Al-Muzzammil · 73:20
۞ إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِن ثُلُثَىِ ٱلَّيْلِ وَنِصْفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٌۭ مِّنَ ٱلَّذِينَ مَعَكَ ۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنَ ٱلْقُرْءَانِ ۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَىٰ ۙ وَءَاخَرُونَ يَضْرِبُونَ فِى ٱلْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ ٱللَّهِ ۙ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ ۖ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًۭا ۚ وَمَا تُقَدِّمُوا۟ لِأَنفُسِكُم مِّنْ خَيْرٍۢ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيْرًۭا وَأَعْظَمَ أَجْرًۭا ۚ وَٱسْتَغْفِرُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۢ
Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!
Təfsir · əs-Səədi · Ayə 20
Bu surənin başlanğıcında Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) gecənin yarısı ərzində, onun üçdə birində və ya üçdə ikisində namaz qılmağı əmr etmişdir. Müsəlmanlar Allaha tabe olmalı və öz Peyğəmbərindən (ona Allahın salavatı və salamı olsun!) nümunə götürməlidirlər. Buna görə bu ayədə Fövqəluca xəbər verir ki, Peyğəmbər və möminlər Onun iradəsinə itaət edirlər. Lakin gecə saatlarında namaz qılınmasının çətinliyi ilə əlaqədar Rəbb onların vəzifəsini yüngülləşdirərək, gündüzün və gecənin qədərini təyin etmişdir. O (Pak və Müqəddəs), bilir ki, gecənin hansı vaxtı keçmiş, hansı hələ qalmışdır. O (Pak və Müqəddəs), həmçinin bilir ki, siz, səhvlərdən qaçınaraq, gecə və gündüzün tamamilə dəqiq saatını müəyyənləşdirə bilməyəcəksiniz və buna görə sizdən böyük diqqət göstərmənizi və əlavə zəhmət sərf etmənizi tələb edir. Bax buna görə də O (Pak və Müqəddəs), sizin vəzifənizi asanlaşdırmış və sizə əmr etmişdir ki, əgər siz Allahın buyurduğu həmin müddətə hətta əlavə artırsanız və ya ondan azaltsanız da, yalnız gücünüz çatanı yerinə yetirəsiniz. Qurandan yalnız əzbər yadda saxladığınızı oxuyun. Özünüzə çətinlik yaratmayın və əlavə gecə namazlarını nə qədər ki, gümrah və fəalsınızsa, onda da qılın. Sizi tənbəllik və mürgü basdıqda, bir qədər istirahət etməlisiniz ki, sonra namaza, artıq istirahət etdikdən və sakitləşdikdən sonra qalxasınız.
Sonra Allah qullarının vəzifəsini asanlaşdırmasının bir neçə səbəbini də sadalayır. Hər şeydən əvvəl, insanların arasında gecənın yarısını, üçdə ikisini və ya hətta üçdə birini namazda ayaq üstə dayanması çətin olan xəstələr vardır. Buna görə onlara öz imkanlarından asılı olaraq, namaz qılmağa icazə verilir. Onlara hətta ayaq üstə namaz qılmaq, əgər bu onlara əziyyət verirsə, hökmən deyil. Bundan başqa, əgər xəstə könüllü namazları qılmağa qadir deyilsə, o, onları qılmaya bilər, lakin Allah ona sağlam olduğu zaman layiq olduğu mükafatı əta edir.
Xəstə insanlardan başqa tacirlər də vardır ki, onlar ticarət məqsədi ilə pul qazanmaqdan və sədəqəyə möhtac olmamaqdan ötrü səfərə çıxırlar. Səyahətdə və ya səfərdə olan insan Allahın onun vəzifələrini asanlaşdırmasına layiqdir və buna görə Rəbb səyyahlara zöhr namazını əsr namazı ilə və məğrib namazını isə işa namazı ilə birlikdə qılmağa icazə vermişdir. O (Pak və Müqəddəs), həmçinin icazə vermişdir ki, səfərdə dörd rükətdən ibarət olan fərz namazlarını iki rükətədək ixtisar edib qılsınlar.
Onlardan başqa, aranızda Allah yolunda döyüşlərdə iştirak edən döyüşçülər də vardır. Buna görə sizə icazə verilmişdir ki, Mübarək Qurandan yalnız sizə asan olanı oxuyasınız.
