At-Tahrim · 66:5
عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبْدِلَهُۥٓ أَزْوَٰجًا خَيْرًۭا مِّنكُنَّ مُسْلِمَٰتٍۢ مُّؤْمِنَٰتٍۢ قَٰنِتَٰتٍۢ تَٰٓئِبَٰتٍ عَٰبِدَٰتٍۢ سَٰٓئِحَٰتٍۢ ثَيِّبَٰتٍۢ وَأَبْكَارًۭا
Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər.
Təfsir · əs-Səədi · Ayə 5
Ey Elçinin zövcələri! Təkəbbürlənməyin və yadda saxlayın ki, əgər o (s.ə.s) sizi boşayarsa, sıxıntı çəkməyəcəkdir və sizə möhtac olmayacaqdır. O (s.ə.s), Allahın ona (s.ə.s) əta edəcəyi, sizi əvəz edəcək zövcələr tapacaqdır ki, həm dindarlıqlarına, həm də gözəlliklərinə görə sizdən yaxşı olacaqlar. Bu, bir xəbərdarlıq idi ki, onun icra edilməsi məcburi deyildi və buna görə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) zövcələrini boşamadı. Lakin əgər o (s.ə.s), onları boşasaydı, onda Allah öncədən nə buyurmuşdusa, hamısı gerçəkləşəcəkdi və o (s.ə.s) daha da ləyaqətli olan qadınlarla evlənəcəkdi.
Onlar mömin qadınlar olacaqdılar, yəni, eyni zamanda işlərində əsaslanmaları zəruri olan həm islam qanunlarına, həm də insanların əqidəsinin istinad etdiyi dinin prinsiplərinə riayət edəcəkdirlər. Onlar itaətkar olacaqdılar, yəni, Vahid Allaha ibadətdə səy göstərəcək və Ona müti olacaqdılar və Rəbbin nifrətinə layiq olan hər şeydə tövbəkar olacaqdılar. Fövqəluca xüsusilə vurğulayır ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zövcələri Allahın sevdiyi hər şeyi yerinə yetirməli və Onun nifrət bəslədiyi hər işdə tövbə etməlidirlər. Onların arasında həm ərdə olmuş dul qadınlar, həm də bakirələr olacaqdı ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onun (s.ə.s) ürəyincə olan hər şeydən həzz ala bilsin.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zövcələri bu təhdidi eşitdikdən sonra, o saat Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) lütüfkarlığını qazanmaq imkanlarını axtarmağa başladılar. Onlar bu ayədə ifadə olunmuş bütün ən üstün sifətlərə layiq oldular və mömin qadınların arasında ən yaxşıların yerini tutdular.