Al-Hashr · 59:2
هُوَ ٱلَّذِىٓ أَخْرَجَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ مِن دِيَٰرِهِمْ لِأَوَّلِ ٱلْحَشْرِ ۚ مَا ظَنَنتُمْ أَن يَخْرُجُوا۟ ۖ وَظَنُّوٓا۟ أَنَّهُم مَّانِعَتُهُمْ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا۟ ۖ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُم بِأَيْدِيهِمْ وَأَيْدِى ٱلْمُؤْمِنِينَ فَٱعْتَبِرُوا۟ يَٰٓأُو۟لِى ٱلْأَبْصَٰرِ
Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri!
Təfsir · əs-Səədi · Ayə 2
O (Pak və Müqəddəs), Elçisinə (ona Allahın salavatı və salamı olsun!) Kitab əhlindən olan kafirlər üzərində qələbəni bəxş etdi və sülh müqaviləsini pozduqlarına və xəyanətkarlıqlarına görə Nadir qəbiləsini seçib bəyəndikləri məskənlərindən və torpaqlarından qovdu. Yəhudilər hazırlaşıb, Mədinəni tərk etdilər, lakin bu yalnız ilk toplanış və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) vaxtında keçirəcəkləri həyəcanların hələ başlanğıcı idi. Quran ayəsi hələ gələcəkdə də yəhudiləri toplanışların və sürgünlərin gözlədiyinə işarə edir. Bu öncəgörüm əvvəlcə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) yəhudiləri Xeybərdən qovarkən, sonra Ömər b. əl-Xəttab (Allah ondan razı olsun!) bu ərazidə qalan yəhudilərə oranı tərk etməyi əmr edərkən gerçəkləşdi.
Ey müsəlmanlar! Siz hətta güman edə bilməzdiniz ki, onlar öz doğma evlərindən çıxıb gedərlər, çünki yəhudi yaşayış məntəqələri yaxşı möhkəmləndirilmişdi və onlar alınmaz qala kimi idi. Yəhudilər özləri də qala divarları arxasında kifayət qədər güclü idilər. Onlar ümid edirdilər ki, qalaları onları Allahdan qoruya bilər və öz güclərinə güvənirdilər. Onlar özləri özlərini aldatmışdılar və belə hesab edirdilər ki, heç kim onları məğlub edə bilməz. Lakin Allah fövqəlqüdrətlidir və istənilən qoşunların öhdəsindən gələr. Nə qalalar, nə qüllələr insanları Ondan qoruya bilməz. Belə bir mübarizədə nə qüdrət[1], nə müdafiə heç bir fayda gətirə bilməz.
Fövqəluca Allah onları gözləmədikləri yerdən yaxaladı və onların ürəyinə qorxu saldı. Qorxu və dəhşət – Allahın ən böyük silahıdır ki, ona nə sayla, nə bacarıqla, nə qüdrətlə, nə də güclə qələbə çalmaq olmaz. Yəhudilər zənn edirdilər ki, onların müdafiəsində qalalar onları qoruya bilər və buna görə onlar qala divarları arxasında özlərini rahat hiss edirdilər. Hər kəs ki, Allahdan başqa nəyəsə ümid bağlayarsa, Rəbbin yardımından məhrum olar. Kim də Allahdan başqa kiməsə özünü təslim edərsə, öz çiyninə daşıya bilməyəcəyi ağır yük götürmüş olar.
Buna görə göylərdən gələn zərbə onların ən zərif yerinə – ürəklərinə dəydi. Axı məhz ürəklər elə bir yerdir ki, dözümlülük və səbirlilik, ruhdan düşmə və zəiflik onlarda bərqərar olur. Budur, yəhudilərin qüdrəti və gücü puç oldu, onların yerini zəiflik, ümidsizlik və qorxaqlıq tutdu ki, onlar bundan xilas ola bilmədilər. Məhz bu onların məğlubiyyətinin səbəbi oldu.
Yəhudilər özləri öz evlərini dağıdırdılar və müsəlmanları da buna sövq edirdilər. Onlar bunu, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) onlara yalnız dəvələrinin apara biləcəkləri şeylərini götürməyi əmr etməsi ilə əlaqədar idi. Belə olduqda, onlar evlərinin damını sökməyi qərara aldılar (halbuki vaxtı ilə onlar bu evləri qoruyar, onlarla fəxr edərdilər) və müsəlmanları da buna sövq edirdilər. Onlar öz bədbəxtliklərində günahkar özləri idilər və özlərinə ziyan vururdular.
Bunda, iti ağla və sağlam düşüncəyə malik olanların hamısı üçün nəsihət vardır. Yuxarıda təsvir edilən hadisə əyani surətdə təsdiq edir ki, Allah haqqın düşmənləri və alçaq ehtiraslara qul olanlarla necə rəftar edir. Fövqəluca Allah onları törətdikləri günahlara görə cəzalandıranda qüdrət yəhudilərə fayda vermədi, istehkamları onları qoruya bilmədi. Amma bu nəsihətin – ibrətin mənası çox böyükdür və konkret bir hadisə ilə məhdudlaşmır.
Müzakirə etdiyimiz ayə bu ibrət üzərində düşünmək hökmünü nəzərdə tutur və deməli, bənzər faktlar arasında oxşarlığı araşdırmaq, bunlardan irəli gələn qanunauyğunluqlar üzərində düşünmək, onların mənaları və hikməti haqqında fikirləşmək lazımdır. Bunların sayəsində isə insan təfəkkürü təkmilləşir, şüur inkişaf edir, iman artır və şeylərin mahiyyəti haqqında əsil təsəvvürə nail olunur.
Sonra Fövqəluca Allah xəbər verir ki, yəhudilərə lazım olan cəza tam verilmədi və onların iztirabları yüngülləşdirildi.