Al-Haqqah · 69:52
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ
Elə isə Böyük Rəbbinin adına təriflər de!
Təfsir · əs-Səədi · Ayə 52
Allahın adı Müqəddəsdir və O (Pak və Müqəddəs), Onun kamilliyinə yaraşmayan hər şeydən ucadır! Buna görə Onun şanlı, gözəl və pak məziyyətlərini xatırlayaraq Onu şərəfləndir[16].
[1]Labüdolan – mütləq gerçəkləşəcək Qiyamət günü nəzərdə tutulur. Azərbaycan dilində bu sözün Qiyaməti ifadə etməsini bu kitabda ilk dəfə işlətdiyimə görə onun Qurandakı (Ä) (“əl-Həqqa”) sözünü nə dərəcədə tam əvəz etməsinə mütəxəssislərin rəy verməsinə ehtiyac var. Açığını deyim ki, bu Təfsirin ana dilimizə tərcüməsində rast gəldiyim spesifik söz “qıtlığını” yalnız dilimizin zəngin mənbə və mənsəblərinə dönə-dönə müraciət etməklə aradan qaldırmaq mümkün olmuşdur və təbii ki, bu zaman sözyaratma prinsipindən vaz keçmək mümkün olmayan bir istəkdir. F.S.
[2] Labüdolan (yuxarıda 154-cu qeydə bax!). F.S.
[3] Hadramaut – Ərəb yarımadasının cənubunda yerləşən tarixi əyalət və həmçinin qədim cənubi ərəb məmləkətlərindən birinin adıdır. (İndiki Yəmən Ərəb Respublikasının yerləşdiyi ərazilər). F.S.
[4] Qiyamət günü nəzərdə tutulur. F.S.
[5] Cənnət sakinlərinin ağaclardakı meyvələri dərməsini asanlaşdırmaq üçün Allah ağacların budaqlarını yerə elə yaxınlaşdırmışdır ki, cənnətliklər hətta istirahət etdikləri taxtlarında belə əllərini uzatdıqda, o meyvələri asanlıqla dərə bilsinlər. F.S.
[6] Arşın – təxminən 68 sm olan qədim uzunluq ölçüsüdür. F.S.
[7] Ehtimal etmək olar ki, bu uzunluq Cəhənnəm əzabkeşinin od-alov içində “sərbəst hərəkət” edə bilməsinin məhdudlaşdırılmış həddidir. Bundan əlavə, qeyd etməliyəm ki, bir çox tərcümələrdə bu ayə əslinə uyğun çevrilmir. F.S.
[8] 153-cü dibnotda qeyd etdiyim kimi, Quranın bu (69/32) ayəsi, ümumiyyətlə, mənə, tanış olmaq müyəssər olduğum bir çox müxtəlif tərcümələrdə olduqca vacib bir istilah əslinə qətiyyən uyğun gəlməyən sözlərlə verilmişdir və bu dəhşətli cəza üsulu, sanki, bilərəkdən daha yüngül formada əks etdirilmişdir. Mən bu nəticəyə öz təxəyyülümə əsasən gəlməmişəm. Bu feil (فَاسْلُكُوهُ) çevrilən ayələrdə “vurmaq”, “bağlamaq”, “zəncirləmək” və sairə kimi əmr formalı hökm kimi verildiyi halda, Səədi Təfsirində bu ifadələrin heç biri öz əksini tapmır. Ərəb müəllifi bu ayənin bu fraqmentini “yetmiş arşınlıq zənciri kafirlərin arxasından salıb ağızlarından çıxarın” formatında vermişdir. Bu isə ona dəlalət edir ki, Cəhənnəm Odunda hədsiz hərarətdən qızarmış zəncir bədbəxt zalımların arxasından salınıb, bütün daxili orqanlarını sarsıda-sarsıda ağzından çıxarılacaq və onlar Cəhənnəmdə, şişə və ya payaya keçirilmiş kimi, həmin zəncirlərdən asılmış vəziyyətdə müdhiş əzablara məruz qoyulacaqlar. İlk olaraq Cəhənnəmə atılan zalımlar öncə bu üsulla zəncirə keçiriləcək. Mütləq Hökmdarın hökmü (həmin ayəyə bax) belədir! Bundan sonra hələ digər müdhiş cəzaların veriləcəyi də ehtiva edilir. Buna görə də mən ayəni “zəncirə keçirin” kimi redaktə etmişəm. Allah daha yaxşı bilir. F.S.
[9] Buraya Allahın məxluqlarının bütün gördükləri və görə bilmədikləri, o cümlədən, görə bilmədikləri Fövqəluca Xaliq də aiddir ki, Onun məxluqları, təbii olaraq, Onu bu maddi dünyada görmürlər. F.S.
[10] Yəni, kafirə. F.S.
[11] Kafir və münafiqlərə. F.S
[12] Kafirin. F.S.
[13] Möminlər nəzərdə tutulur. F.S.
[14] Quran nəzərdə tutulur. F.S.
[15] Ey möhtərəm oxucu! Mən, böyük islam alimi və müfəssiri Ə. əs-Səədinin rus dilindən çevirdiyim bu əsərində kursivlə verdiyim bu müddəasına, xələl gətirmədən, bir həqiqəti nəzərinizə çatdırmaq istəyirəm. Quran Fövqəlqüdrətli Allahın Sözüdür və yalnız Ona xas olan ecazkarlıqlara malik olduğundan insan sözü ilə müqayisə edilə bilməz. Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bir-çox hədislərində Quran ayələri və onun sözlərinin oxunmasının hikməti və oxuyanın əldə edəcəyi çoxsaylı savablar haqqında kifayət qədər xatırlamalar, nəsihətlər və hökümlər vardır. Bütün bunlar ona dəlalət edir ki, Allahın Quranla gerçəkləşmiş Sözü öz zahiri görünüşündən başqa, əslində, batini məna və mahiyyətə də malikdir. Fövqəlqüdrətli Allah Öz Sözünü Öz ilahi mahiyyətinin müəyyən təcəssümü olaraq insanlara elçisi vasitəsilə nazil edir. Deməli, Onun Fövqəlucalığına, Fövqəlqüdrətinə, Müdrikliyinə və bütün digər ad və sifətlərinə xas olan ecazkar və qeybə aid nüfuzu, təsiri daimi və əbədi olduğu üçün Quran da bu ecazkar (möcüzəli) qüvvəyə, təsirə malikdir. Allah əbədi və daima diri olduğu üçün Onun Sözü də canlıdır. Bu mülahizəmizi təsdiq və təqdir edən çoxsaylı nassın mövcud olduğunu müsəlman bacı-qardaşlarımız çox gözəl bilirlər. Quranın möminlər üçün şəfa olması və onun başqa faydaları haqqında ayə və hədislər bu düşüncəmizi daha da aydınlaşdırır. Fikrimi uzatmadan deməliyəm ki, “ona iman gətirən sanki onunla canlı rabitəyə malikdir” kimi verilmiş müəllif ifadəsindən, altını cızdığım “sanki” sözünü nəzərə almamağı məsləhət görərdim, çünki əslində, “sanki” sözü, ilk növbədə ehtimal bildirir, halbuki Quranı mömin oxucu ilə, virtual deyil, məhz real canlı əlaqə, ilahi rabitə yaratma vasitəsi kimi qəbul etmək daha əfzəldir. Bunu dərk edən Haqqa, inşallah, daha yaxın olar! Həmd olsun Fövqəluca Allaha! F.S.
[16] Bu, mərhum müəllifin möhtərəm oxucularına müraciətidir. F.S.