Fövqəluca Öz hökümlərini həm öz şəhərlərində yaşayan sağlam insanlar üçün, həm də xəstələr və səfərdə olanlar üçün asanlaşdırmışdır. Öz şəhərində yaşayan sağlam müsəlman öz səhhətinə diqqət yetirməli və gecə ibadətləri üçün müəyyən saatları seçməyə məcbur deyil. Lakin arzuediləndir ki, o, Allaha ibadət etmək üçün ən yaxşı vaxtı, yəni gecənin son üçdə bir hissəsini seçsin.
Xəstələrə və səfərdə olanlara gəldikdə isə onların ticarət, Allaha ibadət, döyüş, ziyarət və ya başqa bir iş xatirinə yola çıxmalarından asılı olmayaraq, onlar özlərini əlavə ibadət ayinləri ilə yükləməməlidirlər.
Həmd olsun Allaha ki, O (Pak və Müqəddəs), Öz dininin qanunlarını bizdən ötrü asanlaşdırmış və qullarının taleyinə və onların dini, sağlamlığı və dünyəvi həyat mənafelərinə diqqətlə qayğı göstərir!
Sonra O (Pak və Müqəddəs), islamın iki əsas dayağı olan iki vacib ibadət ayinini yerinə yetirməyi əmr edir. O (Pak və Müqəddəs), onsuz haqq dinə etiqad etməyin mümkün olmadığı namaz qılma və imanın dəlili olan, kasıb və yoxsulların onun sayəsində təsəlli tapdıqları zəkat ödəmə hökmü verir.
Müsəlmanlar namaz qılmalı, onun vacib rükünlərini, tələb olunan şərtlərini və ümumiyyətlə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bizə öyrətdiyi bütün qayda-qanunları yerinə yetirməlidirlər. Bununla yanaşı müsəlmanlar öz halal yolla qazandıqları mallarından vacib zəkat və könüllü sədəqə verməli və bunu səmimiyyətlə Allah xatirinə və gözəl niyyətlə etməlidirlər.
Sonra Fövqəluca insanları bütün təzahürləri ilə xeyirxahlıq etməyə sövq edir və bəyan edir ki, hər xeyirxahlığa görə onun on qatı, bəzən də yeddi tüz qatı qədər və daha artıq əvəzi veriləcəkdir. Yadda saxlayın ki, bu dünyada yerinə yetirilən xeyirxahlığın bir zərrəsi də dünyəvi nemətlərin böyük çoxluğuna bərabərdir, Cənnətin əbədi səadət bağlarında isə o, əsil füsünkarlıqlar və ləzzətlərlə əvəz ediləcəkdir. Bu həyatda xeyirxahlıq Axirət həyatında müvəffəqiyyətin rəhnidir. O, insanın özü üçün əkdiyi toxuma bənzəyir. Çox təəssüflər olsun ki, bəzi insanlar öz vaxtlarını faydasız keçirir və xeyirxahlıqlara laqeyd yanaşırlar. Heyf xeyirxah işlər görülmədən keçən itirilmiş saatlara! Heyf Xaliqinin nəsihətlərinə qarşı hissiyyatsız olan və Onun ibrətamiz hikmətlərindən faydalanmayanlara! O (Pak və Müqəddəs), onlara özlərindən də şəfqətlə Yanaşandır! Həmd olsun sənə, ey Rəbbimiz! Biz Sənə şikayət edir və Səndən kömək diləyirik, axı Səndən başqa, kimsə gücə və qüdrətə malik deyil!
Fövqəluca qullarını xeyirxah əməllərə və Ona itaət etməyə ruhlandırdıqdan sonra, O (Pak və Müqəddəs), onlara buyurur ki, Ondan bağışlanma diləsinlər və Rəbbin bu tələbində nəhəng bir məna öz əksini tapmışdır. İnsan yanılmaqdan və Allahın ehkamlarını yerinə yetirərkən səhvlərdən qaçınmaq qabiliyyətinə malik deyildir. O, onları layiqincə yerinə yetirmir, bəzən isə, Rəbbinə lap itaətsizlik göstərir. Buna görə Allah Öz qullarına buyurur ki, yol verdikləri nöqsanların bağışlanması haqqında dua etsinlər. İnsan gecə-gündüz günah işlədir və əgər Allah onu Öz mərhəməti və bağışlaması ilə himayə etməsə, o, sadəcə, həlak olar.
[1] Amma Cəhənnəmdə müdhiş əzablardan kimsə ölməyəcək və heç vaxt ölə bilməyəcək (çox arzulasalar da). İnsanların, əziz oxucular, bunu bilməsi çox vacibdir! F.S.
[2] 73/17-73/18 – ayələr nəzərdə tutulur. F.S.
[3] 73/19 – cu ayə nəzərdə tutulur. F.S.