Al-Hujurat · 49:12
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱجْتَنِبُوا۟ كَثِيرًۭا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعْضَ ٱلظَّنِّ إِثْمٌۭ ۖ وَلَا تَجَسَّسُوا۟ وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًۭا فَكَرِهْتُمُوهُ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ تَوَّابٌۭ رَّحِيمٌۭ
Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
Толкование · əs-Səədi · Аят 12
Fövqəlqüdrətli və Böyük Allah müsəlmanlara öz mömin qardaşları haqqında pis fikirləşməyi qadağan etmişdir, çünki əksər hallarda bu onları günah işlətməyə yönəldir. Hər hansı bir insan haqqında əsası olmayan şübhələr və yaramaz fikirlər bilavasitə günah sözlərlə və əməllərlə bağlı olur. Bu fikirlər insanın qəlbinə nüfuz edir və o, sonradan peşman olacağı sözü və ya işi demədikcə və yaxud etmədikcə, onu rahat buraxmır.
Bu ayə müsəlmanlar haqqında nəinki pis firkirləşməyi, hətta onlara düşmənçilik və ədavət bəsləməyi də qadağan edir.
Ey möminlər! Müsəlmanların nöqsanlarını öyrənməyə cəhd göstərməyin və onları bəyan etməyin. Qardaşlarınızın səhvlərini vurğulamağa səy göstərməyin ki, sizin əməlləriniz də öz ardınca arzuolunmaz nəticələr gətirməsin. Qardaşlarınız haqqında onların xoşlamadıqları söz, bu, hətta həqiqət olsa da, danışmayın. Müsəlmanların ardınca qeybət danışmağı Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) məhz belə şərh etmişdi.
Fövqəluca Allah qullarını bu günahdan çəkindirmək üçün, öz qardaşının ardınca qeybət edən insanı, qardaşının ətini yeyənə bənzədərək, belə hərəkətin nə dərəcədə murdar olduğunu xüsusilə qeyd edir. Əlbəttə ki, siz heç vaxt öz qardaşınızın ətini yeməzsiniz, xüsusilə, əgər onun canı çıxmış və ölmüşdürsə. Buna görə onun ardınca haqqında pis danışmayın və o sağ olduqca, ətini yeməyin.
Allahdan qorxun ki, Onun gözəl adları arasında – Tövbəqəbuledən və Rəhimli adları vardır. O (Pak və Müqəddəs), qullarına tövbə etmək imkanı verir, bunda onlara kömək edir, sonra da onları bağışlayır və onların tövbəsini qəbul edir.
Bu ayə müsəlmanları müsəlmanların ardınca qeybət etməkdən çəkindirir. Bu günah ən böyük günahlardan biridir və Fövqəluca buna görə onu başqa bir böyük günaha – ölü ətini qida kimi istifadə etməyə bənzədir.