Al-Mumtahanah · 60:10
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا جَآءَكُمُ ٱلْمُؤْمِنَٰتُ مُهَٰجِرَٰتٍۢ فَٱمْتَحِنُوهُنَّ ۖ ٱللَّهُ أَعْلَمُ بِإِيمَٰنِهِنَّ ۖ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِنَٰتٍۢ فَلَا تَرْجِعُوهُنَّ إِلَى ٱلْكُفَّارِ ۖ لَا هُنَّ حِلٌّۭ لَّهُمْ وَلَا هُمْ يَحِلُّونَ لَهُنَّ ۖ وَءَاتُوهُم مَّآ أَنفَقُوا۟ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ ۚ وَلَا تُمْسِكُوا۟ بِعِصَمِ ٱلْكَوَافِرِ وَسْـَٔلُوا۟ مَآ أَنفَقْتُمْ وَلْيَسْـَٔلُوا۟ مَآ أَنفَقُوا۟ ۚ ذَٰلِكُمْ حُكْمُ ٱللَّهِ ۖ يَحْكُمُ بَيْنَكُمْ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ
Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. Kafirlərin bu qadınlara sərf etdikləri mehri özlərinə qaytarın. Həmin qadınların mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da mömin qadınlara sərf etdikləri mehri sizdən tələb etsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm verir. Allah Biləndir, Müdrikdir.
Təfsir · əs-Səədi · Ayə 10
Xudeybiyyə sülh müqaviləsinin şərtləri Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) onlardan qaçıb Mədinəyə pənah gətirən bütün müsəlmanları müşriklərə qaytarmağa məcbur etmişdi. Sülh müqaviləsinin mətni ümumi xarakter daşıyırdı və həm kişilərə, həm də qadınlara aid idi.
Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) kişiləri kafirlərə qaytarmağı qadağan etməmişdi. Bu, onun (s.ə.s.) öz vəzifələrini yerinə yetirə bilməsi və, əslində, müsəlmanlara böyük fayda gətirmiş sülhü pozmaması üçün zəruri idi.
Lakin Rəbb iman gətirmiş qadınları kafirlərə qaytarmağı qadağan etmişdi, çünki belə bir addım öz ardınca bir çox zərərli nəticələr verə bilərdi. Allah müsəlmanlara əmr etmişdi ki, onların yanına hicrət edərək, köçüb gəlmiş müsəlman qadınları onların imanının səmimiliyinə şübhə yarandıqda sınaqdan keçirsinlər ki, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) sadiq qalanları və əri ilə görüşmək və ya, sadəcə, başqa bir şəhərə köçmək və yaxud da hər hansı başqa dünyəvi fayda əldə etmək məqsədi olanları ayırd etmək mümkün olsun.
Hicrət edən qadınların yalnız dünyəvi məqsədlər güddüyü aşkar edildikdə, Allah onları kafirlərə qaytarmağı tapşırmışdı ki, müqavilənin şərtləri yerinə yetirilsin və pis nəticələr törənməsin. Əgər aydın olduqda və ya sınaq nəticəsində aşkar olduqda ki, onlar səmimi iman gətirmişlərdir, onda onları geri qaytarmaq olmazdı, çünki kafirlərə onlarla evlənməyə icazə verilmirdi, mömin qadınlara isə kafirlərə ərə getmək qadağan edilmişdi.
Beləliklə, Allah, mömin müsəlman qadınların bütpərəstlərə qaytarılmasının əhəmiyyətli dərəcədə zərərli nəticələr verə biləcəyini və müsəlmanların onların yanına hicrət etmiş möminləri qaytarmaq haqqında öhdəliklərini nəzərə almış və iman gətirmiş qadınlara qayğı göstərməyi və onları kafirlərə qaytarmamağı, əvəzində isə, onların kafir arvadlarını onlara göndərməyi, onlara məhrum olduqları arvadlarına sərf etdikləri mehri qaytarmağı əmr etmişdi.
Bundan başqa, O (Pak və Müqəddəs), müsəlmanlara həmin qadınlarla, hətta onların kafir ərləri olmasına baxmayaraq, evlənməyə icazə vermiş, bir şərtlə ki, müsəlmanlar öz gələcək zövcələrinə çatası nikah mükafatı olan mehr verə və onları layiqincə təmin edə bilsinlər.
Onlar kafirlikdən əl çəkmədikcə müsəlman qadın kafirə ərə gedə bilməz və müsəlman kişi də, kafir qadın öz küfründən əl çəkmədikcə, onunla evlənə bilməz. Yalnız Kitab əhlindən olan qadınlar istisna təşkil edirlər. Allah müsəlman kişilərə onlarla evlənməyə icazə vermişdir.
Ey möminlər! Siz öz kafir arvadlarınızı kafirlərə göndərən zaman öz sabiq zövcələrinizə ödədiyiniz mehrin sizə qaytarılmasını tələb edin. Əgər kafirlər sizə qaytarmalı olduqlarını özlərində saxlasalar, onda sizə icazə verilir ki, bu məbləği, islamı qəbul etdikdən sonra kafirləri tərk etmiş arvadlarına görə qaytarmalı olduğunuz mehrin məbləğindən çıxasınız.
Bu ayə təsdiq edir ki, əgər ər öz zövcəsi ilə ər-arvadlıq həyatına son verirsə, onda bunun əvəzini almaq haqqına malikdir. Əgər nikah bağlandıqdan sonra, kimsə xəbər versə ki, ər süd qohumluğu və ya hər hansı başqa bir səbəb üzündən öz arvadı ilə nikahda ola bilməz, onda bu barədə xəbər vermiş adam ərə, onun mehrə sərf etdiyi məbləği ödəməlidir.
Allah sizə Öz iradəsini belə ifadə etmiş və açıqlamışdır. Bilən və Müdrik adları Onun gözəl adlarındandır. O (Pak və Müqəddəs), sizin üçün hansı qanunların məqbul olduğundan xəbərdardır və Öz müdrikliyinə və mərhəmətinə müvafiq olaraq onları sizin üçün təsdiq edir.