As-Saff · 61:12
يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ وَمَسَٰكِنَ طَيِّبَةًۭ فِى جَنَّٰتِ عَدْنٍۢ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
Bu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.
Təfsir · əs-Səədi · Ayə 12
Allah sizin həm böyük, həm də kiçik günahlarınızı bağışlayacaq, çünki Allaha iman və Onun yolunda mübarizə bütün günahları, o cümlədən, böyük günahları da yuyur. O (Pak və Müqəddəs), sizi axar sulu çayları olan bağlara daxil edəcəkdir. O bağlarda bir an belə durğun qalmayan su; dadı dəyişməyən süd; dadanlara yalnız ləzzət verən şərab və qatışığı olmayan bal çayları axır. Bu çaylar Cənnət ağaclarının arasından, sakinləri üçün müxtəlif meyvə və bəhrələrin hazırlandığı möhtəşəm sarayların və qəsrlərin yanından keçir.
Allah sizi əbədiyyət bağlarının gözəl məskənlərində, yəni uca yerlərdə salınmış hündür və naxışlarla bəzədilmiş imarətlərdə yerləşdirəcəkdir. Cənnətin yüksəkliklərindəki sakinlər sadə Cənnət sakinlərinə göy qübbəsindəki parlaq ulduzları xatırladacaqlar.
Cənnət evləri qızıl və gümüş kərpiclərdən, çadırlar isə inci və mərcanlardan inşa ediləcək. Onların arasında zümrüddən və ən qiymətli və müxtəlif rəngli ləl-cəvahiratdan mənzillər də olacaqdır. Onların hamısı o dərəcədə təmiz və şəffaf olacaqdır ki, çöldən içəridə nə baş verdiyi, içərisindən də çölundə nə baş verdiyi görünəcəkdir.
Cənnətin xoş rayihələri və cazibədarlıqları təsviredilməzdir. Qaldı ki, möminləri orada nəyin gözlədiyini onların heç özləri ağıllarına belə gətirmirlər. Heç bir insan, Cənnəti öz gözləri ilə görməsə, gözəlliklərini dadmasa və onlardan ləzzət almasa, bunları təsəvvür edə bilməz. Rəbbin bu nemətlərini daddıqdan sonra, Cənnət sakinləri, yəqin ki, Allah insanları bir daha ölməyəcəkləri kamil yaradılışla dirildəcəyini vəd etməsəydi, sevincdən qəşş edib ölərdilər.
Allah Pakdır! Heç bir məxluqu Onu layiqincə tərifləməyə qadir deyildir! Yalnız O (Pak və Müqəddəs), Özü Özünü layiq olduğu kimi tərifləyə bilər. O (Pak və Müqəddəs), – Cənnəti Səadət məkanı olaraq xəlq etmiş və ona insanı mat qoyan və gözlərini qamaşdıran əzəmət və füsunkarlıq vermiş Böyük və Fövqəlali Allahdır! Böyük Müdrik Xaliq Cənnəti elə yaratmışdır ki, əgər insanlar onun misilsiz gözəlliklərini görsəydilər, onlardan heç biri onun xatirinə çalışmaqdan əl çəkməzdilər və bu narahat – xoşbəxtliyin kədərlə əvəzləndiyi, sevincin isə qəmə çevrildiyi dünyada ötəri ləzzətlərin ardınca qətiyyən düşməzdilər!
Fövqəluca Cənnət məskənini Ədn adlandırır, çünki dindar möminlər heç vaxt oranı tərk etməyəcəklər və öz sığınacaqlarını dəyişmək də istəməyəcəklər. Bu – çox səxavətli mükafatdır, ən nəfis təltifdir və elə böyük bir müvəffəqiyyətdir ki, tayı-bərabəri yoxdur. Bu – Allahın Axirət üçün hazırladığı mükafatdır. Möminlərin dünya həyatında bu ticarətdən əldə edəcəkləri faydaya gəldikdə isə, Fövqəluca Allah belə buyurur: