Al-Hujurat · 49:10
إِنَّمَا ٱلْمُؤْمِنُونَ إِخْوَةٌۭ فَأَصْلِحُوا۟ بَيْنَ أَخَوَيْكُمْ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.
Təfsir · əs-Səədi · Ayə 10
Allah bu möhkəm bağla mömin müsəlmanların ürəklərini birləşdirmişdir. Müsəlman, harada olmasından asılı olmayaraq, - qərbdə və ya şərqdə, - o, Allaha, mələklərə, qüdsi Kitablara, elçilərə və Qiyamət gününə inanır. Deməli, o, bütün digər möminlərin hamısının qardaşıdır. Bu qardaşlığa görə hər bir mömin özü üçün arzu etdiyini qardaşı üçün də arzu etməli, özünə görə keçirdiyi həyəcanı qardaşı üçün də keçirməlidir. Buna görə, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) möminlərin qardaşlığını elan edərək, belə demişdir: “Bir-birinizə həsəd çəkməyin, malınızın qiymətini artırmayın, bir-birinizlə düşmənçilik etməyin və ey Allahın qulları, qardaş olun! Müsəlman müsəlmanın – qardaşıdır: o onu incitmir, köməyini ondan əsirgəmir və aldatmır”. Bu hədisi əl-Buxari və Müslüm rəvayət etmişlər.
Onlar bir hədis də rəvayət etmişlər ki, onda Peyğəmbər (s.ə.s.) belə demişdir: “Möminlər tikiliyə bənzərlər: onlar bir-birilərini saxlarlar”. Bunu söyləyib, o (s.ə.s.) hər iki əlinin barmaqlarını bir-birinə keçirdi.
Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) möminlərə mömin qardaşları qarşısında öz vəzifələrini qüsursuz yerinə yetirməyi buyurublar və bunun sayəsində müsəlmanları həmişə qarşılıqlı məhəbbət və razılıq hissi birləşdirir. Bu səmimi hisslər onları bir-birinə qayğı göstərməyə yönəldir və onlar möminləri barrikadaların müxtəlif tərəflərində və bir-biri ilə döyüşə başlamaq istədiklərini və ürəklərinin isə kin-küdurətlə dolduğunu gördükdə, var qüvvələri ilə mübahisəyə girişən qardaşları barışdırmağa, onların ədavəti və nifrətinin alovunu söndürməyə can atırlar.
Sonra Fövqəluca Ondan qorxmağı əmr edərək bildirir ki, yalnız öz mömin qardaşının haqqına hörmət edənlər və onların qarşısında bütün borclarını yerinə yetirənlər təqvalı mömin sayıla bilər. Təkcə belə səmimi təqvalılıq möminlərə Allahın mərhəmətinə nail olmaqda kömək edər. Onun əfv etdiyi isə həm bu dünyada, həm də ölümdən sonra ən böyük qismət əldə edəcəkdir.
Bu ayə birmənalı şəkildə təsdiq edir ki, insanın müsəlmanların qarşısında vəzifələrini yerinə yetirməməsi, onu Rəbbin mərhəmətindən olduqca çox uzaqlaşdırır. Əgər bu ayəni öncəki ilə əlaqələndirsək, onda aydın olacaq ki, müsəlmanlar arasında döyüş möminlərin qardaşlığı ilə bir araya sığmazdır və buna görə ən böyük günahlardandır. Lakin bununla yanaşı, bir-biriləri ilə vuruşan müsəlmanlar möminlikdən və qardaşlıqdan çıxmırlar. Həm bu, həm də digər bütün böyük günahlarda olduğu kimi, Allaha şərik qoşanlar istisna olmaqla, insan islamdan çıxmır[3]. Sünnənin bütün ardıcılları və vahid müsəlman ümməti tərəfdarları buna qəti əmindirlər.
Onların hamısı, müsəlmanların möminləri ədalətlə barışdırmalı olmaları barədə və onların arasından digər müsəlmanların haqlarına təcavüz edənlərə və Allahın hökmünə itaət etmək istəməyənlərə qarşı vuruşmalı olmaları barədə yekdildirlər. Amma əgər onlar bütün məsələlərdə Onun şəriətinə itaət etməyə razılaşsalar, onda onlar razılığa gələnlərlə müharibəyə son verməlidirlər. Möminlərlə müharibəyə gəldikdə isə, bilmək lazımdır ki, heç kəs digər müsəlmanların malına qəsd etmək haqqına malik deyil, çünki Fövqəluca zorakılıq törədərək, tövbə etmək istəməyən müsəlmanları öldürməyə icazə versə də, onların malının mənimsənilməsinə yol verməmişdir.