Al-Mumtahanah · 60:12
يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِذَا جَآءَكَ ٱلْمُؤْمِنَٰتُ يُبَايِعْنَكَ عَلَىٰٓ أَن لَّا يُشْرِكْنَ بِٱللَّهِ شَيْـًۭٔا وَلَا يَسْرِقْنَ وَلَا يَزْنِينَ وَلَا يَقْتُلْنَ أَوْلَٰدَهُنَّ وَلَا يَأْتِينَ بِبُهْتَٰنٍۢ يَفْتَرِينَهُۥ بَيْنَ أَيْدِيهِنَّ وَأَرْجُلِهِنَّ وَلَا يَعْصِينَكَ فِى مَعْرُوفٍۢ ۙ فَبَايِعْهُنَّ وَٱسْتَغْفِرْ لَهُنَّ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ
Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir · əs-Səədi · Ayə 12
Bu ayədə sadalanan şərtlər “mömin qadınların andı” adlandırılır. Onlar Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) sadiq olacaqlarına and içmişdilər və ömürlərinin son gününədək həm kişilərə, həm də qadınlara aid olan bütün hökümləri yerinə yetirəcəklərinə söz vermişdilər. Kişilərə gəldikdə isə, onlara bir qədər daha çox öhdəlik vacib qılınmışdı ki, bu da onların mövqeyi və imkanları ilə bağlı idi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allahın ona (s.ə.s.) əmr etdiklərini sözsüz yerinə yetirirdi və əgər qadınlar onun (s.ə.s.) yanına gələrək, həmin şərtləri yerinə yetirməyə and içirdilərsə, onda onların andını qəbul edirdi, onları xoş sözlərlə ruhlandırırdı və Allahdan onların nöqsanlarını bağışlamağı və onları mömin etməyi diləyirdi.
Eyni zamanda iman gətirmiş qadınlar and içirdilər ki, Allaha şərik qoşmayacaq və yalnız tək Rəbbə ibadət edəcəklər, oğurluq etməyəcək və ərəb cahillərinin çox vaxt etdikləri kimi, zinakarlıqla məşğul olmayacaqlar; cahiliyyə dövründə bütpərəstlərin davrandığı kimi, öz təzə doğulmuş qız uşaqlarını diri-diri basdıraraq öldürməyəcəklər; ərlərinə və digər insanlara qarşı böhtan atmayacaqlar; yalnız xeyirxah əməllər işləməyi və yaramaz əməllərdən çəkinməyi tələb edən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) hökümlərinə itaətsizlik göstərməyəcəklər. Məhz buna görə o (s.ə.s.) qadınlara dəfn mərasimlərində hönkürtü ilə ağlamağı, öz paltarını cırmağı, öz üzünü cırmaqlamağı və islamaqədərki cahillik dövründə edildiyi kimi ölünün üstündə, ardınca ağı deyib, vay-şivən qoparmağı qadağan etmişdi.
Əgər onlar buna sadiq qalsalar, onda onların andını qəbul et və Allahdan xahiş et ki, onların qüsurlarını bağışlasın ki, onların qəlbi daha da təmizlənsin. Axı Allah günahkarları bağışlayır və tövbə edənlərin tövbəsini qəbul edir, Onun mərhəməti isə hər şeyi qapsayır və bütün məxluqlara himayə edir.