At-Taghabun · 64:8
فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِىٓ أَنزَلْنَا ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ
Elə isə Allaha, Onun Elçisinə və nazil etdiyimiz Nura (Qurana) iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir · əs-Səədi · Ayə 8
Allah dirilməni inkar edənləri yalançılıqda ifşa etdikdən sonra, bildirir ki, məhz Qiyamət gününün inkarı insanları allahsızlığa, Allahın möcüzələrini qəbul etməməyə sövq edir və O (Pak və Müqəddəs), qullarına həlak olmaqdan və bədbəxtliklərdən qorunmağın mümkün olduğunu göstərir. Bundan ötrü onlar Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və Onun Kitabına iman gətirməlidirlər.
Fövqəluca Öz Kitabını Nur adlandırır, çünki yalnız nur zülmətə qarşı dura bilər, Allahın Quranda nazil etdiyi hökümlər, qanunlar və hekayətlər isə bir məşəl kimi, cahilliyin qatı qaranlığında insanların yolunu işıqlandırır.
Əgər kimsə öz həyatında Allahın Kitabından başqa bir təlimə əsaslanarsa, o, ona faydadan çox zərər, xeyirdən çox şər gətirər. Bundan başqa, bu yalançı təlimlərin bəzilərində nə xeyir var, nə də fayda, çünki istənilən təlim insanların xeyri üçün o vaxt yararlı olur ki, o, Allahın elçilərinin (onlara salam olsun!) özləri ilə gətirdiyinə uyğun gəlmiş olsun.
Allaha, Onun elçisinə və Onun Kitabına iman gətirən insandan tam qətiyyət, səmimi etiqad tələb edilir və bu – Rəbbin hökümlərini yerinə yetirməklə, Onun qadağan etdiyi hər şeydən çəkinməklə nəticələnir. Bunu yadda saxlayın və bilin ki, Allah sizin nə etdiyinizdən xəbərdardır və sizə bütün xeyirxah və yaramaz əməllərinizin əvəzini mütləq verəcəkdir.