Al-Mujadilah · 58:4
فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِن قَبْلِ أَن يَتَمَآسَّا ۖ فَمَن لَّمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًۭا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ۚ وَتِلْكَ حُدُودُ ٱللَّهِ ۗ وَلِلْكَٰفِرِينَ عَذَابٌ أَلِيمٌ
Buna imkan tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir.
Təfsir · əs-Səədi · Ayə 4
Əgər kimsə, köləsi olmadığına görə onu azad edə bilməzsə və ya kölə almağa pulu olmazsa, o, iki ay ərzində fasiləsiz olaraq, onlar bir-birilərinə toxunmazdan əvvəl, oruc tutmalıdır. Əgər insan belə bir orucu tutmaq imkanına malik olmazsa, onda o, altımış kasıb yedizdirməlidir.
Quranın bir çox şərhçiləri belə hesab edirdilər ki, hər kasıbı onun ölkəsindəki adət-ənənəyə uyğun olaraq yedizdirmək lazımdır. Bəzi ilahiyyatçılar isə elə hesab edirdilər ki, hər kasıba, ramazan ayının sonunda fitrə sədəqəsi kimi paylanmasına icazə verilən bir mudd[2] buğda və ya digər hər hansı ərzaqdan yarım saa[3] yedirmək kifayətdir.
Biz sizə qanunlarımızı belə izah edirik ki, siz Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirəsəniz, axı yalnız Fövqəlucanın bu və digər qanunlarını yerinə yetirərək, iman gətirmək olar. Müsəlman Rəbbinin qanunlarına riayət etməlidir və imanın mahiyyəti də elə bundan ibarətdir. Bundan başqa, bunun sayəsində iman da güclənir, təkmilləşir və möhkəmlənir.
Allahın qoyduğu sərhədlər belədir və insanlar bu hədləri aşmaq haqqına malik deyillər, çünki onlar hədlərə riayət etməli, israfa və səhlənkarlığa yol verməməlidir. Kafirlərə gəldikdə isə, onlara şiddətli cəza hazırlanmışdır.
Yuxarıda sadalanan ayələrdən aşağıdakı nəticələri çıxarmaq olar:
- Allah qullarına qarşı xeyirxahdır və onların qayğısını çəkir. O (Pak və Müqəddəs), incimiş qadının şikayət və dualarını dinlədi və onu iztirab və çətinliklərdən xilas etdi. Bununla yanaşı O (Pak və Müqəddəs), bu problemin toxuna biləcəyi hər kəsi də həmin iztirablardan qurtardı.
- Zihar yalnız müstəsna olaraq ərin öz qanuni arvadından əl çəkməsini nəzərdə tutur ki, buna aşağıdakı sözlər dəlalət edir: “Sizdən o kəslər ki, öz arvadlarını özlərinə haram edirlər”. Əgər kişi öz köləsi olan qadınla cinsi yaxınlıq etməyəcəyinə söz verərsə, bu zihar sayılmaz. Bu halda kişi yalnız, andını pozanların günahını yuduğu kimi, etdiyi günahını yumalıdır, çünki o, Allahın ona istifadə etməyə icazə verdiyini özünə haram qılmışdır. Eyni şey and içməklə yeməkdən, su içməkdən və s. əl çəkməyə də aiddir.
- Zihar haqqında qadına onunla nikah bağlananadək elan edilmişdirsə, qüvvəyə minmiş hesab edilmir, çünki bu vaxt qadın hələ onun qanuni arvadı deyildi. Eynilə nikah bağlananadək boşanma qanuni olmadığı kimi, kişinin gələcək nişanlısına, onu boşayacağını şərt qoyması da qüvvəyə minə bilməz[4].
Şəriət ziharı qadağan etmişdir, çünki Allah onu qınanılan və yalan söz adlandırmışdır.
Quran vəhyləri hökümləri nəinki ifadə edir, həm də onların hikmətini açıqlayır və buna görə Allah buyurur: “Onların qadınları – onların anaları deyildir».
- Şəriət kişini öz arvadını – anası, bacısı və ya nikah bağlamağa haqqı olmayan digər yaxın qohumu adlandırmasını bəyənmir, çünki buna bənzər münasibət zahirən günahla eynilik təşkil edir.
- Kişi ziharı elan edən kimi deyil, yalnız zihardan əl çəkdikdən sonra günahını yumalıdır. Yuxarıda biz artıq müsəlman ilahiyyatçılarının zihardan əl çəkmənin necə olması barədə iki rəyini nəzərdən keçirmişik.
- Bu günahı yumaq üçün müsəlman bir köləni azad etməlidir. Kölə - yaşlı və ya uşaq, kişi və ya qadın ola bilər, çünki ayə ümumi mahiyyətdədir.
- Əgər ər bir kölə azad etmək imkanına malikdirsə və ya iki ay ərzində fasiləsiz oruc tuta bilərsə, onda o, öz zövcəsi ilə intim əlaqəsini bərpa etməsindən öncə günahını yumalıdır. Əgər ər günahını yuyana qədər kasıbları yedizdirərsə, onda kişinin günahını tam yuyanadək ər-arvada cinsi əlaqəyə girməyə icazə verilir.
- Günahın yuyulmasının ər-arvad münasibətlərinin bərpasınadək həyata keçirilməsinə dair buyuruğun hikməti – bunun arzu edilməsi şəraitində kişini günahını tezliklə yumağa sövq edəcəyidir.
- Günahı yumaq üçün altımış kasıb yedizdirilməlidir. Ehtiyacı olanların yedizdirilməsinin sayı az olduqda, günah yuyulmuş sayılmır, çünki Fövqəluca buyurmuşdur: «... o, altımış kasıbı yedirtməlidir».