As-Saff · 61:14
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوٓا۟ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ لِلْحَوَارِيِّۦنَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ۖ فَـَٔامَنَت طَّآئِفَةٌۭ مِّنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٌۭ ۖ فَأَيَّدْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَىٰ عَدُوِّهِمْ فَأَصْبَحُوا۟ ظَٰهِرِينَ
Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.
Təfsir · əs-Səədi · Ayə 14
Ey möminlər! Rəbbininzin dininə sözünüzlə və işinizlə kömək edin. Bundan ötrü siz özünüz bu dinin hökümlərini yerinə yetirməlisiniz, başqalarını da onu qəbul etməyə çağırmalısınız, öz əliniz və öz malınızla haqq dinə müqavimət göstərənlərin, haqqı inkar edənlərin, yalanı və şərəfsizliyi yayanların hər birinə qarşı mübarizə aparmalısınız. Həqiqətən, belə insanlara onların baxışlarının əsassızlığını sübut etmək, hadisələrin əsil mahiyyətini açıqlamaq və onları azğınlıqdan çəkindirmək lazımdır. Allahın dininə kömək etmək üçün isə, müsəlmanlar Quranı və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsini öyrənməli, ətrafındakıları da buna sövq etməli və insanları xeyirxahlıq etməyə və günahlardan çəkinməyə çağırmalıdırlar.
Sonra Rəbb iman gətirənləri onların saleh əcdadlarından nümunə götürməyə çağırır. İsa peyğəmbər (ə) öz həvarilərindən kimin onun (ə) ardınca gələcəyini və Allahın dinini yer üzündə bərqərar etmək üçün ona (ə) kömək edəcəyini soruşan kimi, onlar o saat cavab verirlər ki, Allahın dininə kömək etməyə hazırdırlar. Onlar verdikləri sözə sadiq qaldılar və öz peyğəmbərləri (ə) ilə birlikdə öz Rəbbinin dininə kömək edirdilər. Lakin İsrail oğullarının yalnız bir hissəsi iman gətirmişdi və peyğəmbərin (ə) və onun şagirdlərinin çağırışına qoşulmuşdular.
İsrail xalqının digər hissəsi isə iman gətirmədi və həvarilərin moizələrini rədd etdilər. Belə olduqda, iman gətirənlər onlarla cihada[3] başladılar, Allah isə iman gətirənlərə onların əleyhdarları üzərində qələbə çalmağa kömək etdi.
Ey Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ardıcılları! Siz də Allahın köməkçiləri və Onun dininin təşviqatçıları olun və O (Pak və Müqəddəs), mütləq sizə, sizdən əvvəlkilərə bəxş etdiyi kimi, düşmənləriniz üzərində zəfər əta edər.