As-Saff · 61:9
هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ
Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.
Təfsir · əs-Səədi · Ayə 9
Fövqəluca islamın yer üzündə mütləq qalib gələcəyinin səbəbini xatırladır. Bu səbəb – Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bəşəriyyətə doğru yol Təlimatı və Haqq din gətirməsindən ibarət idi. Onun (s.ə.s) vəzifəsi – insanlara faydalı biliklər və xeyirxah əməllər öyrətməkdi. Məhz bu biliklər insanları Allaha və Cənnət məkanına yönəldir, onları yaxşılıqlar etməyə, öz əxlaqını nəcibləşdirməyə ruhlandırır və həm bu dünyada, həm də öldükdən sonra uğur qazanmaqda onlara kömək edir. O (s.ə.s), dini aləmlərin tək olan Rəbbinə ibadət etməyi təbliğ edir. Onun (s.ə.s) təlimi çatışmazlıqlardan və nöqsanlardan xalidir, onun (s.ə.s) hökümləri qəlb üçün qida, bədən üçün rahatlıqdır, onun (s.ə.s) qadağalarına riayət edilməsi isə, əmin-amanlığın və paklığın zəmanətidir.
Allahın Təlimatı və Haqq din Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) doğruçuluğunun ən böyük dəlilidir. Bu dəlil – bu dünya durduqca – mövcud olacaqdır və ağıllı insan həyat üzərində nə qədər çox düşünərsə, bir o qədər də onun (s.ə.s.) paklığına əmin olacaqdır.
O, ona görə nazil edilmişdir ki, onun dəlillərinin və təkzibolunmaz sübutlarının hikməti sayəsində islam dinini bütün digər dinlər üzərində ucaltsın və onun tərəfdarlarına onların qılınclarının gücü və nizələrinin itiliyi sayəsində qələbə bəxş etsin.
İslam özlüyündə bütün zamanlarda tayı-bərabəri olmayan mükəmməl din olaraq qalacaqdır. Ona qarşı mübarizə aparan və ya onunla düşmənçilik edən hər kəs, hökmən məğlub ediləcəkdir. Zəfər və hökümranlıq həmişə islamla yanaşı olacaqdır. Onun davamçılarına gəldikdə isə, onlar onun ehkamlarına sadiq qalacaqlar. Əgər onlar onun hökümlərinə laqeyd yanaşsalar və özlərini təkcə müsəlman adlandırmaqla keçinmək istəsələr, onda bu onlara heç bir kömək etməz. Onlar Allahla olan əhdi unutmaları üzündən düşmənləri onların üzərində hökümranlıq edəcəklər. Bu, müsəlmanların keçmişdəki və indiki vəziyyətini öyrənib, təhlil edən hər kəsə məlumdur.