Al-Muddaththir · 74:56
وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ هُوَ أَهْلُ ٱلتَّقْوَىٰ وَأَهْلُ ٱلْمَغْفِرَةِ
Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!
Təfsir · əs-Səədi · Ayə 56
Allahın iradəsi mütləq icra edilir. Nə kiçik, nə də böyük olan şeylər Onun iradəsinə zidd ola bilməz.
Bu ayə, qədəriyyəçilərin, Allahın qulları öz işlərini Allahın iradəsindən asılı olmayaraq yerinə yetirdiklərini iddia edən baxışlarını və cəbbariyyəçilərin də, əksinə, insanın iradədən məhrum olduğunu və hər hansı bir işi müstəqil yerinə yetirməyə qadir olmadığını zənn edən yanlış baxışlarını qətiyyətlə təkzib edir. Cəbbariyyəçilər yanlış olaraq elə güman edirdilər ki, insan Allahın onun üçün təyin etdiyi əməlləri icra etməyə məcbur edilmişdir.
Lakin Fövqəluca Allah bəyan etmişdir ki, Onun qulları iradə sahibidirlər və hansı əməli yerinə yetirməkdə müstəqil seçim etməyə qadirdirlər. Buna baxmayaraq, onların iradəsi Allahın iradəsindən asılıdır. Ondan qorxmaq və Ona ibadət etmək lazımdır, çünki O (Pak və Müqəddəs), – Vahid Allahdır və ibadətə layiqdir. Eyni zamanda, O (Pak və Müqəddəs), Onun qarşısında qorxu hissi keçirənləri və Onun iltifatına nail olmağa can atanları bağışlayır.
[1] Müdəssir (الْمُدَّثِّرُ) – ərəbcə “Örtünüb gizlənən” mənasındadır. Öncəki surələrə aid tərcüməçi qeydlərində (IV-VI c.c.) açıqlandığı kimi, Bu şərəfli surə Quranın özünümühafizəsinin 19 rəqəmi əsasında kodlaşdırılmış sistemi ilə bilavasitə əlaqədar olan bir ecazkar surədir. Bu kodlaşdırılmış sistem ilk dəfə olaraq 1974-cü ildə aşkar edilmişdir. Daha sonra bir çox tədqiqatçıların iştirakı ilə Quranın bu sistemi ilə əlaqədar bir sıra möcüzələr də aşkar edilmişdir. Müdəssir surəsi 74-cü surədir və 19 ilə 74 ardıcıl yan-yana qoyulduqda alınan say eyni zamanda bu möcüzənin kəşf edilməsi tarixidir. Bu möcüzə ilə əlaqədar məlumatlar ilk dəfə ABŞ-da yaşayan müsəlmanlar tərəfindən bəyan edilmişdir. Bu möcüzə 1974-cü ildə Quranın Müdəssir (“Gizlənən”) surəsində üzə çıxmışdır. Möcüzənin tapıldığı tarixdə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Məkkədən Mədinəyə başlayan hicrətindən 1393 il keçmişdi. Bildiyimiz kimi, İslam Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) Quran hicrətdən 13 il öncə vəhy edilməyə başlanmışdı. Yəni, bu möcüzə Quranın vəhy edilməyə başlamasından tam 1406 il sonra kəşf edilmişdir. Yaxşı, bəs bu 1406 rəqəmi nəyə işarə edir? Möhkəm dayanın – 1406=19x74-dür.
Qurandakı rəqəmlərin möcüzəsinə işarə edən Müdəssir (“Gizlənən”) surəsi əvvəldən axıra kimi say möcüzələri ilə doludur. Bu surənin ilk iki ayəsi belədir: (1) “Ey örtünüb gizlənən” (2) “Qalx və xəbərdar et!” (Müdəssir, 74/1-2). Surənin ilk ayəsi gizlənənə (müdəssirə) müraciətdir və ikinci ayəsi isə artıq qalxmaq vaxtının gəldiyini və xəbərdarlıq etmək vaxtının yetişdiyini bildirir. Məhz bu iki ayənin hərflərinin cəmi 19, onların əbcəd dəyəri 1974-dür. Müdəssir surəsinin birinci ayəsi belə (74.1) göstərilir. Məhz bu ayədən etibarən Quranın sonuna qədər 741 ayə vardır və bu 741=19x39 kimidir, yəni, 741 rəqəmi 19-a bölündükdə qalıqsız 39 sayı alınır. Bu riyazi uzlaşma Quran ayələrini Vəhyedənin fövqəlbəşəri idrakına və hikmətinə işarə edir və Quranın, həqiqətən də, fövqəlqüdrət Sahibi olan Allah tərəfindən nazil edildiyini sübuta yetirir.
Böyüklərdən biri kimi səciyyələndirilən 19 möcüzəsinin (74. Müdəssir, 35-ci ayə) həqiqətən də, əzəməti, bu möcüzənin Müdəssir surəsindəki riyazi kodlaşdırılmadan başlayaraq özünü göstərir.
Müdəssir surəsində Quranın insan sözü olduğunu deyən bir adamın “Səqərə” atılacağı söylənir. Oradaca “Sən haradan biləsən ki, “Səqər” nədir?” – deyə sual verilərək, “Səqərin” mənası açıqlanır. Sonra “Səqər” hər şeyi əhatə edən bir cəza kimi təsvir edilir. Bu cəza- Cəhənnəm ola biləcəyi kimi, kafirlərə cavab verən 19 rəqəmi də ola bilər. Cəhənnəm hər şeyi əhatə etdiyi kimi, 19 sayı da bütün Quranı riyazi bir sistem olaraq əhatə edib qoruyur. (Ətraflı məlumat üçün bax: “Quran heç tükənməyən möcüzə”, səh. 364-370). F.S.
[2] Müdrik Allahın bu ayədə 19 rəqəmindən bəhs etməsi və buradaca onun funksiyasını açıqlamaması (buna baxmayaraq, həmin ayənin şərhində müəllif rəqəmi mühafizəçi mələklərin sayı ilə əlaqələndirir), bunun nə isə, mühüm bir prinsiplə əlaqəli ola biləcəyinə işarə edə bilərdi. Bu, həqiqətdə də belə imiş. 19 rəqəmi haqqında mən bu Təfsirin əvvəlki cilidlərində, mənbələrə müraciətlə, bir sıra qeydlər vermişəm və burada da qısaca izahlar vermək lazım gəlir (yuxarıdakı dibnotlara bax). Demək lazımdır ki, Quranın, demək olar ki, bütün təfsirlərində və bir çox dillərə (türk, rus, ingilis, Azərbaycan və s.) tərcüməsində 19 rəqəmi haqqında müxtəlif mülahizələr söylənmiş və bunu, əsasən, Cəhənnəmdəki mühafizə mələklərinin sayı ilə əlaqələndirmişlər. Quranda keçən 19 rəqəminin Quranın mühafizə sisteminin kodu olması haqqında ilk dəfə olaraq məlumatlar 1974-cü ildə Amerika Birləşmiş Ştatlarında yaşayan müsəlman alimlər tərəfindən irəli sürülmüşdür. Sonra isə bir çox tədqiqatçıların iştirakı ilə Qurandakı bu sistem ilə əlaqədar əhəmiyyətli möcüzələr kəşf edilmişdir. Müdəssir surəsi 74-cü surədir və 19-u onun qarşısında qoyduqda bu möcüzənin aşkar edilməsi tarixi alınır. Bu surənin ayələrinin şərhini verdikcə, yeri düşdükdə, həmin mövzuya toxunacağıq. F.S.