At-Taghabun · 64:11
مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ يَهْدِ قَلْبَهُۥ ۚ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ
Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir.
Təfsir · əs-Səədi · Ayə 11
İnsana nəsib olan müsibətlər Allahın izni ilə olur və bu, insanla, onun malı ilə, övladları ilə, sevdikləri ilə və s. ilə baş verə bilən bütün bəlalara aiddir. Bu bədbəxtliklər Allahın təyin etdiyi qədərə və taleyə tabedir. Allah onların barəsində onlar insanların başına gəlməzdən əvvəl bilirdi və Qələmə onları Mühafizəolunan Kitabında yazmağı əmr etmiş və baş verməsinə icazə vermişdi, çünki bunu Onun ilahi hikməti tələb edirdi.
Lakin məsələnin əsas mahiyyəti bu mürəkkəb şəraitdə insanın öz vəzifəsini yerinə yetirməsində və ya yetirməməsindədir. Əgər o, onu yerinə yetirirsə, onda o, həm bu dünyada, həm də Axirətdə bol mükafata və gözəl əvəzə layiq görüləcək. Bundan ötrü insan inanmalıdır ki, bu müsibət onun başına Allahın icazə ilə gəlmişdir və buna narazılıq göstərməməli və Rəbbin sərəncamına itaət etməlidir. Yalnız belə olduqda, O (Pak və Müqəddəs), onun qəlbini doğru yola yönəldər və belə insan, Allaha imandan və Onun köməyindən məhrum olanlardan fərqli olaraq, bundan rahatlıq tapar və heç bir müsibət onu təşvişə və həyəcana qərq etməz. Bundan başqa, Allah ona çətinliklər qarşısında dözümlü və layiqincə səbirli olmaqda kömək göstərər və bunların sayəsində insan tezliklə yer üzündə mükafat alar, Allah isə onun üçün Qiyamət gününə böyük Mükafat hazırlayar. Bu barədə Fövqəluca belə buyurur: «...Həqiqətən, səbirlilərə onların mükafatı tamamilə hesabsız veriləcəkdir” (Zumər, 39/10).
Bütün bunlardan aydın olur ki, müsibətlər zamanı Allaha layiqincə inanmayanları, baş verənləri Allahın yazdığı qədəri və tale ilə izah etməyənləri, hər şeyi yalnız gördüyü səbəblərlə əsaslandırmağa cəhd göstərənləri Allah Öz yardımından məhrum edir və onların müqəddəratını özlərinə həvalə edir. Əgər bu baş verərsə, onda insan qorxu və vahimə ilə dolu nəfsinin hakimiyyəti altına düşəcək və bu zaman hiss etdiyi dəhşət bu dünyada onun cəzası olmaqla yanaşı, layiqincə səbirlilik göstərmədiyinə görə Axirət həyatında alacağı cəza haqqında bir xəbərdarlıq olacaqdır.
Fövqəlucanın «...Allaha iman gətirənin qəlbini O, doğru yola yönəldir...” sözlərini, müsibətin düçar olduğu möminin rəftarından bəhs edən bu ayənin mətninə uyğun olaraq, məhz belə şərh etmək lazımdır.
Onun daha geniş baxımdan mənasına gəldikdə isə, bu – Allaha, mələklərə, Kəramətli Kitablara, elçilərə, Qiyamət gününə, xeyri və şəri ilə qədərə iman gətirən və sonra da imanının səmimiliyini işləri ilə təsdiq edən hər kəs hər sahədə: nitqində və əməllərində, biliyində və işlərində Allahın ona doğru yol göstərməsinə layiqdir.
Allahın möminlərə əta edəcəyi ən böyük Mükafat da elə budur! Buna görə O (Pak və Müqəddəs), bildirir ki, həm dünya, həm də Axirət həyatında möminlərə yardım göstərir: “Allah möminləri dünya həyatında və Axirətdə qəti sözü ilə müdafiə edir...” (İbrahim, 14/27). Onun köməyi – mənəvi dözüm, səbirlilik və sarsılmaz etiqaddır ki, hətta insanın nəfsi onu azdırmaq istəyəndə belə, bu məziyyətlər onu tərk etmir. Bax buna görə də kafirlərin və şübhə edənlərin ürəyinə nisbətən möminlərin ürəyi doğru yola daha çox bağlıdır və sarsıntılar zamanı daha dözümlüdür.