As-Saff · 61:13
وَأُخْرَىٰ تُحِبُّونَهَا ۖ نَصْرٌۭ مِّنَ ٱللَّهِ وَفَتْحٌۭ قَرِيبٌۭ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ
Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ.
Təfsir · əs-Səədi · Ayə 13
Allahın köməyi sayəsində möminlər düşmənləri üzərində qələbə çalacaqlar və o, onlara qüdrət verəcək və sevinc gətirəcək, əldə edəcəkləri yeni nailiyyətlər sayəsində müsəlmanlar ərazilərini genişləndirəcək və saysız-hesabsız var-dövlətə sahib olacaqlar. Mübarizə aparan möminlərə haqq iş uğrunda veriləcək əvəz belə olacaqdır. Əgər möminlərə mübarizədə iştirak etmək nəsib olmasa, onlar Fövqəluca Allahın mərhəmətindən və xeyirxahlığından ümidlərini kəsməməlidirlər. Əksinə, onlar həm bu dünyada, həm də Axirət həyatında onları gözləyən mükafat haqqında müjdədən sevinməlidirlər. Onların hər biri, hətta o, Allah yolunda mübarizlərin yüksəldikləri dərəcəyə nail olmasa da, öz imanından asılı olaraq, mükafatlandırılacaqdır.
Bir dəfə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Kim Allahı öz Rəbbi, islamı – öz dini, Muhəmmədi – öz Elçisi qəbul etmişsə, o, mütləq Cənnətə girəcəkdir”. Əbu Səid əl-Xudri bu sözlərdən heyrətə gələrək, demişdir: “Ey Allahın Elçisi, bu sözləri mənim üçün təkrar et». Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bunları təkrarlayıb, əlavə etmişdir: “Lakin elə bir şey var ki, o, qula Cənnətdə yüz pillə yüksəlməyə imkan verir, hər pillə arasındakı məsafə isə yerlə göyün arasındakı məsafəyə bərabərdir”. Əbu Səid soruşmuşdu: “Bəs bu nədir?” O (s.ə.s) demişdir: “Bu – Allah yolunda cihaddır”[2]. Bu hədisi Müslim rəvayət etmişdir.