As-Saff · 61:5
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَٰقَوْمِ لِمَ تُؤْذُونَنِى وَقَد تَّعْلَمُونَ أَنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُمْ ۖ فَلَمَّا زَاغُوٓا۟ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمْ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ
Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın sizə göndərdiyi elçisiyəm!” Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.
Təfsir · əs-Səədi · Ayə 5
Musa peyğəmbərin (ə) qəbilədaşları cinayət törədər, öz elçilərini söz və əməlləri ilə incidərdilər. Axı Allahın elçisi (ə) hörmət və ehtirama layiqdir. Bundan başqa, insanlar onun (ə) hökümlərinə tabe olmalı və onları danışıqsız yerinə yetirməli idilər. Onu (ə) incidən və ona (ə) əzab verənlər isə, hər hansı abır-həyadan və vicdandan məhrum edilmişdilər, çünki onlar, Allahdan başqa, onlara hamıdan çox xeyirxahlıq edəni incitməyi özlərinə rəva bilirdilər. Bununla da onlar, haqq yol onlara məlum olduqdan sonra, ondan yayınırdılar.
Musanın (ə) qəbilədaşları haqdan şüurlu surətdə yayındıqda, Allah da onların ürəklərini azdırdı. Bu, onların razı qaldıqları kobud seçimlərinə görə Allahın onlardan aldığı qisas idi. Allah onları doğru yola yönəltmədi, çünki onlar lütüfkarlığa və mərhəmətə layiq deyildilər. Onların qisməti acı intiqam oldu, çünki Allah fasiləsiz günahlar edən və özbaşınalıq törədən və özləri doğru yola gəlməyə can atmayan fasiqləri düz yolla aparmır.
Bu ayə göstərir ki, əgər Allah qullarından bəzilərini azğınlığa salırsa, bununla O (Pak və Müqəddəs), onlara qarşı ədalətsizlik etmir və günahkarlar bunun əsasında özlərinə bəraət qazandıra bilməzlər. Həqiqətən, onlar Allahın Təliminin nurundan özləri yayınmışdılar, halbuki, haqq onlara aydın idi. Buna görə doğru yoldan yayınmağa və dərin azğınlığa görə Allahın cəzası ədalətli idi və bu barədə Fövqəluca belə buyurur: “Biz onların ürəklərini və gözlərini çeviririk, çünki onlar ona birinci dəfə də iman gətirməmişdilər və onları öz zalımlıqlarında kor-koranə veyillənməyə buraxırıq” (Ənam, 6/110).