin yanına gedim”. Ona imkan verdilər və o, Peyğəmbərə (s.ə.s.) yaxınlaşdıqda, o (s.ə.s.) dedi: “Bu – filankəsdir. Onun xalqı qurbanlıq heyvanlarına ehtiram bəsləyir. Onu onların yanına aparın”. Müsəlmanlar onu zəvvarların çığırışı ilə qarşıladılar və qurbanlıq heyvanları ona göstərdilər. Belə olduqda o dedi: “Allah Pakdır! Bu insanlara ziyarət etməyə maneəçilik edilməməlidir».
Sonra o, məkkəlilərin yanına qayıtdı və dedi: “Mən gördüm ki, qurbanlıq heyvanlar qırxılmış və boyunlarına boyunbağılar taxılmışdır. Mən hesab edirəm ki, biz onların ziyarət etmələrinə mane olmamalıyıq».
Bu vaxt Mikraz b. Hafs ayağa qalxıb dedi: “Mənə də icazə verin onun yanına gedim». Onu gördükdə, Peyğəmbər (s.ə.s.) dedi: “Bu – Mikraz b. Hafzdır. O, günahkar bir adamdır”. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onunla söhbət etdiyi arada, Suheyl b. Amr müsəlmanların yanına gəldi. Bu vaxt Peyğəmbər (s.ə.s.) dedi: “Allah sizin taleyinizi asanlaşdırdı”. Suheyl ona (s.ə.s.) qureyşlilərlə müqavilə bağlamağı təklif etdi və o (s.ə.s.) katibini çağırıb, ona əmr etdi: “Yaz: “Bismillahir-rahmanir-Rahim». Suheyl etiraz etdi: “Allaha and olsun ki, biz heç bir rahmanı tanımırıq. Yaxşı olar ki, “Allahın adı ilə” yazsın”.
Müsəlmanlar buna səs-küy saldılar: “Allaha and olsun ki, biz müqaviləni yalnız “Mərhəmətli və Rəhimli Allahın adı ilə” başlayacağıq». Lakin Peyğəmbər (s.ə.s.) dedi: “Yaz: “Allahın adı ilə!”
Sonra o (s.ə.s.) dedi: “Ardını yaz: “Aşağıda ifadə edilən gəlmişlər Allahın Elçisi Muhəmməd...”. Bu zaman Suheyl yenə sözə qarışdı və dedi: “Allaha and içirəm ki, əgər biz sənin doğrudan da Allahın Elçisi olduğuna əmin olsaydıq, onda sənə həcc ziyarətini icra etməyə mane olmazdıq və səninlə döyüşməzdik. Yaxşı olar ki: “Muhəmməd b. Abdullah” yazasan. Peyğəmbər (s.ə.s.) dedi: “Mən onsuz da, hətta siz mənə inanmasanız da, Allahın Elçisi olaraq qalıram. Yaz: “Muhəmməd b. Abdullah». Sonra Peyğəmbər (s.ə.s.) tələb etdi ki, qureyşlilər Kəbəyə gedən yolu azad etsinlər və müsəlmanlara onun ətrafında təvaf etməyə imkan versinlər. Lakin Suheyl dedi: “Allaha and içirəm ki, ərəblər bizim sizə təzyiq altında güzəştə getdiyimizi deməyəcəklər. Sən ziyarəti gələn il edəcəksən”. Peyğəmbər (s.ə.s.) buna da razılaşdı.
Suheyl də öz tərəfindən tələb etdi ki, Peyğəmbər (s.ə.s.) Mədinəyə qaçan hər hansı məkkəlini, hətta o müsəlman olsa da, qureyşlilərə qaytarmalıdır. Müsəlmanlar dedilər: “Sübhənallah! Biz müsəlman olmuş şəxsi necə müşriklərə qaytara bilərik?”
Bu zaman Məkkənin aşağı tərəfindən müsəlmanların düşərgəsinə qandallanmış bir nəfər – Suheylin oğlu – Əbu Cəndal gəlib çıxdı. O, müsəlmanlara tərəf atıldı, lakin bu zaman Suheyl dedi: “Muhəmməd! Budur, sənin bizə qaytaracaqlarının birincisi”. Peyğəmbər (s.ə.s.) dedi: “Biz hələ sazişi imzalamamışıq. Suheyl isə belə cavab verdi: “Onda mən səninlə heç vəchlə saziş bağlamaram”. Peyğəmbər (s.ə.s.) dedi: “Mənim xatirimə ona qalmağa icazə ver». O dedi: “İcazə vermərəm». Peyğəmbər (s.ə.s.) dedi: “Gəl bunu et”. Lakin Suheyl sözündən dönmədi və dedi: “Mən bunu etmərəm».
