At-Talaq · 65:6
أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنتُم مِّن وُجْدِكُمْ وَلَا تُضَآرُّوهُنَّ لِتُضَيِّقُوا۟ عَلَيْهِنَّ ۚ وَإِن كُنَّ أُو۟لَٰتِ حَمْلٍۢ فَأَنفِقُوا۟ عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا۟ بَيْنَكُم بِمَعْرُوفٍۢ ۖ وَإِن تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُۥٓ أُخْرَىٰ
Onlara gözləmə müddətləri başa çatanadək imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara malınızdan xərcləyin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Bir-birinizi çətinliyə salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin.
Tafsir · əs-Səədi · Verse 6
Əvvəlcə xatırladılmışdı ki, Allah ərlərə müəyyən olunmuş müddət ərzində boşadıqları arvadlarını evdən qovmağı qadağan etmişdir. Bu ayədə isə Fövqəluca onlara boşadıqları arvadlarını mənzillə təmin etməyi və onları özlərinin yaşadıqları kimi evlərdə, maddi imkanlarından asılı olaraq, saxlamağı əmr etmişdir.
Onları sıxma-boğmaya salmaq məqsədilə onlara zərər vurmayın, zor tətbiqi ilə onları usandırıb, müəyyən olunmuş müddət bitməmiş, evdən çıxıb gedəcəklərinə ümid edərək, nə sözdə, nə də əməlinizdə onlarla kobud davranmayın. Bu halda siz onları, Allahın əmrinin əleyhinə olaraq, evdən qovub çıxarmış hesab olunacaqsınız. Beləliklə, Rəbb boşadıqları arvadlarını qovmağı qadağan etmişdir, arvadlara da ər evindən çıxmağı qadağan etmişdir və ərlərə isə arvadlarına xoşluqla yanaşmağı, onlara pislik etməməyi və narahatçılıq yaratmamağı buyurmuşdur.
Əgər boşanmış arvadlar hamilə olarsa, onları doğana qədər maddi cəhətdən təmin edin. Bu, hətta boşanması qəti olan və nikahı isə bərpa olunmayacaq arvadlara da şamil edilir. Bu halda ərin öhdəsinə düşən maddi məsuliyyət təkcə ananın hamilə olduğu uşağa görə yaranır. Əgər boşanma hələ qətiləşməmişsə, onda ər həm boşadığı arvadını, həm də onun hamilə olduğu uşağını, o anadan olana qədər maddi cəhətdən təmin etməlidir.
Ana uşağı doğduqdan sonra, o, onu döş südü ilə özü əmizdirə bilər və ya bundan imtina edə bilər. Əgər onlar sizin uşaqlarınızı əmizdirirlərsə, onda onlara öncədən şərtləşdirilmiş maddi mükafat ödəyin. Əgər bu mükafatın məbləği qabaqcadan şərt qoyulmamışdırsa, onda siz bu zəhmətə layiq mükafat verin və öz aranızda məsləhətləşin. Qoy ər-arvad bir-birinin xeyirxah məsləhətlərinə qulaq assınlar və onlara həm bu dünyada, həm də Axirətdə fayda və mənfəət verəni qəbul etsinlər.
Əgər insan xeyirli nəsihətlərə laqeyd yanaşarsa, onda o, özünə böyük zərər vura bilər ki, onun ziyanlılıq dərəcəsi yalnız Allaha bəllidir. Əksinə, insanlar məsləhətləşdikdə, xeyirxahlıq etməkdə və təqvalılığa etiqad göstərməkdə bir-birilərinə yardım edirlər.
Burada qeyd etmək lazımdır ki, ər-arvad boşanma dövründə ayrıldıqda, xüsusilə, əgər onların uşağı olubsa, ərin arvadının və uşağının saxlanmasına ayırdığı məbləğin miqdarı barədə çox vaxt mübahisə edirlər. Əksər hallarda belə mübahisələr qarşılıqlı ədavət yaranması ilə sona çatır və ardınca bir sıra xoşagəlməz nəticələr törədir. Buna görə Allah ər-arvadın hər ikisinə əmr edir ki, bir-biriləri ilə xoş rəftar etsinlər və boşanma dövrü ərzində qarşılıqlı razılaşma şəraitində dolansınlar, bir-birilərini narahat etməsinlər və mübahisələr aparmasınlar. Allahın qullarına nəsihəti belədir.
Əgər boşanmış ər-arvad uzun-uzadı bir-biri ilə uşağın doğma anası tərəfindən əmizdirilməsi barədə razılığa gələ bilməsələr, onda onlar bu məqsədlə dayə tutmalıdırlar. Fövqəluca bu barədə belə buyurur: “Analar südəmər körpələrini, əgər onları axıradək əmizdirmək istəyirlərsə, tam iki il əmizdirməlidirlər. Uşağı doğulan ana geyim və yeməklə, imkan daxilində, təmin edilməlidir. Heç kimə gücü çatdığından artıq həvalə edilmir. Nə ana uşağına görə, nə də ata uşağına görə zərərə salınmamalıdır. Belə vəzifələr varisə də həvalə edilir. Əgər onlar qarşılıqlı məsləhət və razılıqla döşdən ayırmaq istəsələr, günah etməzlər. Əgər siz uşaqlarınızı başqasının əmizdirməsini istəsəniz, zəhmət haqqını layiqincə ödədikdə, sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, həqiqətən, Allah sizin etdiklərinizi görür” (Bəqərə, 2/233).
Süd anasını o vaxt dəvət etmək olar ki, körpə anasınkından başqa, kiminsə döşünü tuta bilsin. Əgər o, yad döşünü əmmək istəmirsə, onda onu yalnız doğma anası əmizdirməlidir. Əgər o imtina edərsə, onu buna məcbur etmək lazımdır. Ər öz növbəsində ona, məbləğini öncədən şərtləşdirmədikləri halda, layiqincə maddi mükafat ödəməlidir.
Bu kəramətli ayəni məhz belə başa düşmək lazımdır. Uşaq anasının bətnində olanda, atası onun qayğısına qalmalıdır. O doğulanda və anasının südünü əmməyə başlayanda, Fövqəluca valideynlərə ikisindən birini seçməyə icazə vermişdir: körpəni ya doğma anasının südü ilə qidalandırmalı, ya da süd anası çağırılmalıdır. Əgər körpə başqa qadının döşünü əmmirsə, onda onun anasının başqa çıxış yolu yoxdur və onu özü əmizdirməli və onun qayğısına qalmalıdır – hamiləlik dövründə olduğu kimi, o zaman o, uşaqdan imtina edə bilməz və onu dünyaya gələnədək bətnində daşımalıdır.