At-Tahrim · 66:12
وَمَرْيَمَ ٱبْنَتَ عِمْرَٰنَ ٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتْ بِكَلِمَٰتِ رَبِّهَا وَكُتُبِهِۦ وَكَانَتْ مِنَ ٱلْقَٰنِتِينَ
Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Biz ona paltarının yaxasından Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu.
Təfsir · əs-Səədi · Ayə 12
Məryəm özünün dindarlıq, xeyirxahlıq və paklıq kimi məziyyətləri sayəsində qüsurlardan və çirkin günahlardan qorunmağı bacardı. Cəbrail (ə) onun yanına gəldi və ruhu ona üfürməklə, o, İsaya (ə) hamilə oldu ki, o (ə) da sonradan Allahın alicənab elçisi olmuşdur.
Məryəm mükəmməl biliyə və sağlam düşüncəyə malikdi. O, Rəbbin sözünə, yəni, dini hökümlərə, qədərə iman gətirmişdi və həm də Onun Kitablarına iman gətirmişdi, yəni, əslində, doğru biliklərə malik idi və əməllərində onlara istinad edərək, dininin doğruluğunu təsdiq edirdi. Bunun sayəsində o, ən dindar möminlərdən biri oldu, yəni o, Allaha səylə, qorxu və itaətlə ibadət edir və Ona həmişə itaətkar olaraq qalırdı. O, əməlisaleh mömin qadın idi, əməlisaleh möminlik isə həmişə kamil biliklərlə və əməllərin qüsursuzluğu ilə ifadə edilir.
[1] Kursiv mənimdir. Müdrik Allah Mübarək Quranda inikasını tapmış vəhylərini Peyğəmbərinə (s.ə.s) Cəbrail (ə) vasitəsilə Ana Kitabının əsasında nazil etdiyi üçün bu iki ayə (66.1 və 66.2) və onların arasındakı şərhə istinad edərək, bir daha belə bir gerçəkliyə əmin ola bilərik ki, O (Pak və Müqəddəs), Öz Səltənətində hər şeyi bilavasitə Ana Kitabında yazdığına müvafiq olaraq idarə edir: hadisələri yaradır, onların gedişatını davam etdirir və Elçisinə (s.ə.s) vəhy etmiş olduğu mübarək ayələri də bu İlahi idarəçiliyinin əsrarəngiz mahiyyətini əks etdirir.
Möhtərəm Oxucu! Bu qeyd etdiyim həqiqətin yəqinliyinə əmin olmağın üçün bu ayələrə və onların arasındakı mətnə diqqətlə yanaşman bəs edəcəkdir. Birinci ayədə Allah halal qıldığını Peyğəmbərin (s.ə.s) özünə (s.ə.s) niyə haram etdiyini soruşur, sanki onu (s.ə.s) qınayır. Müfəssir isə öz şərhində qeyd edir ki, “Fövqəluca ona (s.ə.s.) rəhm etmiş və onun (s.ə.s) rəftarı müsəlmanlara yeni bir müdrik vəhyin nazil edilməsinə səbəb olmuşdur». Mənim işarə etmək istədiyim incəlik ondan ibarətdir ki, Peyğəmbərin (s.ə.s) “özünə haram etməsi hadisəsi baş verdiyi andan öncə vəhy ediləcək növbəti (66.2) ayə artıq Lövhi Məhfuzda (Ana Kitabda) mövcud idi. (Allah Kainatı xəlq etməzdən öncə hər şeyi Ana Kitabında yazmışdı.) Deməli, Fövqəlqüdrətli Allah vəhyləri hadisələrə görə deyil, hadisələri Ana Kitabından nazil edəcəyi ayələrə müvafiq idarə edir. Məhz bu nəzər nöqtəsindən Quran ayələri ilə Allahın Peyğəmbərimizə (s.ə.s) təlqin etdiyi hədislər arasında fərqi anlamaq və dəyərləndirmək yerinə düşərdi. Allahın Elçisinə (s.ə.s) buyurduğu hər iki növ ilahi hökümləri mahiyyət və dəyərlilik etibarı ilə mükəmməl və kamildir. Bu deyilənlərdən belə bir nəticə hasil etmək olar ki, Fövqəluca Allah Quranı Yaradılışdan öncə (və ya onun ərəfəsində) Ana Kitaba yazmışdır. Belə olduqda, ayələr hadisələrə görə deyil, hadisələr vəhy edilmiş və vəhy ediləcək ayələrə uyğun olaraq baş verir. Bu Həqiqət isə Allahın istisnasız hər şeyi Özünün bilavasitə idarə etdiyinin daha bir sarsılmaz dəlilidir. Məni bu nəticəyə yönəldən əsas meyarlardan biri isə Quranın Əzəmətli Allah tərəfindən öncədən misilsiz özünümühafizə sistemi ilə təchiz etməsidir. Kodlaşdırılmış 19 sistemi (və digər altsistem kodları) müsəlman alimləri tərəfindən 20-ci əsrin sonunda kəşf edilmişdir və Quranın ecazkar sirləri hələ Qiyamətə qədər bəşəriyyətə açıqlanacaqdır. Bu kəşflər barədə bu Təfsirin müxtəlif hissələrinin önsözlərində və dibnotlarında geniş məlumat vermişəm. Onları xüsusi diqqətlə oxuyun. Həmd isə xarüqələr Yaradan Allaha – aləmlərin Rəbbinə məxsusdur! F.S.
