Al-Hujurat · 49:7
وَٱعْلَمُوٓا۟ أَنَّ فِيكُمْ رَسُولَ ٱللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِى كَثِيرٍۢ مِّنَ ٱلْأَمْرِ لَعَنِتُّمْ وَلَٰكِنَّ ٱللَّهَ حَبَّبَ إِلَيْكُمُ ٱلْإِيمَٰنَ وَزَيَّنَهُۥ فِى قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ ٱلْكُفْرَ وَٱلْفُسُوقَ وَٱلْعِصْيَانَ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلرَّٰشِدُونَ
Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.
Təfsir · əs-Səədi · Ayə 7
Heç vaxt unutmayın ki, alicənab, sədaqətli, müdrik tərbiyəçi, sizin üçün yaxşılıqdan başqa heç nə arzulamayan Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) sizin aranızdadır. O (s.ə.s), sizə, sizin özünüzdən daha yaxşı qayğı çəkir, çünki siz, adətən, əksər hallarda, onun (s.ə.s.) əmrini pozaraq, özünüz özünüzə pislik edir və zərər vurursunuz. Əgər o (s.ə.s.), qərar qəbul edərkən bütün məsələlərdə sizin istədiyinizi etsəydi, onda siz mütləq bəlaya düçar olardınız. Lakin bu baş vermir, çünki o (s.ə.s.) sizə doğru yol göstərir.
Fövqəluca sizin qəlblərinizdə haqqa məhəbbət bəsləmək hissi yerləşdirmişdir və onun sayəsində siz haqqı hər şeydən üstün tutursunuz, sizin qəlbiniz ona meyl edir və ona iman gətirməyə hazırdır. Sonra O (Pak və Müqəddəs), sizə haqqı izah etmiş və onun təsdiqi üçün sizə çoxsaylı möcüzələr və dəlillər göstərmiş və nəhayət, O (Pak və Müqəddəs), sizə Rəbbinizin doğru yoluna gəlməyə kömək etmişdir. O (Pak və Müqəddəs), sizn ürəklərinizdə şərə qarşı nifrət oyatmış və günah işlədilməsinə ikrah hissi aşılamış və onların qüsurluluğunu və ziyankarlığını sizə açıqlamış və sizi onlara meyl etməkdən xilas etmişdir.
Allahın mərhəməti sayəsində imanı ən nurlu və gözəl gerçəklik kimi sevən və kafirliyə, şərəfsizliyə və itaətsizliyə nifrət edən insanlar mömindirlər və onlar doğru yolla gedirlər. Onların baxışları düzgündür, əməlləri isə xeyirxahdır, çünki onlar haqq dinə gəlmişlər və doğru yolla gedirlər.
Onların düşmənləri isə yollarından azmış və azğınlığa düşmüşlər: onlar kafirliyi, şərəfsizliyi və itaətsizliyi sevmiş və imana və möminliyə kin-küdurət bəsləmişlər. Həqiqətən, bundan daha ağır günah yoxdur və buna görə də Allah onların ürəklərini möhürləmişdir. Şərəfli Quran buyurur: “...Onlar yoldan sapan kimi, Allah da onların ürəklərini sapdırmışdır...” (Səff, 61/5). Haqq onlara gəldi, lakin onlar ona iman gətirmədilər və qəlbləri kor oldu.