Al-Hashr · 59:9
وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلْإِيمَٰنَ مِن قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِى صُدُورِهِمْ حَاجَةًۭ مِّمَّآ أُوتُوا۟ وَيُؤْثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌۭ ۚ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
Təfsir · əs-Səədi · Ayə 9
Hərbi qənimətin bir hissəsinə ənsarların da haqqı var idi. Onlar iman gətirmiş Mədinə sakinləriydilər. Onlar əl-Aus və əl-Xəzrəc qəbilələriydi və Allahın, Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) iradəsinə könüllü olaraq itaət etmişdilər. Onlar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) səmimiyyətlə sevmiş, ona (s.ə.s.) etibarlı sığınacaq vermiş, onu (s.ə.s.) hər hansı düşməndən mühafizə edəcəklərini qərara almış və bütün başqa torpaqlar müharibə, müşriklik və şər ocağı olduğu bir zamanda, öz şəhərini hicrət etmiş möminlər üçün doğma bir yurda çevirmişdilər.
Allahın dininə kömək etməyə çalışanların hamısı Allahın və Elçisinin (ona Allahın salavatı və salamı olsun!) köməkçiləri olan ənsarların tərəfinə keçirdilər. Bu, islam möhkəmlənənədək və bütün dünyaya yayılanadək davam etdi. Müsəlmanlar isə insanların ürəklərini elmlə, imanla və Quranla, ölkələri isə qılınc və silahla fəth edirdilər.
Ənsarların gözəl məziyyətlərindən söz salarkən, Fövqəluca Allah xüsusilə vurğulayır ki, onlar yanlarına hicrət edən müsəlmanları sevdilər, çünki hələ öncədən onlar Allahı və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) və Allahı və Onun dinini sevənlərin hamısını sevmişdilər. Onlar mühacirlərə verilənə heç bir meyl göstərmirdilər və Allahın mühacirlərə əta etdiyi lülüfkarlığa və yalnız onlara bəxş etdiyi məziyyətlərə həsəd çəkmirdilər. Bütün bunlar onu göstərir ki, ənsarlar çox comərd və səxavətli insanlar idilər, pislik, paxıllıq onların ürəyində özünə yer tapmamışdı.
Bu ayə mühacirlərin ənsarlardan üstün tutulmasına dəlalət edir, birincisi, ona görə ki, Allah mühacirləri əvvəlcə xatırlayır, ikincisi isə, O (Pak və Müqəddəs), xəbər verir ki, ənsarlar mühacirlərə bəxş edilənə həsəd çəkmirlər. Sözsüz ki, Fövqəluca Allah mühacirləri, nə ənsarların, nə də başqalarının almadığı mükafatla şərəfləndirir. Bu da çox ədalətlə edilmişdir, çünki onlar nəinki Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) kömək etmiş və həm də Allahın yolunda hicrət etmişdilər.
Lakin ənsarlar da, başqalarını ötüb keçdikləri gözəl məziyyətlərdən məhrum deyildilər. Bu məziyyətlərdən biri – onların hicrət etmiş qardaş və bacılarına, özləri ilə müqayisədə, comərdcəsinə üstünlük vermələri idi, halbuki elə özləri də sıxıntılı vəziyyətdə yaşayırdılar. Əgər insan özü ilə müqayisədə başqasına üstünlük verirsə, hətta özünün buna ehtiyacı olduğu halda, hətta özü sıxıntılı vəziyyətdəykən öz mal-mülkünü başqasına bağışlamaqla ianə verirsə, onda hesab etmək olar ki, onun səxavəti və comərdliyi kamilliyə çatmışdır[2].
Bu məziyyətlər yalnız nəcib əxlaqa malik və Fövqəluca Allahı öz ehtiraslarından və maddi ləzzətlərdən daha güclü sevən insanlara məxsusdur. Bunun nümunəsi kimi, ənsarlardan birinin başına gələn əhvalatdır ki, bu ayə də onunla əlaqədar nazil edilmişdi. Bir dəfə onun evində qonaqları gecələyən zaman, o, onları yedizdirməyi üstün tutdu, özü arvadı və uşaqları ilə ac yatdılar.
Belə alicənablıq tamahkarlığa və xudbinliyə ziddir. Comərdlik – tərifəlayiqdir, fayda güdmək və yalnız özünü düşünmək qınanılmağa layiqdir, çünki xəsisliyin və acgözlüyün təzahürüdür. O kəslər ki, səxavətlidirlər, tamahdan xilas edilmişlər və onlar hökmən uğur əldə edəcəklər. Əlbəttə, söhbət o kəslərdən gedir ki, onlar öz qəlbini nəinki yalnız tamahkarlıqdan, həm də digər nöqsanlardan qorumuşlar. Əgər insan onlardan xilas olmağa nail ola bilirsə, onda o, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökümlərinin qarşısında itaətkar olur və onları mütiliklə icra edir. Allahın qadağan etdiyi şeylərin hamısı, əgər onun nəfsi onlara meyil edir və cəzb edilirsə belə, ona yad olur. O, öz var-dövlətini Allah yolunda sərf etməyə başlayır ki, Onun mərhəmətinə nail olmağa və əbədi Səadət qazanmağa səy göstərsin. Həqiqətən, özlərini tamahkarlıqdan və nöqsanlardan qoruya bilməyənlər bütün bunlardan məhrumdurlar. Onlar girdabın daha da dərinliklərinə batırlar, xeyirxah işlər görməyə xəsislik edirlər ki, bu da bütün bəlaların mənbəyidir.
Beləliklə, bu ayələrdə Fövqəluca Muhəmməd Peyğəmdərin (ona Allahın salavatı və salamı olsun!) pak səhabələrini – mühacirləri və ənsarları xatırladır. Onlar islam ümmətinin böyük imamları idilər və ehtirama və mükafatlara layiq görüldülər və onlara qədər olanların və onlardan sonra gələnlərin hamısını qabaqlayıb, ötüb keçdilər. Öz işləri və öz imanları sayəsində onlar müsəlmanlar arasında ən yaxşılar və təqvalılar arasında birincilər oldular.