Al-Fatihah · 1:2
ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ
Həmd olsun aləmlərin Rəbbi Allaha,
Təfsir · əs-Səədi · Ayə 2
Bu, Allahın, kamil sifətlərinə və əməllərinə görə tərifləndiyi sözlərdir. O, bunları ya Öz mərhəməti, ya da ədaləti üzrə həyata keçirir. Həmd bütünlüklə Ona məxsusdur və O, bu tərifə tam layiqdir. O, təklikdə bütün aləmlərə hökmranlıq edir. Allahdan başqa bütün varlıqlar bu aləmlərə aiddir. O, Kainatı yaratmış, onun sakinlərini yaşamaq üçün vacib olan vasitələrlə təmin etmiş və onları geniş səxavəti ilə himayəsinə götürmüşdür. Onun himayəsindən məhrum olanlar yaşaya bilməzlər. Məxluqlarına iltifat etdiyi bütün nemətlər Fövqəluca Allahın hədiyyəsidir.
Fövqəluca Allahın hökmranlığı iki formamdadır: ümumi və xüsusi. Ümumi hökmranlıq – Onun məxluqları yaratmasında, onlara ruzi verməsində və doğru yol göstərməsində təzahür edir və buna müvafiq olaraq onlar bu dünyada öz yaşayışını qururlar. Xüsusi hökmranlıq isə, Allahın Öz sevimli qullarını dindarlıq ruhunda tərbiyə etməsində, iman gətirib, imanlarını təkmilləşdirmələrində onlara kömək etməkdə, onları doğru yoldan azdıra və Ondan uzaqlaşdıra bilən hər şeydən qorumaqda özünü göstərir. Bu hökmranlığın mahiyyəti ondan ibarətdir ki, Allah Öz qullarına hər hansı xeyirxahlığa doğru yolu asanlaşdırır və onları hər cür şərdən saxlayır. Ola bilsin ki, məhz buna görə, peyğəmbərlər çox vaxt öz dualarında Allahı özlərinin Rəbbi adlandırırdılar. Əslində, bu insanların məqsədi Allahın yalnız xüsusi hökmranlığı ilə bağlı idi.
Bu ayədə Fövqəluca Allah Özünü Aləmlərin Rəbbi adlandırır və bununla da vurğulayır ki, O tək yaradır, idarə edir və nemət verir. O zəngindir və Öz yaratdıqlarına ehtiyacı yoxdur. Əksinə, bütün yaradılmışlar Ona möhtacdır və hərtərəfli Ondan asılıdırlar.