Bu vaxt Əbu Cəndal qışqırdı: “Ey müsəlmanlar! Doğrudanmı mən müsəlman olduqdan və sizin yanınıza gəldikdən sonra, məni qaytaracaqsınız? Məgər siz görmürsünüz ki, onlar mənimlə necə rəftar ediblər?!” Cəndal doğrudan da Allahın yolunda çox əzab-əziyyətə tab gətirmişdi və bu müsəlmanları narahat edirdi.
Sonradan Ömər b. əl-Xəttab deyərdi: “Allaha and içirəm ki, mən islamı qəbul etdiyim gündən bəri, şübhələr mənə heç vaxt həmin gündəki kimi əzab verməmişdi. Mən Peyğəmbərin (s.ə.s.) yanına gəlib dedim: “Ey Allahın Elçisi! Məgər sən peyğəmbər deyilsən?” O cavab verdi: “Əlbəttə, peyğəmbərəm”. Mən dedim: “Biz haqlıyıq, düşmənlərimiz isə yoldan azmışlar?” O cavab verdi: “Əlbəttə”. Mən dedim: “Onda nə üçün biz öz dinizmizi alçaldırıq və evə qayıdırıq. Niyə Allah bizim və düşmənlərimizin arasında hökm vermir?” Peyğəmbər (s.ə.s.) dedi: “Mən – Allahın Elçisiyəm. O (Pak və Müqəddəs), hər işdə mənə kömək edir və mən Ona itaətsizlik göstərə bilmərəm.” Onda mən soruşdum: “Məgər sən bizə deməmişdin ki, biz məscidə girəcək və Kəbənin ətrafını təvaf edəcəyik?” Peyğəmbər (s.ə.s.) dedi: “Bəli, demişdim. Lakin mən sənə demişdimmi ki, bunu bu il edəcəksən?” “Yox”, deyə cavab verdim. O (s.ə.s.) isə əlavə etdi: “Sən mütləq ona daxil olacaqsan və təvaf edəcəksən”. Sonra mən Əbu Bəkrə yanaşdım və ona da Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) dediyimi söylədim. O (Allah ondan razı olsun!) da mənə eyni şeyi dedi və əlavə etdi: “Ondan bərk yapış. Allaha and içirəm ki, o – haqlıdır». O vaxtdan mən hər şeyi edirəm ki, günahlarımı yuyum.
Müqavilə imzalandıqda, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) dedi: “Qalxın və heyvanları kəsin, sonra da başınızı qırxdırın”. O (s.ə.s.) bunu üç dəfə təkrar etdi, amma səhabələrdən heç biri yerindən qalxmadı.
Belə olduqda, o (s.ə.s.) Umm Sələmənin çadırına girdi və vəziyyəti ona danışdı. Möminlərin anası dedi: “Ey Allahın Elçisi, bu sənin xoşuna gəlirmi? Get, dəvəni kəsənədək heç kimi dindirmə, sonra dəlləyini çağır ki, başını qırxsın». Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) çadırdan çıxdı və heç kimlə danışmayaraq, dəvəsini kəsdi və dəlləyi başını qırxdı. Bunları görüb, səhabələr heyvanlarını kəsməyə getdilər və bir-birilərinin başlarını qırxdılar. Ağır qəm-qüssədən onlar bir-birilərinin başını qırxarkən, tükləri təraş etməklə yanaşı bilmədən başlarının dərisini də zədələyirdilər.
Sonra müsəlmanların düşərgəsinə bir-neçə mömin qadın gəldi və Fövqəlqüdrətli, Böyük Allah: “Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikdə, onları sınaqdan keçirin. Allah onların imanından xəbərdardır. Əgər siz bilsəniz ki, onlar iman gətirənlərdir, onda onları kafirlərə qaytarmayın, çünki onlar bunlara, bunlar da onlara halal deyildir. Onlara[5] yalnız xərclədiklərini geri qaytarın. Siz, mehrlərini qaytardıqdan sonra, onlarla evlənsəniz, sizə günah olmaz. Kafir qadınları nikahınızda saxlamayın. Sərf etdiyinizi istəyin[6]. Onlar da sərf etdiklərini istəsinlər[7]...” (Mümtəinə, 60/10). Ömər elə həmin gün özünün müşriklikdən əl çəkməmiş iki arvadını boşadı və bundan sonra Mədinəyə qayıtdı. Onlardan birinə - Müaviyə, digərinə isə Səfvan b. Umeyyə evləndilər.
Geri qayıdanda Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) vəhy nazil edildi: Həqiqətən, Biz sənə aydın qələbə əta etdik”. Ömər ondan (s.ə.s.) soruşdu: “Ey Allahın Elçisi, deməli, bu, qələbədir?” O (s.ə.s.) dedi: “Bəli!” Elə ondaca növbəti ayələr nazil edildi: “O – möminlərin ürəyinə rahatlıq Naziledəndir...”.