At-Taghabun · 64:16
فَٱتَّقُوا۟ ٱللَّهَ مَا ٱسْتَطَعْتُمْ وَٱسْمَعُوا۟ وَأَطِيعُوا۟ وَأَنفِقُوا۟ خَيْرًۭا لِّأَنفُسِكُمْ ۗ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
Nə qədər bacarırsınızsa Allahdan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malınızdan öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır.
Tafsir · əs-Səədi · Verse 16
Fövqəluca buyurur ki, Ondan qorxsunlar, Allah qorxusunun mahiyyəti insanın Onun əmrlərini yerinə yetirməsindən və Onun qadağan etdiklərindən çəkinməsindən ibarətdir. Bu ayədə Rəbb qullarının təqvalılığını[5] onların imkanları və bacarıqları ilə bağlayır. Buradan aydın olur ki, əgər bir insan Allahın hökmünü yerinə yetirməyə qabil deyilsə, onda bu vəzifə ondan götürülür və əgər o, hökmün bir hissəsini icra edə bilərsə, digər hissəsini isə etməyi bacarmazsa, onda o, yalnız gücü çatanı yerinə yetirməlidir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Əgər mən sizə bir şeyi yerinə yetirməyi əmr edirəmsə, gücünüz nə qədər çatırsa, yerinə yetirin”. Bu dini nəzəriyyə özündə saysız-hesabsız şəriət hökümlərini ehtiva edir.
Ey insanlar!
Allahın moizələrini dinləyin və Ona itaət edin, Onun şəriətini öyrənin və yerinə yetirin. Bütün işlərinizdə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) tabe olun və öz xatirinizə xərcləyin, yəni, fərz və könüllü sədəqələr verin və bu xeyirxahlıqlar həm bu, həm də gələcək aləmdə sizin özünüzə fayda verəcəkdir. Yadda saxlayın ki, yalnız Allahın əmrlərinə itaət etmək, Onun nəsihətlərinə diqqət yetirmək və nazil etdiyi qanun önündə müti olmaq sizə fayda gətirər və buna zidd olan hər şey sizin üçün şərə çevrilər.
Lakin bir qüsur var ki, o, bir çox insanlara sədəqə paylamaqda və ianə verməkdə maneçilik törədir və bu qüsurun adı – acgözlükdür. O, insanın qəlbinin fitrətindədir və buna görə o, var-dövlətə həris olur. Acgöz adam həmişə istəyir ki, varı həmişə çox olsun və o, varidatdan ayrılmağa hər şeydən çox nifrət edir.
Xəsislik etməyərək, əmlakını öz faydası üçün xeyirxah məqsədlərə sərf edənlər isə mütləq uğur qazanacaqlar, çünki onların ən müqəddəs arzuları çin olacaq və onlar dəhşətli cəzadan xilas ola biləcəklər.
Ehtimal edilir ki, bu ayədə təkcə sədəqə verməyə xəsislik etməyənlərdən deyil, həm də Allahın bütün digər hökümlərini yerinə yetirənlərdən bəhs edilir. Axı əgər insan xəsisdirsə, Allaha itaət etmir və öz əmlakından Allahın ona buyurduğunu ödərmirsə, onda o, mütləq həm bu dünyada, həm də Axirətdə zərərə düşəcək. Əgər o səxavətlidirsə, alicənabdırsa, Allahın şəriətinə itaət edirsə və Onun mərhəmətinə nail olmağa can atırsa, onda o, Rəbbin bir şeyi sevdiyini bildikdə, o saat onu yerinə yetirir. Belə davranan insan mütləq uğur qazanar və ən böyük nemət əldə edər.