Muhammad · 47:19
فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ۗ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَىٰكُمْ
Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir.
Təfsir · əs-Səədi · Ayə 19
İstənilən bilik bu və ya digər bir şeyin mahiyyəti haqqında nəinki aydın təsəvvür olmasını, həm də onun bütün tələblərinin həyata keçirilməsini nəzərdə tutur və yalnız belə olduqda biliyi kamil hesab etmək olar. Bu ayədə Allah, Ondan başqa bir ilahın olmadığını hər bir insanın hökmən bilməsini buyurmuşdir. Heç kəs, kim olmasından asılı olmayaraq, bundan xəbərsiz olmaq haqqına malik deyildir. Bundan başqa, bizim hər birimiz bu ən mühüm məsələni bilməyə olduqca möhtacıq. Allahdan başqa bir ilahın olmadığına necə əmin olmaq olar? Bunun sübutları çoxdur.
Birincisi, Allahın adları, Onun gözəl sifətləri və həmdəlayiq əməlləri üzərində düşünmək kifayətdir ki, onların Allahın kamilliyi, əzəməti və fövqəlqüdrətinə dəlalət etdiyini başa düşsün. Bütün bunlar insanın Şanlı, Həmdəlayiq, Böyük və Gözəl Rəbbi ilahlaşdırmasını və yalnız Ona bütün varlığı ilə ibadət etməsini zəruriləşdirir.
İkincisi, Fövqəluca Allah Kainatda Vahid Xaliq və Hökmdardır və, deməli, yalnız O (Pak və Müqəddəs), məxluqların ibadətinə layiqdir.
Üçüncüsü, bu dünyada insanı əhatə edən gözlə görülən və görülməyən bütün nemətlər ona Allah tərəfindən əta edilmişdir ki, bu da bizi bütün varlığımızla öz Xeyirxahımızı sevməyi və yalnız tək Onu, özümüzə digər “ilahlar” uydurmadan, ilahlaşdırmağı labüdləşdirir.
Dördüncüsü, təkcə Allaha ibadət edən möminlər hələ bu dünyadaikən Rəbbin mərhəmətinə və Onun köməyinə nail edilirlər, amma müşriklər və kafirlər Allahın cəzasına giriftar olurlar. Bunun çoxsaylı dəlilləri birmənalı şəkildə təsdiq edir ki, yalnız Fövqəluca Allah ibadətə layiqdir.
Beşincisi, müşriklərin Allaha bərabər tutduqları və Onunla yanaşı ibadət etdikləri bütlər və digər məxluqlar çoxsaylı nöqsanlara malikdirlər. Onların hamısı zəif və gücsüzdürlər, nəinki başqalarına, heç özlərinə belə nə fayda vermək, nə də zərər vurmaq qabiliyyətinə malik deyillər. Onlar nə həyata, nə ölümə, nə də dirilməyə sərəncam çəkə bilmirlər və onlara ibadət edən, onların qarşısında özlərini alçaldan müşrikləri müdafiə edə bilmirlər. Onlar müşriklərə hətta zərrə ağırlığında bir fayda verməyə qadir deyillər. Bütün bunlar onu göstərir ki, yalnız Allah Öz qullarının ibadətinə layiqdir, insanların özlərinin özləri üçün uydurduqları “ilahlar” isə faydasız və acizdirlər.
Altıncısı, bütün Mübarək Kitablar, bir-birindən asılı olmayaraq, Allahın birliyini bəyan edirlər.
Yeddincisi, bütün peyğəmbərlər, elçilər (onlara salam olsun!) və mömin ilahiyyatçılar (bunlar ən yaxşı, ən alicənab, ən sağlam düşüncəli və ən müdrik insanlardır) Allahdan başqa bir ilahin olmadığına şahidlik edirlər.
Səkkizincisi, Allahın Kainatda və insanların özlərində göstərdiyi çoxsaylı möcüzələri Xaliqin vəhdətinin ən böyük dəlillərindəndir, onların xəlq edilməsinin hikməti, zərifliyi və gözəlliyi Öz qullarının ibadətinə yalnız Onun layiq olmasını təsdiq edir.
Allah bu və digər dəlillərini Kitabında insanlara dəfələrlə xatırladır və onları Ondan başqa heç kimin ibadətə layiq olmadığına iman gətirməyə dəvət edir. İnsanın bu sübutlardan heç olmazsa biri üzərində düşünməsi kifayət edər ki, haqq ona aydın olsun və o, bu barədə hər hansı şübhələrdən xilas olsun. Tövhidin dəlilləri çoxsaylıdır. Onlar bir birini gücləndirir və ən müxtəlif yollarla sübut edirlər ki, Rəbbimiz Allah Vahiddir. Bu dəlillərin sayəsində Allahın qullarının imanı və bilikləri qüdrətli dağlar kimi möhkəmləndiyindən onları heç bir şəkk-şübhə və kafirlərin böhtanları sarsıda bilməz. Allahın düşmənləri onların ürəyinə şübhə salmağa və onların imanını zəiflətməyə nə qədər çox cəhd göstərsələr də, onların imanı və bilikləri bir o qədər güclü və daha mükəmməl olur.
Tövhidin daha bir ən böyük dəlili mövcuddur. Bu – Mübarək Qurandır. Biz bu Kitab üzərində yalnız fikirləşsək və onun ayələri üzərində düşünsək, qarşımızda tövhidin dərkinə aparan böyük bir qapı açılacaqdır. Başqa üsulla deyil, məhz bu yolla bizim hər birimiz tövhidin əsas və xüsusi məsələləri haqqında daha çox şey öyrənə bilər.
Daha sonra Fövqəluca Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, günahlarında tövbə etsin, Ona bağışlanması üçün dua etsin, günahları yuyan yaxşı işlər görsün, cinayətlər törətməsin və başqalarının səhvlərini bağışlasın. O (Pak və Müqəddəs), ona (s.ə.s.) əmr edir ki, mömin kişilərin və mömin qadınların günahlarının bağışlanmasını Ondan xahiş etsin, çünki onların ürəklərindəki iman, onun (s.ə.s.) Allahdan onlar üçün bağışlanma haqqında dua etməsini tələb edirdi.
Bundan başqa, hər bir müsəlman Ondan öz qardaşları və bacıları üçün bağışlanma diləməlidir. Möminlər üçün bağışlanma diləmək onların günahlardan və cəzadan xilas olmasına qayğı göstərilməsini nəzərdə tutur. Bu isə bütün müsəlmanları bir birinə xeyirli məsləhətlər verməyi, özünə arzu etdiyini başqaları üçün də istəməyi, bir birini xeyirxahlığa çağırmağı və şərdən çəkindirməyi və həmçinin başqalarının səhv və nöqsanlarını bağışlamağı vacib edir. Bundan başqa bu, müsəlmanları var qüvvələri ilə birliyə və qarşılıqlı anlaşmaya can atmağa, ardıyca düşmənçilik və nifaq gətirən və insanların günahını artıran qarşılıqlı ədavətə son verməyə çalışmağı vacibləşdirir.
Allah bilir ki, siz nə ilə məşğulsunuz və vaxtınızı necə keçirirsiniz, hara gedirsiniz və harada istirahət edirsiniz. O (Pak və Müqəddəs), etdiyiniz hər şeydən: oyaq olmanızdan və ya yatmağınızdan xəbərdardır və buna görə əməllərinizdən ötrü əvəz ən mükəmməl və ədalətli olacaqdır.