Al-Hadid · 57:20
ٱعْلَمُوٓا۟ أَنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌۭ وَلَهْوٌۭ وَزِينَةٌۭ وَتَفَاخُرٌۢ بَيْنَكُمْ وَتَكَاثُرٌۭ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَٰدِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ ٱلْكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّۭا ثُمَّ يَكُونُ حُطَٰمًۭا ۖ وَفِى ٱلْءَاخِرَةِ عَذَابٌۭ شَدِيدٌۭ وَمَغْفِرَةٌۭ مِّنَ ٱللَّهِ وَرِضْوَٰنٌۭ ۚ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَٰعُ ٱلْغُرُورِ
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
Təfsir · əs-Səədi · Ayə 20
Fövqəluca dünya və insan həyatının əsil mahiyyətindən xəbər verərək, Adəmin nəsillərinin bu həyatdan nə istədiklərini izah edir.
Yer nemətləri insan qəlbi və vücudu üçün oyun və əyləncədir. Əgər özlərini dünyəvi zövq və ləzzətlərin ardınca qaçmağa həsr edən insanları müşahidə etsək, buna asanlıqla əmin ola bilərik. Onlar öz həyatını sözbazlıqla və boş əyləncələrlə keçirir, Allah haqqında və onlardan tələb olunacaq hesabatın onları gözlədiyi haqqında düşünmürlər. Onlardan bəziləri hətta dini oyun və əyləncə hesab edirlər.
Onlar, Axirət həyatı üçün çalışan, ürəkləri Allahı xatırlamaqla yaşayan, ürəkləri Onu daha yaxşı dərk etmək arzusu ilə çırpınan və Ona məhəbbətlə dolu olan möminlərə qətiyyən oxşamırlar. Möminlər özlərini Allaha yaxınlaşdıran, özlərinə və ətrafındakılara nemət vəd edən işlərə həsr edirlər.
Fövqəluca dünyəvi həyatı bəzək adlandırır, çünki insanlar zəngin libaslar, əla yeməklər, məstedici içkilər, dəbdəbəli nəqliyyat vasitələri, nəhəng imarətlər və saraylar, cəmiyyətdə yüksək mövqe və bir çox başqa şeylər arzusu ilə yaşayırlar.
Rəbb onu həmçinin insanlar arasında təriflənmə kimi adlandırır, çünki hər bir insan öz nailiyyətləri ilə ətrafındakıların qarşısında fəxr etməyə meyillidir və hər bir insan istəyir ki, uğur onun bütün dünyəvi işlərində onunla bərabər olsun və həmişə şan-şöhrət onu əhatə etsin.
O (Pak və Müqəddəs), həm də onu, daha çox mal və övlada nail olmaq məqsədi ilə yarış adlandırır, çünki insanlar özlərinin başqalarından daha çox malı və övladı olmasından zövq alır və bundan məmnun olurlar. Bu, dünya həyatına vurulmuş və özünün ən böyük ümidlərini onunla bağlamış insanlar üçün uğurun meyarıdır.
Belələri, dünya həyatının əsil mahiyyətini dərk etmiş və yer aləminin daimi sığınacaq deyil, sadəcə, müvəqqəti bir məkan olduğunu başa düşmüş insanlara qətiyyən oxşamırlar. Sonuncular var qüvvələri ilə çalışırlar ki, Allaha yaxınlaşsınlar və əllərindən gələn hər şeyi edirlər ki, Cənnətə düşsünlər. Görəndə ki, başqaları onları var-dövləti və uşaqlarının sayı ilə ötüb keçməyə cəhd göstərirlər, onlar öz növbəsində, həmin kəsləri öz xeyirxah işləri ilə ötüb keçməyə çalışırlar.
Sonra Fövqəluca hikmətli bir məsəl çəkir və dünya həyatını leysan yağışla müqayisə edir ki, ondan sonra yer üzündə müxtəlif bitkilər çiçəklənir və onlar insanlar üçün qida və heyvanlar üçün yemdir. Bol məhsul, dünya nemətlərindən başqa heç nəyin qayğısını çəkməyən kafirləri sevindirir, lakin Fövqəluca Allah hamıya fəlakət nazil edir və o, məhsulu qurudub məhv edir və yer üzü özünün əvvəlki görünüşünü alır, sanki o, heç vaxt özünün valehedici gözəlliyi ilə parlamamış və onun üzərində heç vaxt otlar çiçəklənməmişmiş.
Eyni şeyi dünya həyatı haqqında da demək olar. İnsan yerdən, onu özünün gözəl maddi nemətləri ilə əhatə edəndə zövq alır. O, bir şey istəyən kimi, onu əldə edir. O, bir işə başlamaq istədikdə, bütün qapılar onun üzünə açılır. Lakin günlərin bir günü Allahın qədəri gerçəkləşir və insan hər şeyini itirir, əvvəlki qüdrətindən məhrum olur, ya da ümumiyyətlə bu dünya ilə vidalaşır. Bax elə bu zaman o başa düşür ki, uzaq bir səfərə boş əllə çıxmışdır və o, özü ilə kəfəndən başqa heç nə götürməmişdir. Kül o kəslərin başına olmasın![4] Axı onlar özlərinin bütün ümidlərini yalnız bu dünyaya bağlamışlar və təkcə bu fani nemətlər xatirinə zəhmət çəkirlər!
İnsan əsil mənfəəti yalnız Axirət həyatı naminə gördüyü işlərdən əldə edə bilər. Belə əməllərin gözəl bəhrələri qorunacaq və Allahın qulları üçün həmişəlik saxlanacaqdır. Bax buna görə Fövqəluca Allah buyurur ki, Axirət həyatında kafirlərə şiddətli cəza, möminlərə isə - bağışlanma və mərhəmət hazırlanmışdır. Həqiqə tən, insanları ölümdən sonra ya cəza, ya da bağışlanma gözləyir, üçüncü gözləniləcək bir şey yoxdur.
Kim gücünü təkcə dünya cah-cəlalını qazanmağa sərf edibsə, Allaha itaətsizlik göstəribsə, Onun ayələrini inkar edibsə və Onun saysız-hesabsız nemətlərinə naşükürlük edibsə, o, şiddətli əzab verən cəzaya məruz qoyulacaq, Cəhənnəm qandallarının və zəncirinin nə olduğunu, Cəhənnəm dəhşətinin necə olduğunu biləcəkdir.
Kim də dünya həyatının əsil mahiyyətini dərk etmişsə və öz Axirət həyatını sahmana salmağa səy göstərmişsə, ona bağışlanma və Cəhənnəmdən – qəddar və rəhimsizcəsinə əzab-əziyyətdən xilas olma nəsib ediləcək. Allah ondan razı qalacaq və onu Öz himayəsi altına alacaqdır.
Bütün bunlar onu göstərir ki, insan maddi nemətlərin qazanılmasına can atmaqda mötədil olmalı və Axirət həyatında səadətə çatmaq arzusu ilə yaşamalıdır, çünki bu dünyadakı həyat – cazibəli və azdırıcı nemətlərdən yalnız müvəqqəti istifadədir. İnsan bu nemətlərdən istifadə edir, onlardan özü və ətrafındakılar üçün fayda əldə edir, onların vasitəsi ilə öz tələbatını ödəyir, lakin o, şeytanın aldadıb azdırdığı düşüncəsiz cahil insanlar kimi, onlara aldanmamalı və onlara ümid bağlamamalıdır.