Al-Jumuah · 62:5
مَثَلُ ٱلَّذِينَ حُمِّلُوا۟ ٱلتَّوْرَىٰةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ ٱلْحِمَارِ يَحْمِلُ أَسْفَارًۢا ۚ بِئْسَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların məsəli necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz.
Təfsir · əs-Səədi · Ayə 5
Kitab əhli onlara həvalə edilmiş vəzifəni yerinə yetirmirdilər və bunun nəticəsində hər hansı şərəf və heysiyyətdən məhrum edilmişdilər. Allah onları hikmətli kitablar yüklənmiş eşşəyə bənzədir. Məgər uzunqulaq belində daşıdığı bu kitablardan faydalana bilərmi?! Məgər bu ona şərəf gətirərmi?! Məgər onun qisməti belə ağır yükləri yalnız daşımaq deyilmi?!
Eyni sözü bilikli yəhudilər və xristianlar haqqında da demək olar, çünki onlar Tövratın hökümlərini yerinə yetirmirlər. Bunlardan ən böyüyü – Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ardınca getmək və onun (s.ə.s) gətirdiyi Kəramətli Qurana iman gətirmək hökmüdür. Tövrata və onun əhdlərinə belə laqeydlik göstərilməsi onlara ziyandan və ümidsizlikdən başqa heç nə gətirməz, çünki onlar öz inkarçılıqlarına hər hansı şəkildə qazandıra biləcəkləri bəraətdən məhrum ediləcəklər. Həqiqətən, belinə kitablar yüklənmiş uzunqulaq obrazı onlara uyğun gəlir.
Hər biri Elçinin (ona Allahın salavatı və salamı olsun!) səmimiliyini və onun (s.ə.s) təliminin gerçəkliyini təsdiq edən Allahın ayələrini inkar edən insanların müqayisəsi necə də çirkindir! Həqiqətən, Allah fasiqləri, onlar öz zalımlıqlarında, öz küfürlərində inad etməkdən əl çəkməyənədək, doğru yolla aparmır və onları əsil fayda verən yollara da yönəltmir.