[2] Zövcəsi. F.S.
[3] Yəni, Peyğəmbərin (s.ə.s) başqa zövcəsinə. F.S
[4] Yəni, Peyğəmbərə. F.S.
[5] Peyğəmbərin (s.ə.s) gizli sözü açdığı zövcəsi. F.S.
[6] Allahın bu kərim ayəsinin müəllif tərəfindən verilmiş təfsirinin həm forması, həm də mahiyyətinə son dərəcə diqqət yetirilməlidir. Bu müddəamın səbəbləri çoxdur. Burada isə mən yalnız bir-neçəsini qeyd etmək istəyirəm. Quranı tərcümə edənlərin əksəriyyəti “cihad” sözünü ya “müqəddəs müharibə” və ya “döyüş-vuruş” ifadələri ilə çevirir və Allahın Kitabında onun daha geniş məna kəsb etməsini kölgədə (qəsdənmi və ya bilmədənmi?) saxlamağa çalışırlar. Bu isə, öz növbəsində, İslam düşmənlərinə “cihad”ın əsil mahiyyəti haqqında uydurmalar və böhtanlar yaymağa bəhanə vermiş olur. Bunları nəzərə alaraq, burada çox qısaca da olsa, öz mülahizəmi və düşüncələrimi hörmətli oxuculara, yeri düşmüşkən, bildirməyi zəruri sayıram. Aşağıda “cihad” sözünün göstərəcəyim mənalarına və məna çalarlarına diqqət yetirin (onlar Babylon elektron tərcüməçi-lüğətdindən götürülmüşdür). Mən onları orijinaldakı kimi verirəm:
- “препятствовать, свидетельствовать...{ militate }; стараться, прилагать усилия,
- бороться,... { strive }
- деятельный, энергичный, активный, живой,... { active }
- старательный, усердный, тщательный,... { painstaking }
( Nümunə gətirdiyim onlayn tərcümə proqramı beynəlxalq aləmdə geniş yayılmış və bütün dünyada məşhur olan Babylon Ltd. kompaniyasının məhsuludur, 200 ölkədə yüz milondan çox istifadəçisi vardır).
Gördüyünüz kimi, “CİHAD” kəlməsinin əsas mənası – səy göstərmək, mübarizə aparmaqdır. Müsəlman isə, əsas səyini, mübarizəsini öz nəfsini paklaşdırmağa, günah xəltələrindən arıtlamağa, təmizləməyə yönəltməli və, o cümlədən, zəruriyyət yarandıqda, mübarizə - döyüşə, vuruşa və şəriətə zidd olmayan digər formalara da çevrilə bilər. Cihad sözündən istifadə edərək müsəlmanları, ilk növbədə, gəncləri müxtəlif çeşidli qovğalara və savaşlara cəlb etmək heç də Allahın əsil dininin mahiyyətindən qaynaqlanmır. Mən deyərdim ki, İblis əməlinə daha çox meyil edən mənbələr tərəfindən yönəldilir. Hörmətli oxucular bunu nəzərə almalıdırlar. Digər bir nümunə üçün uzağa getməyək. Bilməyənlər bilmir. Bilənlər bilir ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən başlayaraq, İslam dini dinc vasitələrlə Qərb ölkələrində vüsətlə yayılmaqdadır və hətta bir sıra ölkələrdə mütərəqqi və ziyalı dünyabaxış sahibi olan dövlət adamları müsəlmanların vicdan azadlığına müsbət yanaşma yönündə bir sıra səviyyələrdə haqlı rəsmi qərarlar qəbul edirlər. Məgər belə bir şəraitdə, bəzən xuliqanlıq edən öyrədilmiş uşaqlar və gənclər tərəfindən həmin ölkələrdə törədilən iğtişaşlara haqq qazandırmaq olarmı? Öz ölkələrindən qaçıb Avropa şəhərlərində özlərinə dini “azadlıq” tələb edənləri necə başa düşmək olar? Mən düşünürəm ki, belə iğtitşaşlar Allahın düşmənləri tərəfindən yönləndirilir, qızışdırılır və maliyyələşdirilir və üzdən iraq belə “hərəkatları” “cihad” kimi qələmə vermək istəyənlər, çox ehtimal ki, şeytanın quyruqbulayanları, əlaltıları, daha dəqiq desək, muzdlu aqenturasına məxsusdurlar. Belə hərəkətlərin Allahın həqiqəti uğrunda mübarizə ilə heç bir əlaqəsi yoxdur. Bunu iddia edənlər suyu bulandıranlardır!
