Al-Hujurat · 49:11
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا يَسْخَرْ قَوْمٌۭ مِّن قَوْمٍ عَسَىٰٓ أَن يَكُونُوا۟ خَيْرًۭا مِّنْهُمْ وَلَا نِسَآءٌۭ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيْرًۭا مِّنْهُنَّ ۖ وَلَا تَلْمِزُوٓا۟ أَنفُسَكُمْ وَلَا تَنَابَزُوا۟ بِٱلْأَلْقَٰبِ ۖ بِئْسَ ٱلِٱسْمُ ٱلْفُسُوقُ بَعْدَ ٱلْإِيمَٰنِ ۚ وَمَن لَّمْ يَتُبْ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
Təfsir · əs-Səədi · Ayə 11
Fövqəluca müsəlmanların bir-birinə dair növbəti vəzifələrini xatırladır və müsəlmanları lağa qoymağı qadağan edir. Bu, bir müsəlmanın digərini alçalda biləcək bütün xoşagəlməz sözlərinə və acıq verən hərəkətlərinə aiddir. Bu – böyük günahdır və islam belə müraciətləri qəti surətdə qadağan edir.
İnsanlara belə münasibət göstərilməsi, bir qayda olaraq, təkəbbür və dikbaşlıqdan irəli gəlir. Amma özündənrazı lovğanın istehza etdiyi adam onun özündən də yaxşı ola bilər. Əsil həqiqətdə, çox vaxt belə də olur, çünki başqalarını məsxərəyə qoymağa yalnız ürəkləri pozğun sifətlərlə dolu, nəciblikdən və digər müsbət məziyyətlərdən məhrum, yaramaz əxlaq sahibi olan adamlar yol verirlər. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Müsəlman qardaşına nifrət edirsə, deməli o, kifayət qədər pislik etmişdir».
Ey iman gətirənlər! Nə sözünüzlə, nə də əməlinizlə bir-birinizi ləkələməyin. Rəbb sizə hər ikisini də qadağan etmişdir ki, sizi Cəhənnəm Odundan qorusun. Yadınıza salın Onun buyurduğunu:: “Vay halına hər bir qeybətçinin və ürəksındıranın!” (Huməzə, 104/1).
Allahın: “Özünüzü incitməyin” ifadəsi bütöv bir bədənin hissələrinə bənzəyən müsəlmanların vəhdətini xüsusilə vurğulayır. Bundan başqa, insan bir başqasını təhqir edəndə, onu özünə qarşı eyni tərzdə cavab qaytarmağa təhrik edir və belə çıxır ki, o, özü özünü təhqir edir.
Öz qardaşlarınızı xoşagəlməz ləqəblərlə hirsəndirməyin və onlara ayama qoşmayın. Ləqəblərə gəldikdə isə, insanın ləyaqətini alçaltmayan və insanın özünün etiraz etmədiyi ləqəblər bu ayənin tələblərinə aid deyildir və onlar şəriətlə qadağan edilməmişdir.
İnsanın imanı və möminliyi unutması, Allahın hökümlərini pozması, günah işlətməsi və şərəfsizlik yayması çox pisdir. Bunlardan biri də müsəlmanı incidən ləqəblərlə onu çağırmaqdır. Kim öz din qardaşını incidərsə, Allaha tövbə etməli, layiq olmadığı halda təhqir etdiyi insandan bağışlanma diləməli və bundan sonra onun haqqında yalnız yaxşı rəydə olmalıdır. Kim tövbədən imtina etsə, günahkar və zalımdır. Buna görə bütün insanlar iki dərəcəyə bölünürlər: onlar ya tövbə etməyən günahkarlar, ya da tövbə etmiş möminlər olur. Üçüncüsü – yoxdur!