At-Taghabun · 64:15
إِنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَٰدُكُمْ فِتْنَةٌۭ ۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ
Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır. Böyük mükafat isə Allah yanındadır.
Təfsir · əs-Səədi · Ayələr 14–15
Allah bu sözlərlə möminləri öz zövcələri və övladları tərəfindən fitnəyə salına biləcəkləri barədə xəbərdar edir, çünki onların bəziləri onlara o mənada düşməndirlər ki, hər kəs insana pislik arzu etsə, onun düşməni olar. Buna görə möminlər onlara pislik arzu edənlərdən ehtiyat etməlidirlər və yadda saxlamalıdırlar ki, zövcələrinə və övladlarına məhəbbət insan qəlbinin təbiətinə daxildir.
Fövqəluca qullarına izah edir ki, bu məhəbbət bəzən insanı zövcələrinin və övladlarının, hətta Allahın qanunlarına zidd olan, istəklərini yerinə yetirməyə sövq edir. Buna görə O (Pak və Müqəddəs), yalnız Onun əmrlərini icra etməyi və, ilk növbədə, Onun lütüfkarlığına nail olmağa can atmağı əmr etmiş və onlara buna görə böyük mükafat vəd etmişdir. Bu mükafat onların ən ülvi arzularının həyata keçməsini təmin edəcək və onların xəyallarında bəslədikləri ən böyük diləkləri gerçəkləşəcəkdir. Allah bu minvalla möminləri Axirəti bu dünyadan daha çox sevməyə dəvət edir.
İnsanı Allaha itaətsizlik etməyə sövq edən zövcələr və övladlar qınanmağa və cəzalandırılmağa layiq olduqları üçün, Rəbb kişilərə əmr edir ki, onlarla[4] yumşaq davransınlar və onları bağışlasınlar. Əgər siz onları bağışlasanız, onlara mərhəmət göstərsəniz və rəhm etsəniz, onda sizin alicənablığınız sizə böyük fayda verər, axı Allah – Bağışlayandır, Rəhimlidir. Onun verəcəyi əvəz insanların etdikləri əməllərinə uyğun olacaqdır.
Kim bağışlamağı bacarırsa, Allah da onu bağışlayır. Kim rəhimlidirsə, Allah da ona rəhm edər. Kim Onun hökümlərini Onun istədiyi kimi icra edir və insanlara onların istədikləri kimi münasibət bəsləyirsə və onlara fayda verirsə, o, Onun məhəbbətinə, Onun qullarının məhəbbətinə layiq görülür və doğru yolda sabitqədəm olur.