Al-Maarij · 70:4
تَعْرُجُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍۢ
Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
Толкование · əs-Səədi · Аят 4
Bu – bütün xeyirxah və günahkar ruhlara aiddir. Öldükdən sonra möminin ruhu Allahın dərgahına qaldırılır və göylər onun qarşısında o, nəhayət, yeddinci göyə çatanadək, bir-birinin ardınca açılır. Fövqəlqüdrətli və Böyük Allah yeddinci göyün fövqündə hökm sürür. Göylərin sakinləri ruhu salamlayır, ondan ötrü dua edirlər və o, öz Xaliqinin yaxınlığına misilsiz dərəcədə sevinir və buna görə şadyanalıq edir. Bununla da ona layiq olduğu ehtiram göstərilir və bol-bol təriflər deyilir. Günahkarın ruhu da göylərə qaldırılır, lakin ona hətta birinci göyə daxil olmağa belə icazə verilmir və onu yerə qaytarırlar.
Fövqəluca bildirir ki, mələklər və ruh Allahın yanına qalxırlar və nəhəng bir məsafəni, Allahın onlara bu yolu asanlaşdırması, onları yüksək sürətə malik zərif və yüngül məxluqlar etməsi sayəsində bir gün ərzində qət edirlər. Adi qaydada hərəkət etsəydilər, onlar qalxdıqları yerin başlanğıcından onun sonunadək, yəni, ali aləmin qurtardığı yerədək olan məsafəni əlli min ilə qət edərdilər. Belədir Allahın Böyük Səltənəti! Bu – ali və yer aləmlərindən ibarət olan əhatəolunmaz Kainatdır[1]. Onları yaradıb, idarə edən[2] Vahid Hökmdar – Fövqəluca Allahdır!
Ona, onların qəlbində baş verənlərin və onların əllərinin törətdiklərinin hamısı, onları yer aləmində və Axirət həyatında nələrin gözlədiyi məlumdur. O (Pak və Müqəddəs), qullarına mərhəmətli və xeyirxahlıq edəndir. Onun mərhəməti bütün varlıqları əhatə edir və hər şey Onun qanunlarına: Kainat qanunlarına, şəriət qanunlarına və ədalətli əvəz qanunlarına tabedir.
Vay o kəslərin halına ki, Onun əzəmətini dərk etməmişlər və Onu layiqincə dəyərləndirməmişlər, Allahın fövqəlqüdrətini sınamağa və ya Onun gücsüzlüyünə əmin olmağa cəhd göstərərək, Ondan cəzasını tezləşdirməyi istəmişlər!
Həmd olsun Allaha, həlim və Rəhimli Rəbbə ki, Öz Qisas (Əvəz) gününü müəyyən müddətədək ləngitsə də, qullarını unutmamışdır. Onlar Onu incik salmağa çalışırlar, O (Pak və Müqəddəs), isə, onların zalımlığına səbirli yanaşır və onlara hətta xoşbəxtlik və ruzi bəxş edir.
Bu mübarək ayənin təfsirlərinin biri belədir. Buradan aydın olur ki, ayədə mələklərin və ruhların bu dünyada göyə qalxmasından bəhs edilir. Bunu əvvəlki ayələrin mətnləri də təsdiq edir.
Bir başqa şərhə görə, bu, Fövqəluca Allah Öz fövqəlqüdrətini və əzəmətini qullarına tam mənada nümayiş etdirəcəyi Qiyamət günü baş verəcəkdir. Onlar görəcəklər ki, mələklər və ruhlar Allahın yanına necə qalxır və Allahın iradəsini icra edərək və Onun göstərişlərini həyata keçirərək, necə Onun dərgahından aşağı enirlər.
Əlli min ilin xatırlanmasına gəldikdə isə, bu onu göstərir ki, Qiyamət günü ağrı-acılı və uzun müddətli olacaqdır və Fövqəluca Allah yalnız möminlər üçün bu gözləməni asanlaşdıracaqdır.