Nuh · 71:28
رَّبِّ ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِمَن دَخَلَ بَيْتِىَ مُؤْمِنًۭا وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارًۢا
Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.
Təfsir · əs-Səədi · Ayə 28
Əvvəlcə alicənab peyğəmbər (ə) öz valideynlərini xatırladır ki, insanın onların qarşısındakı vəzifələrinin nə qədər böyük olduğunu xüsusilə vurğulasın. Sonra o (ə) ümumiyyətlə bütün iman gətirənləri yada salır və bundan sonra isə öz lənətini fasiqlərə yönəldir ki, onların nəsibi həlak olmaq, yəni qəm-qüssəyə batmaq, müflis olmaq və ölümdür[4].
[1] Quranda göyün yeddi təbəqədən ibarət yaradıldığı göstərilmişdir. Bu yeddi təbəqə ifadəsi Quranın 7 surəsində (Bəqərə, 2/29; İsra, 17/44; Muminun, 23/86; Fussilət, 41/12; Talaq, 65/12; Mülk, 67/3 və bu surədə 71/15) təkrarlanmışdır. Bu, düşünənlər üçün xatırlatmadır. F.S.
[2] Nuh peyğəmbərin (ə) xalqına təbliğ etməsi və nəsihət verməsi on ayədə (71/10 – 71/20) təsvir edilmişdir. F.S.
[3] Nuh (ə) 950 il ərzində xalqına peyğəmbərlik etmişdi. Quranda bu rəqəm “1000 ildən əlli il az” kimi ifadə edilmişdir. Əsrlər boyu islam alimləri, görkəmli müfəssirlər və digər elm xadimləri bu ifadənin belə yazılışının səbəblərini aydınlaşdırmağa çalışmışlar. Bu ifadəyə bənzər daha bir rəqəm Allahın Kəhf surəsi 18/25-ci ayəsində keçir. Ayədə gənclərin mağarada neçə il qalmasından bəhs edilərkən “300 və 9 il ifadəsi işlədilmişdir. Bütün bu ecazkar rəqəmlər silsiləsinin əsil mahiyyəti Quranın özünümühafizə sisteminin müsəlman alimlər tərəfindən kəşf edilməsi ilə aşkar edilmişdir (1970-80-cı illərdə). Qısaca desək, bu 19 rəqəmli Quran kodu sistemi ilə bağlıdır (Təfsirin IV-V cildlərinə bax!). QURANDA keçən sayların hamısı bir sistem halındadır və hər rəqəmdən istifadə edilməsi məhduddur. Buna görə, Nuh surəsindən öncə Quranda 950 (doqquz yüz əlli) rəqəmi keçdiyi üçün onun bir daha təkrarlanması Quranın şifrələnmiş daxili sistemini pozardı (o cümlədən, Kəhf surəsindəki rəqəmlərdə də). Allah Öz Kitabında bu ilahi tarazlığı saxlamaq və bu misilsiz Kitabın əsrarəngizliyini və riyazi gerçəkliyini insanlara anlatmaq və Quranın, həqiqətən, insan sözü deyil, Fövqəlqüdrətli Allahın Sözü olduğunu bir daha sübut etmək üçün onu belə tərtib etmişdir. F.S.
[4] Qeyd etmək yerinə düşər ki, Quran Allahın insanlara bəxş etdiyi möcüzələr xəzinəsidir və onlar iman sahibi olanların dərk etməsi üçün açıqdır. Lakin bu açıqlıq yalnız Fövqəluca Allahın idarə edib yönəltdiyi açıqlıqdır və yalnız zamanı yetişdikcə, bu möcüzələr haqq tədqiqatçılarının qarşısında, onların fərdi səyi ilə aşkarlanır və insanların Qurana olan inamını daha da artırır. Bu (71/28) ayədə əfv olunmaqdan və cəzalandırılmaqdan bəhs edilir. Quran tədqiqatçıları Allahın mərhəməti sayəsində müəyyən etmişlər ki: “Quranda “əfv” kəlməsi (bağışlanma) özünün bütün törəmələri ilə birlikdə 234 (ikiyüzotuzdörd) dəfə keçmişdir. “Cəza” kəlməsi isə özünün bütün törəmələri ilə birlikdə 117 (yüzonyeddi) dəfə keçmişdir. Möhtərəm oxucu, bu nəyə işarədir? Bu, Fövqəluca, Mərhəmətli və Rəhimli Allahın bağışlamasının cəzalandırmasından iki qat çox olmasını, yəni Onun mərhəmətinin qəzəbinə üstün gəlməsinə açıq-aşkar dəlalət edir. Allah bu Quran möcüzəsini insanlara ona görə bildirir ki, onlar Onun Kitabında göstərdiyi Özünün fövqəladə Bağışlayan sifətini dərindən dərk edə və buna iman gətirə bilsinlər. (Rəqəmlərin statistikası üçün bax: “Quran heç tükənməyən möcüzə” kitabı, səh. 335.). F.S.