Al-Jumuah · 62:9
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نُودِىَ لِلصَّلَوٰةِ مِن يَوْمِ ٱلْجُمُعَةِ فَٱسْعَوْا۟ إِلَىٰ ذِكْرِ ٱللَّهِ وَذَرُوا۟ ٱلْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Təfsir · əs-Səədi · Ayə 9
Fövqəluca qullarına əmr edir ki, cümə camaat namazını məsciddə qılsınlar və azan səsini eşidən[4] kimi ora tələssinlər. Bu o demək deyildir ki, oraya qaça-qaça getsinlər. Peyğəmbər (s.ə.s) namaza qaçaraq gəlməyi qadağan etmişdi. Bu hökmün mənası ondadır ki, möminlər cümə namazının qılınmasında diqqətli olmalı və cümə namazını qaçırmamağa səy göstərməlidirlər.
Ey müsəlmanlar! Siz azan verənin səsini eşidən kimi, ticarətinizi dayandırıb, namaz qılmağa yollanın. Siz bu minvalla, mallarınızı sataraq qazanacağınızdan da, xeyli çox fayda əldə edərsiniz, çünki mallarınızı satmaqda davam etməklə və bütün ibadət ayinlərinin ən yaxşısı olan vacib namazlara laqeydlik göstərməklə bu faydanı əldə etməyə nail ola bilməzsiniz. Əgər siz bilsəydiniz ki, Allahın mükafatı nə qədər gözəl və daimidir! Əgər siz dünya həyatını dindən üstün tutanın, kim olmasından asılı olmayaraq, əsil ziyana uğrayacağını başa düşsəydiniz! Heyhat, o, uğur qazanacağına ümid bəsləyir... Ticarətin dayandırılmasına gəldikdə isə, o yalnız namaz qılınan vaxta aiddir və buna görə sonra Fövqəluca belə buyurur: