Al-Fatihah · 1:7
صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ
nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!
Təfsir · əs-Səədi · Ayə 7
Düz yol – Fövqəluca Allahın nemət bəxş etdiyi peyğəmbərlərin, doğru danışan möminlərin, şəhidlərin və təqvalıların yoludur. Bu, həqiqəti bildikdən sonra ondan üz çevirmişlərin və buna görə Onun qəzəbinə düçar olmuşların yolu deyildir. Məhz bu qismət yəhudilərə və onlara oxşayanlara nəsib olmuşdur. Bu, xristianlar və onlara oxşayanlar kimi, öz nadanlığı və yanlışlığı üzündən haqdan üz çevirərək azmışların da yolu deyildir.
Özünün ifadə və üslub yığcamlığına baxmayaraq, bu surə özündə, Quranın o biri surələrində olmayan şeyləri ehtiva edir. Onda tövhidin üç tərkib hissəsi əks olunmuşdur. Tək Allahın hökmranlığına iman "aləmlərin Rəbbi" sözləri ilə ifadə edilmişdir. Ancaq Allahın ibadətə layiq olmasına iman, "Allah" adının özündə və "Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım diləyirik" sözləri ilə bildirilir. Təkcə Allahın gözəl adların və kamil sifətlərin sahibi olmasına iman gətirilməsi "Əlhəmdulillah" (Allaha həmd olsun) sözlərindən irəli gəlir ki, bu barədə öncə bəhs etmişdik. Tövhidin bu tərkib hissəsi Fövqəluca Allahın Özünün təsvir etdiyi və Muhəmməd Peyğəmbərin (s. ə. s) Onu təsvir etdiyi bütün ad və sifətlərinə iman gətirməyi nəzərdə tutur. Eyni zamanda, Allahın sifətlərinin həqiqi mənasını dəyişmək və onları məxluqların sifətlərinə oxşatmaq yolverilməzdir.
Bu surədə Muhəmmədin (s. ə. s) peyğəmbərliyinin gerçəkliyinin dəlilləri vardır. Onlar "Bizi doğru yola yönəlt" sözlərində öz əksini tapmışdır. Həqiqətən, Peyğəmbərin (s. ə. s) şəriəti olmasaydı, bu mümkün olmazdı.
"Din gününün Sahibi" ifadəsində, insanların etdikləri əməllərə görə əvəzini hökmən alacaqlarına göstəriş vardır. Bu əvəz ədalətlə veriləcəkdir, çünki "din" ("əvəz") sözü məhz ədalətli qarşılıq verilməsini nəzərdə tutur.
Surə həmçinin qədərilərin və cəbbarilərin yanlış görüşlərini ifşa etməklə, insanların seçim haqqı olmasına baxmayaraq, mövcud olan hər şeyin Allahın qədərinə müvafiq baş verdiyini təsdiq edir. Bundan başqa surədə bütün bidət və zəlalət tərəfdarlarının nəzəriyyələri təkzib edilir, çünki "Bizi doğru yola yönəlt" sözləri müsəlmanları haqqı dərk etməyə və onları öz əməllərini lazımi qaydada yerinə yetirməyə yönəldir. Bidət, dində yenilikçilik və zəlalət tərəfdarlarının hər biri isə, hökmən düz yoldan üz çevirirlər.
Bununla yanaşı, bu surədə Fövqəluca Allaha səmimiyyətlə qulluq etməyə və kömək üçün yalnız Ona dua etməyə çağırış vardır. "Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım diləyirik" ayəsinin mənası da bundadır. Həmd yalnız aləmlərin Rəbbi Allaha məxsusdur!