Al-Mumtahanah · 60:4
قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌۭ فِىٓ إِبْرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذْ قَالُوا۟ لِقَوْمِهِمْ إِنَّا بُرَءَٰٓؤُا۟ مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ ٱلْعَدَٰوَةُ وَٱلْبَغْضَآءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا۟ بِٱللَّهِ وَحْدَهُۥٓ إِلَّا قَوْلَ إِبْرَٰهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَآ أَمْلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَىْءٍۢ ۖ رَّبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ ٱلْمَصِيرُ
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!”– deməsi istisnadır. Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.
Təfsir · əs-Səədi · Ayə 4
Ey möminlər! İbrahim (ə) və onun (ə) iman gətirmiş ardıcılları möminliyin nümunəsi idilər və əgər siz onların yolu ilə getsəniz, çoxlu nemətlər əldə edərsiniz. Məhz buna görə sizə buyurulmuşdur ki, səmimiyyət və sədaqətlə onların ardınca gedin. Onlar öz qohum-əqrabalarından və onların bütlərindən üz döndərdilər. Sonra onlar ən parlaq şəkildə onlara düşmən olduqlarını bəyan etdilər və dedilər: “Biz ürəklərimizdə sizə nifrət bəsləyirik, bədənlərimiz isə sizinlə ədavətə hazırdır. Biz sizi, əvvəllər olduğu kimi sevmirik – bundan sonra sevginin yerini nifrət tutmuşdur ki, onun sonu və hüdudu yoxdur. O, bizi, siz kafirlik burulğanında azğınlıq edənədək və Vahid Allaha iman gətirməyənədək, sizdən həmişə ayıracaq. Əgər siz Vahid Allaha iman gətirsəniz, onda biz düşmənçiliyi və nifrəti unudarıq, çünki sizi bütün qəlbimizlə sevərik».
Ey iman gətirənlər! İbrahim peyğəmbər (ə) və onun (ə) mömin ardıcılları sizə həqiqi imana və tövhid dininə etiqad etməklə və Vahid Allaha necə ibadət etməklə bağlı gözəl ibrət dərsi vermişlər. Yalnız İbrahim (ə) atasına demişdi: “Mən hökmən sənin bağışlanman haqqında dua edəcəyəm, amma Allah qarşısında sənə nə iləsə kömək etməyə qadir deyiləm. İbrahim peyğəmbərin (ə) atası Azər Allaha iman gətirməkdən imtina etdi və Onun iradəsinə müqavimət göstərməklə müşrik olaraq qaldı. İbrahim (ə) onu Rəbbə iman gətirməyə və uydurma “ilahlara” ibadət etməməyə çağırırdı, lakin o, onun (ə) dəvətini rədd etdi. Belə olduqda, İbrahim (ə) ona dedi ki, ümidlə Allaha yalvaracaq və Rəbb onun (ə) dualarını eşidər.
Lakin ey iman gətirənlər, siz İbrahimin (ə), bir bütpərəst üçün Allaha dua etməsi kimi, bu hərəkətini əlinizdə əsas tutmamalısınız. Siz, bəraət qazanmaq üçün İbrahim peyğəmbərin (ə) nümunəsini əsas götürüb, onlara görə dua edə bilməzsiniz. İbrahimin (ə) bununla əlaqədar bəraət almaq haqqı var idi, çünki Fövqəluca belə buyurur: “İbrahimin atasından ötrü duası yalnız ona verdiyi vədinin icrası idi. O, bildikdə ki, atası Allahın düşmənidir, o, ondan üz döndərdi...” (Tövbə, 9/114).
Siz İbrahimin (ə) və onunla bərabər iman gətirmiş olanların Allaha necə səmimiyyətlə dua etdiklərini, Ona necə təvəkkül etdiklərini və öz gücsüzlüyü və öz nöqsanlarına görə necə tövbə etdiklərini nümunə götürməlisiniz. Onlar deyirdilər: “Ey Rəbbimiz! Biz ümid edir və qəti əminik ki, Sən bizə xeyirə nail olmaq və şərdən qaçınmaq üçün bizə kömək edəcəksən. Biz yalnız Sənə müraciət edirik, yəni, Sənə itaət edirik və var qüvvəmizlə çalışırıq ki, öz əməllərimizlə Sənə yaxınlaşaq və Sənin lütüfkarlığını qazanaq. Biz söz veririk ki, xeyirxah işlər görməkdə səy göstərək, çünki bilirik ki, bizim hər birimiz Sənə qayıdacağıq. Bundan sonra biz Sənin qarşında dayanacağımız Həmin saata hazırlaşacağıq və yalnız bizi Sənə yaxınlaşdıran əməlləri yerinə yetirməyə səy göstərəcəyik.