Al-Munafiqun · 63:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا جَآءَكَ ٱلْمُنَٰفِقُونَ قَالُوا۟ نَشْهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِ ۗ وَٱللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشْهَدُ إِنَّ ٱلْمُنَٰفِقِينَ لَكَٰذِبُونَ
Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.
Təfsir · əs-Səədi · Ayə 1
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Mədinəyə hicrət etdikdən sonra, islam qüdrətə və çoxlu sayda fədakar tərəfdarlara malik oldu. O zaman Mədinənin əl-Aus və əl-Xəzrəc qəbilələrindən olan bir sıra iman gətirməmiş sakinləri öz kafirliyini gizlətməyi qərara alıb, islamı qəbul etdiklərini göstərməklə cəmiyyətdə yüksək mövqelərini, həyatını və var-dövlətini saxlamağa çalışırdılar. Allah onları Öz Kitabında səciyyələndirir ki, möminlər onları tanıya bilsinlər, onlarla ünsiyyətdə ayıq və ehtiyatlı olsunlar və özlərini onlardan gözləsinlər.
Ey Muhəmməd! Münafiqlər sənin yanına gələndə şəhadət verirlər ki, sən Allahın Elçisisən. Özlərini mömin kimi göstərərək, münafiqlər yalandan şəhadət gətirirlər, lakin sənin haqlı olduğunun təsdiqi üçün onların şəhadətinə ehtiyacın yoxdur. Allah bilir ki, münafiqlərin sözləri səmimi olmasa da, bir həqiqətdir.