Al-Fatihah · 1:4
مَٰلِكِ يَوْمِ ٱلدِّينِ
Haqq-hesab gününün Hökmdarına!
Təfsir · əs-Səədi · Ayələr 3–4
Hökmdar – səltənəti və hakimiyyəti Olandır və buna uyğun olaraq hökm verməyə və qadağalar qoymağa, mükafatlandırmağa və cəzalandırmağa, Öz tabeliyində olanları hökmü altında saxlamağa tam haqqı vardır. Əsil hakimiyyətin kimə mənsub olması xeyir və şərin əvəzinin veriləcəyi Gün aydın olacaqdır. Bu – Qiyamət gününün vəsflərindən biridir. Həmin gün insanlar öz xeyirli və bəd əməllərinin əvəzini alacaqlar. Məhz həmən gün Allahın yaratdığı məxluqlar Allahın hakimiyyətinin möhkəmliyini, Onun ədalətinin və müdrikliyinin kamilliyini aydın görəcəklər. Onlar əvvəllər olduqları hər şeyi itirəcəklər. Hökmdarlar və onların təbəələri, kölələr və azad insanlar – hamısı Rəbbin qarşısında bərabər, Onun əzəmətinə itaətkar və Onun qüdrəti önündə müti olacaqlar. Onlar Onun hökmünü gözləyəcək, Onun əcrini arzulayacaq və Onun intiqam alacağından dəhşətə gələcəklər. Bax buna görə Allah Özünü xeyir və şərin əvəzinin veriləcəyi Günün Hökmdarı adlandırmışdır, halbuki Onun hakimiyyəti bütün zamanları əhatə edir.