At-Talaq · 65:12
ٱللَّهُ ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَٰوَٰتٍۢ وَمِنَ ٱلْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ ٱلْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ وَأَنَّ ٱللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَىْءٍ عِلْمًۢا
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.
Təfsir · əs-Səədi · Ayə 12
Fövqəluca xəbər verir ki, O (Pak və Müqəddəs), yeddi göyü və onlarda olan hər şeyi və yeddi yer təbəqəsini və onlarda olan hər şeyi xəlq etmişdir. Dini qanunlardan və həmçinin Rəbbin bütün Kainatın həyatını idarə etdiyi Kainat və Qədər qanunlarından ibarət olan, Onun Öz elçilərinə (onlara salam olsun!) açıqladığı Vəhyini nazil etmişdir ki, onlar Onun qullarına nəsihət versinlər, məxluqlara öz Xaliqini dərk etməkdə və Onun hüdudsuz fövqəlqüdrətinə və hər şeyi əhatə edən elminə əmin olmaqda kömək etsinlər.
Əgər insanlar Allahı Onun gözəl adları və qüsursuz sifətləri vasitəsi ilə dərk etsələr, onda onlar mütləq Ona ibadət etməyə başlayarlar, Onu sevər və Onun hüzurunda öz vəzifələrini yerinə yetirərlər.
Buna görə, Kainatın yaradılmasının və hikmətli hökümlərin nazil edilməsinin məqsədi – Allahı dərk etmək və Ona ibadət etməkdir.
Allahın xoşbəxt qulları bu məqsədə sadiqdirlər, şərəfsiz fasiqlər isə ondan üz döndərirlər.
[1] Bu – kursivlə verdiyim müəllif müddəası günümüzümüzün, az qala tamamilə unudulmuş, demək olar ki, icra olunmayan ən əktual ilahi prinsiplərdən biridir. Cəmiyyətin əxlaqının pozğunlaşmasının mühüm amillərindəndir. F.S.
[2] Bu söz (“qədər”), ümumiyyətlə “tale”, “alın yazısı”, “qismət”, “bəxt”, “müqəddərat” kimi mənalara malikdir. Lakin onun bir sıra açıq mənaları da vardır ki, həm ərəb, həm də Azərbaycan dilində eyni mənaya malikdir. “Qədər” ana dilimizdə kifayət qədər çox işlətdiyimiz qədər, say, ölçü, həcm, müddət, vaxt və s. mənaları özündə ifadə edir. Mən düşünürəm ki, Fövqəluca Allah bu ayədə “hər şeyin qədərini” buyuruğunda, məhz burada qeyd etdiyim və edə bilmədiyim bütün mənaları kompleks şəkildə nəzərdə tutmuşdur, çünki “tale” mənasında “qədər” sözü məhz belə geniş mənalı, hər şeyi əhatə edən mahiyyətə malikdir. Müdrik Allahın Ana Kitabında yazdığı qədər insanın, o, hələ ana bətninə düşməsinə və oradan dünyaya gəlməsinə qədər və taki Qiyamətədək olacaq taleyini əks etdirir. F.S.
[3] Bu qeydimlə hörmətli oxuculara xatırlatmaq istəyirəm ki, Allah Quranda möcüzə kimi qəbul edilsin deyə, heç bir açıqlama verməmişdir. Lakin insanların nəzərinə çatdırılan həqiqətlər Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zamanında bilinməsi mümkün olmayan gerçəkliklərə istinad etdiyi üçün həm də möcüzədir. Mənə qalan, bu möcüzəni təsbit etmək deyil, bu ayədə göstərilən bu vacib və çox maraqlı məlumata elmi mənbələrdə də geniş yer ayrıldığını nəzərə çapdırmaq və ayədə yerin 7 (yeddi) qatdan ibarət olduğunun təsdiq edildiyini bildirməkdir. Yerin alimlər tərəfindən qeyd edilən həmin qatları bunlardır: 1.Hidrosfer; 2.Litosfer; 3.Astenosfer; 4.Üst mantiya; 5.Alt mantiya; 6.Xarici nüvə; 7.Daxili nüvə.
"Litosfer" sözü yunan dilində "Qaya" mənasını ifadə edən "Lithos" kəlməsindən gəlir. Litosfer yerin ən üst qatını təşkil edən bərk təbəqədir.Digər təbəqələrlə müqayisədə çox nazik qatdır. Litosfer qatı okeanların altında və vulkan püskürməsi üçün əlverişli olan bölgələrdə daha nazikdir.Başqa təbəqələrdən daha soyuq və daha bərkdir. Buna görə də yerin qabığı vəzifəsini yerinə yetirir. Litosferin aşağısında yunan dilində "zəif" kəlməsi "asthenes"dən əmələ gələn "astenosfer" təbəqəsi var. Bu təbəqə litosferlə müqayisədə daha nazikdir.Hərəkətli təbəqədir. İsti və yarımqatı maddələrdən təşkil olunmuş bu təbəqə geoloji yüksək istiliyə və təzyiqə məruz qalanda yumşalıb əriyir. Belə ehtimallar var ki, bərk litosfer təbəqəsi yavaş hərəkət edən astenosfer təbəqəsinin üzərində üzür və ya hərəkət edir. Hər halda belə zənn olunur. Bu təbəqələrin aşağısında yüksək hərarətə malik olan, yarımqatı qayalardan əmələ gələn, təxminən 2900 km qalınlığında olan və adına "mantiya" deyilən bir təbəqə var.Yerin üst səthi ilə müqayisədə özündə daha çox dəmir, maqnezium və kalsium ehtiva edən mantiya daha isti və qalındır, çünki yerin daxilindəki hərarət və təzyiq dərinliyə getdikcə daha da çoxalır. Yerin mərkəzində də, təxminən, mantiyanın iki qatı qalınlığında olan nüvə var. Bu təbəqənin belə qalın olmasının səbəbi onun içində qayalardan çox metalların (dəmirlə nikelin qarışığının) olmasıdır. Yerin nüvəsi isə iki ayrı hissədən - biri 2200 km qalınlığında olan maye xarici nüvədən,digəri isə 1250 km qalınlığındakı bərk daxili nüvədən meydana gəlib. Dünya dövr etdikcə maye xarici nüvə dünyanın maqnit sahəsini əmələ gətirir. Yerin təbəqələrinin göy üzü ilə XX əsr texnologiyası sayəsində kəşf edilən bu oxşarlığının Quranda bildirilməsi şübhəsiz ki, Mübarək Quranın çoxsaylı elmi möcüzələrindən biridir. (Mənbələr üçün bax: www.nice.az. Yer kürəsinin təbəqələri və www.mucizeler.com Quran heç tükənməyən möcüzə, səh. 99-101). F.S.