Al-Jumuah · 62:2
هُوَ ٱلَّذِى بَعَثَ فِى ٱلْأُمِّيِّۦنَ رَسُولًۭا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَٰلٍۢ مُّبِينٍۢ
Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.
Tafsir · əs-Səədi · Verse 2
Allah ərəbləri savadsız adlandırır, çünki onların Səmavi Kitabı yox idi və heç əvvəlki peyğəmbərlərin (onlara salam olsun!) təlimləri haqqında biliklər də onlarda qalmamışdı, eynilə, o biliklər digər xalqların da yaddaşında saxlanmamışdı. Təkcə Kitabı olan insanlar Allahın elçilərinin təbliğ etdiklərinin müəyyən bir hissəsini qoruyub saxlaya bilmişdilər.
Fövqəluca Allah onları Özünün ən böyük mərhəməti ilə himayə etmişdir ki, O (Pak və Müqəddəs), əvvəllər onu heç bir xalqa layiq görməmişdi. Ərəblər bilik və dindarlıqdan məhrum idilər, dərin azğınlıq zülmətində idilər, bütlərə, ağaclara və daşlara ibadət edirdilər, vəhşi heyvanlara xas olan qəddarlıqla fərqlənirdilər, cəngəllik qanunu ilə yaşayırdılar. Bütün bunlar onu göstərir ki, onlar Allahın peyğəmbərlərinin (onlara salam olsun!) təlimləri haqqında heç bir təsəvvürə malik deyildilər.
Lakin Allah onlara Elçisini (s.ə.s) göndərdi və onu (s.ə.s) onların öz arasından seçdi. Onlar onun (s.ə.s) əsil nəcabətini[1] bilirdilər, onlara onun (s.ə.s) gözəl keyfiyyətləri, doğruçu və etibarlı[2] insan olması məlum idi. Rəbb ona (s.ə.s) Öz Kitabını nazil etdi, o (s.ə.s) isə onun ayələrini, yəni, hikmətli sözlərini insanlara oxuyurdu və bu onların qəlbinə iman bəxş edir və onların gerçəkliyinə şübhə etməyə imkan vermirdi. O (s.ə.s) onları təmizləyirdi, onları saleh xasiyyətli olmağa çağırmaqla və qüsurlardan və şərəfsizlikdən çəkindirməklə, xeyirxah əxlaqa malik olmanın üstünlüyünü onlara izah edirdi. O (s.ə.s) onlara Kitabı və Hikməti, yəni, Quranı və Sünnəni öyrədirdi və onların qarşısında əcdadlarının və müasirlərinin malik olduqları böyük biliklər meydanı açırdı.
Bunların sayəsində Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhabələri ən savadlı insanlardan oldular. Bundan başqa, onlar bütün alimlər və möminlər üçün təqlid ediləsi örnəyə çevrildilər. Peyğəmbərin (s.ə.s) səhabələrinə həm nəciblikdə, həm dindarlıqda və həm də haqq yola bağlılıqda bərabər olan yox idi. Onlar haqq yolla nəinki özləri gedirdilər, onlar həm də öz ardınca başqalarını da aparırdılar. Bunun sayəsində onlar möminlərin rəhbərləri və dindarların ilhamvericisi oldular. Fövqəluca Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) məhz onlara göndərməsi, onlar üçün Rəbbin ən böyük neməti oldu.