Oxucu qaraş və bacı! Ayıq ol! Allah iğtişaşçıları, “daş-kəsəkli” nümayiş həvəskarlarını, xuliqanlıq edən cinayətkar ünsürləri, kiminsə siyasi məqsədlərini gerçəkləşdirmək üçün xalqın adından sui-istifadə edərək, boğazdanyuxarı şüarlar söyləyənləri sevə bilməz! Haqq uğrunda mübarizə (cihad) isə Qurana və Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsinə uyğun olmalıdır. Məhz bu Quran Təfsirində böyük alim şeyx Əbdürrəhman əs-Səədi tərəfindən, Fövqəluca Allahın hidayəti ilə, həmin haqq mübarizə yolları müsəlmanlara çox sadə və anlaşıqlı dildə açıqlanır. Tərc. F.S.
[7] Haqqı bilməyə haqqı olan oxucuya bildirmək istəyirəm ki, bu ayənin bu fraqmentinə izah verməyimin səbəbi, mənim ayələri rus dilindən çevirərkən, onları ərəb əslinə müvafiq olaraq redaktə etməyimdən qaynaqlanır. Ayələrin tərcüməsi, bildiyiniz kimi, çox böyük məsuliyyət tələb edir və ərəb dilinə mükəmməl bələd olmadan onu həyata keçirmək istəyi kökündən yanlışdır. Lakin oxucuların bildiyi kimi, mən Təfsirin mətninin tərcüməsində Azərbaycan dilində olan sanballı hazır Quran tərcümələrindən istifadə etməliydim. Əsərin birinci və qismən ikinci cilidlərində belə etməyə çalışmışam. Amma sonrakı hissələrdə, mən dilimizdə olan tərcümələrin bu Təfsiri dilimizə çevirməyə böyük çətinliklər yaratdığını başa düşərək, ayələrin mövcud tərcümələrində redaktə xarakterli təshihlər etmişəm, yəni, ayələrin əslində olmamasına baxmayaraq, onlara əlavə edilmiş söz, ifadə, fraqment və hətta bütöv cümlələri çıxarmağa və onlara kiçik təshihlər verməyə təşəbbüs göstərmişəm. Lakin bu təşəbbüslər heç də faydasız və düşünülməmiş deyildi. Artıq Təfsirin 3-cü cildinin çevirisindən başlayaraq, ayələrin əslini müxtəlif proqram və üsulların köməyi ilə və həm də çoxsaylı türk, rus və ingilis çevirilərindən müqayisəli istifadə etmək vəsiləsi ilə, onları bütünlüklə öz redaktəmdə verməyə başladım. I ciliddə bəzi texniki yanlışlıqların olmasına baxmayaraq, bu sonuncu cilidədək tənqidçilərimizdən tərcüməçinin ünvanına ciddi bir irad hələ ki, daxil olmamışdır. Bu da onu göstərir ki, Böyük Allahın hidayəti və mərhəməti sayəsində bu Təfsirin mümkün olduqca az qüsurla xalqımıza çatdırılmasına, bəlkə də, inşallah, nail ola bilmişəm. Buna görə həmd Allaha məxsusdur! Qaldı ki, bu ayəyə (66/12) dibnotun yazılmasının əsas səbəbi ayənin rus mətnindəki fraqmentinin ərəbdilindən tərcüməsini (“...Мы вдохнули в него (в вырез на ее одежде) посредством Нашего духа (Джибрила)” araşdırdıqda aydın oldu ki, ərəb mətnində bu: (فَنَفَخْنَا فٖيهِ مِنْ رُوحِنَا, yəni, “ona ruhumuzdan üfürdük”) yalnız belədir. Yəni, ayədə yalnız “öz ruhumuzdan üfürdük” ifadəsi var. Allah ayədə Cəbrail əleyhissalamın adını çəkmir və ona (ə) işarə belə etmir. Özü də, qeyd etmək yerinə düşər ki, bu “(в вырез на ее одежде)” ifadəsi rus tərcüməsində əlavə (yəni, tərcüməçinin özündən ayəyə qoşduğu əlavə ifadə kimi verilmişsə də, artıq E. Quliyevin rüs dilinə etdiyi Quran tərcüməsindən sonra işığ üzü görmüş bir Azərbaycan tərcüməsində isə, bu fraqment: “paltarının yaxasından” ifadəsi kimi ayənin əsli mətni olaraq verilmişdir. Türk qardaşlarımızın Allah xatiri üçün təmənnasız hazırladıqları “Hasenat” proqramında otuza yaxın türk və ingilis dillərində olan Quran çevirilərinin heç birində mən belə ibarələrə rast gəlmədim və buna görə ayəni, anladığım qədər, əslinə daha yaxın saydığım formatda redaktə etdim. F.S.