At-Talaq · 65:2
فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍۢ وَأَشْهِدُوا۟ ذَوَىْ عَدْلٍۢ مِّنكُمْ وَأَقِيمُوا۟ ٱلشَّهَٰدَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِۦ مَن كَانَ يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُۥ مَخْرَجًۭا
Gözləmə vaxtı bitdikdə onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, Allah çıxış yolu göstərər
Təfsir · əs-Səədi · Ayələr 2–3
Ər arvadının iddət müddəti sona çatmamış olduğu halda nikahını bərpa edə bilər, çünki bundan sonra o, artıq öz istəyi ilə nikahını bərpa etmək və ya arvadını buraxmaq haqqından məhrum olur.
Əgər siz ailənizi saxlamaq qərarına gəlsəniz, onlarla dinc şəraitdə və razılıq içində yaşayın, onlara pislik etməyin və onlara ziyan vurmağa və ya onları dustaq saxlamağa cəhd göstərməyin. Allah ərlərə arvadlarını bu məqsədlərlə saxlamağa icazə vermir. Əgər siz qəti olaraq boşanmağı qərara almışsınızsa, onda onları xoşluqla buraxın, mübahisəsiz, qalmaqalsız və zorakılıq etmədən ayrılın və evdən onlara məxsus olan şeyləri götürmələrinə mane olmayın. Öz qəti boşanmanız və ya nikahı bərpa etməniz üçün iki ədalətli müsəlmanı şahid kimi dəvət edin. Həqiqətən, şahidlərin iştirakı mümkün ola biləcək çəkişmələri və öncədən bildirilməli olan şeylərin gizlədilməsinin qarşısını alır.
Ey şahidlər! Allah qarşısında şəhadətinizi təsdiq edin, yəni, hər şeyi olduğu kimi – nə haqqa yalan qatmadan, nə də haqqı gizlətmədən təsdiq edin. Bunu Allah xatirinə edin və ər-arvaddan hər hansı birinin, yaxın qohumunuz və ya sevimli dostunuz olmasına baxmayaraq, tərəfini saxlamağa cəhd göstərməyin.
Yuxarıda göstərilən qanunlar və hədlər Allaha və Axirət gününə iman gətirənlər üçün bir öyüd-nəsihətdir, çünki məhz Allaha və Qiyamət gününə iman gətirmək, insanı Allahın təlimlərindən ibrət almağa və özünün Axirəti üçün, gücü çatdıqca, öncədən xeyirxah işlər görməyə yönəldir.
İmanı ürəyini tərk etmiş insan tamamilə əksinə davranır. O, Axirətə özü ilə hansı cinayətlərini aparacağına laqeyd yanaşır. O, Allahın nəsihətlərinə ehtiram göstərmir, çünki onun qəlbində onu bunlara sövq edən iman yoxdur.
Məlumdur ki, ər-arvad boşanma zamanı sıxıntılı vəziyyətdə, təşviş içində və kədərli olurlar. Buna görə Fövqəluca qullarına buyurur ki, bu ağır saatda Ondan qorxsunlar və vəd edir ki, boşanmalar və bütün digər işlər zamanı onların taleyini yüngülləşdirəcək və onlar üçün son dərəcə məşəqqətli vəziyyətlərdən çıxış yolu açacaqdır.
Əgər insan arvadını boşamağı qərara alıbsa və bunu şəriətə uyğun yerinə yetiribsə, yəni, o, arvadı aybaşı qanaxmasından təmizləndiyi sonrakı dövrdə ona cəmisi bir dəfə boşanma haqqında elan edibsə və sonuncu aybaşıdan sonrakı dövrdə arvadı ilə cinsi yaxınlıq etməyibsə, onda Allah onu buna görə sıxıntılara salmır və ona asanlıq və firavanlıq əta edir. Ola bilsin ki, belə olduqda, ər boşanmasına peşman olsun və nikahını bərpa etsin.
Bu ayənin boşanma və nikahın vəhdətinin bərpası haqqında nazil edilməsinə baxmayaraq, o, daha geniş mahiyyət kəsb edir. Buna görə, Allahdan qorxan hər bir təqvalı şəxs bütün işlərində Onun lütüfkarlığını əldə etməyə can atır və Allah da belə insanı həm bu dünyada, həm də Axirət həyatında mütləq mükafatlandıracaqdır. Bu mükafatın bir hissəsi isə Rəbbin onu qayğılardan xilas etməsi və onun üçün çətin vəziyyətdən çıxış yolu açması olacaqdır.
Öz işlərində Allahdan qorxmayanların çiyinlərinə isə mütləq ağır yük salınacaq və özlərinə də çox möhkəm qandallar vurulacaqdır ki, o bədbəxtlər onlardan nə xilas ola biləcəklər, nə də onlardan canlarını qurtara biləcəklər. Boşanma zamanı bunu unutmamaq lazımdır, çünki Allahın qulu Ondan ehtiyat etmirsə və boşanmanı şəriətə uyğun aparmırsa, məsələn, əgər o, tezliklə qəti boşanmadan ötrü üç dəfə dalbadal talaq elan edirsə, o, hökmən buna peşman olacaqdır, lakin səhvini düzəltmək, mövcud vəziyyətdən çıxmaq, artıq olduqca gec olacaqdır.
Allah təqvalı qulları üçün nəinki çətin vəziyyətdən çıxış yolu yaradır, O (Pak və Müqəddəs), həm də onlara heç güman etmədikləri və almağı düşünmədikləri bir yerdən ruzi nazil edir. Allaha təvəkkül edən üçün həm mənəvi və həm də maddi işlərdə Onun himayəsi bəs edər. Buna görə mömin həmişə Allaha təvəkkül etməli, Onun köməyi və yardımına arxalanmalı və ümid bəsləməlidir ki, Rəbb ona kömək edəcək və onu ziyandan qoruyacaqdır. Doğrudan da, əgər insan Allaha təvəkkül edirsə, onda O (Pak və Müqəddəs), onun bütün işlərini ən gözəl tərzdə sahmana salır. Başqa cür necə də ola bilər? Axı insan Allahın mislində Zəngin, Güclü, Fövqəlqüdrətli və Mərhəmətli Himayədarın lütfünü qazanır və O (Pak və Müqəddəs), Öz quluna hər kəsdən daha yaxındır.
Lakin ola da bilər ki, Allah Öz İlahi hikmətinə müvafiq olaraq, Öz quluna, onun nəzərdə tutduğu işinin həyata keçirilməsinin ən böyük uğur qazanacağı vaxtına qədər Öz köməyini təxirə salsın. Buna görə Fövqəluca buyurmuşdur: “Allah Öz işini axıra qədər çatdırır”. Bu o deməkdir ki, Allahın öncədən nəzərdə tutduğu mütləq gerçəkləşməlidir. Amma bununla yanaşı hər bir şeyin müddəti və ölçüsü müəyyənləşdirilmişdir ki, onların sayəsində heç bir şey nə gecikə bilər, nə də vaxtından tez başlaya bilər.