Al-Mumtahanah · 60:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ عَدُوِّى وَعَدُوَّكُمْ أَوْلِيَآءَ تُلْقُونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَقَدْ كَفَرُوا۟ بِمَا جَآءَكُم مِّنَ ٱلْحَقِّ يُخْرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمْ ۙ أَن تُؤْمِنُوا۟ بِٱللَّهِ رَبِّكُمْ إِن كُنتُمْ خَرَجْتُمْ جِهَٰدًۭا فِى سَبِيلِى وَٱبْتِغَآءَ مَرْضَاتِى ۚ تُسِرُّونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَأَنَا۠ أَعْلَمُ بِمَآ أَخْفَيْتُمْ وَمَآ أَعْلَنتُمْ ۚ وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib sirrinizi açıb deyirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar.
Təfsir · əs-Səədi · Ayə 1
Quranın bir çox şərhçilərinin rəyinə görə, bu ayələr Xatıb b. Əbu Bəltəə ilə əlaqədar nazil edilmişdi. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Məkkə üzərinə yürüşə hazırlaşarkən, Xatıb Məkkə müşriklərinə bir məktub yazmış və onda Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) planları haqqında xəbər vermişdi. Xatıb Allahın dininə şübhə etməmişdi və onun hərəkəti ikiüzlülük və münafiqlik deyildi. O, bu addımı ona görə atmışdı ki, qureyşlilər onun Məkkədə yaşayan ailəsinə ehtiramla yanaşsınlar. O, məktubu bir qadınla göndərmişdi və Fövqəluca bunu Elçisinə (ona Allahın salavatı və salamı olsun!) xəbər vermişdi. Onda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də qadın Məkkəyə çatmamış, ona çatıb məktubu ondan almağı tapşırmışdı. O (s.ə.s.), Xatıbi bu hərəkətinə görə qınamışdı, lakin ona bəraət qazandıran səbəbi dinlədikdən sonra, onu bağışlamışdı.
Bu barədə nazil edilmiş ayələrdə Fövqəluca möminlərə kafirlərlə dostluq etməyi, onların müşrik və ya hər hansı başqa birisi olmasına baxmayaraq, qəti şəkildə qadağan etmişdir. O (Pak və Müqəddəs), onlarla mehriban dostluq əlaqələri yaratmağı haram etmiş və bildirmişdir ki, bu haqq dinlə və Allahın sevimlisi İbrahim peyğəmbərin (ə) düz yolu ilə bir araya sığmır. Bundan başqa, bu, sağlam təfəkkürə də ziddir, çünki o, insanı var qüvvəsi ilə düşməndən qorunmağa yönəldir. Bu düşmən, əleyhdarı olan müsəlmanlarla mübarizədə qüvvələrini əsirgəmir və onlara zərər vurmaq üçün hər bir imkandan istifadə etməyə hazırdır.
Ey möminlər! Bu sözlər sizə yönəldilmişdir ki, siz dininizin tələblərini yerinə yetirəsiniz, möminləri sevəsiniz və düşmənlərinizə qarşı ədavət bəsləyəsiniz, çünki onlar Allahın düşmənləridir. Mənim düşmənlərimlə və öz düşmənlərinizlə dostluq əlaqələri yaratmayın. Siz onlara öz dostluğunuzu təklif edəndə onlarla sıx əlaqələr yaratmağa və onların rəğbətini qazanmağa çalışırsınız ki, bu sizi, öz növbəsində, mütləq onları sevməyə və onlara kömək göstərməyə məcbur edəcək. Onda isə siz dinin ağuşunu tərk edəcəksiniz və özünüz də kafir olacaqsınız.
Kafirlərlə dostluq edən insan igidlikdən məhrumdur, əks halda, o, özünün ən qatı düşməninə, onun üçün pislikdən başqa heç nə arzulamayana və ona yalnız xeyirxahlıq arzulayan, yaxşılıq öyrədən və yaxşılıq etməyi buyuran Rəbbinin və Himayədarının əleyhinə çıxana mehribancasına yanaşmazdı.
Ey iman gətirənlər! Kafirlər sizə gəlmiş haqdan üz döndərmişlər və artıq təkcə buna görə sizin ədavətinizə və nifrətinizə layiqdirlər. Sizin, Allahın dininin əsaslarını inkar edənlərlə və məhz sizi yolunuzdan azmış hesab edənlərlə ziddiyyətinizdən daha böyük ziddiyyət və qarşıdurma yoxdur. Onlar şübhə edilməsi mümkün olmayan haqdan üz döndərmişlər. Buna görə onlar dəlillərdən məhrumdurlar və sizə öz iddialarının doğruluğunu sübut etməyə qabil deyillər. Bundan başqa, haqq barəsində sadə bir təsəvvür kifayətdir ki, onların baxışlarının yalançılığı və nöqsanlılığı üzə çıxsın.
Onlar özlərinin sizə qarşı bəslədikləri azğın ədavətindən Elçini (ona Allahın salavatı və salamı olsun!) və sizi öz isti ocaqlarınızdan və doğma yerlərinizdən qovurlar. Siz onların qarşısında heç bir günah işlətməmisiniz – məsələ orasındadır ki, siz Vahid Rəbbə iman gətirirsiniz. Bütün məxluqlar da Ona ibadət etməlidirlər, çünki O (Pak və Müqəddəs), onları tərbiyələndirmiş və onlara Öz nemətlərini əta etmişdir – bunların bir hissəsini onlar görə bilir, bir hissəsini isə onların gözləri görə bilmir. Siz Onun qarşısında öz ən vacib vəzifənizi yerinə yetirməyə mütiliklə razılıq vermisiniz, onlar isə ondan üz döndərmişlər və sizinlə düşmənçilik etməyə başlamış, sizi ev-eşiyinizi tərk etməyə məcbur qoymuşlar.
Havaxt, harada yaşamalarından asılı olmayaraq bu xislətlərə mütləq malik olan kafirlərlə dostluq edənlərin imanı, igidliyi və ağlı haradadır? Həqiqətən, onları möminlərə qarşı mübarizədən yalnız qorxu və ya yenilməz bir qüvvə saxlaya bilər.
Əgər siz Allahın Sözünü ucaltmaq və bunun uğrunda mübarizə etmək istəyirsinizsə, onda siz möminlərə yaraşan tərzdə davranın: etiqadınız üzrə qardaşlarınızı sevin və öz düşmənlərinizə nifrət bəsləyin. Bu – Allah yolunda ən əzəmətli mübarizə və Ona yaxınlaşmağın və Onun lütüfkarlığını qazanmağın ən yaxşı üsuludur.
Siz hər şeyin, gizlətdiyinizin də, açıqladığınızın da Allaha məlum olduğunu bildiyiniz halda, kafirlərə bəslədiyiniz dostluq hisslərinizi necə gizli saxlaya bilərsiniz?! Siz ürəklərinizdəki sirləri möminlərdən gizlədə bilərsiniz, lakin onları Allahdan gizlətmək olmaz. O (Pak və Müqəddəs), qullarına yaxşı və pis əməllərinə görə mütləq əvəz verəcəkdir. Bundan sonra da sizdən kimsə, Rəbbin xəbərdarlığına baxmadan, kafirlərə dostluq hissləri bəsləyərsə, onda o, şəriətin, sağlam düşüncənin və insan ləyaqətinin yönəltdiyi yoldan yayınmış olar.