At-Tahrim · 66:6
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ قُوٓا۟ أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًۭا وَقُودُهَا ٱلنَّاسُ وَٱلْحِجَارَةُ عَلَيْهَا مَلَٰٓئِكَةٌ غِلَاظٌۭ شِدَادٌۭ لَّا يَعْصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ
Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.
Təfsir · əs-Səədi · Ayə 6
Ey Allahın haqq din nəsib etdiyi qulları! Dininizin sizdən tələb etdiyi nə varsa, ona riayət edin. Öz ailələrinizlə birlikdə qorxulu və dəhşətli Oddan qorunun. Ondan özünüzün qorunmanız üçün yalnız Allahın hökümlərinə tabe olmaq və Onun qəzəbinə səbəb olan, cəzalandırılmağı labüd edən hər şeyə görə tövbə etmək lazımdır.
Cəhənnəm Alovundan doğmalarınızı, zövcələrinizi və övladlarınızı qorumaq üçün isə, onlara əxlaq ədəbi və faydalı biliklər öyrətmək və bəzən də onları Allaha itaət etməyə məcbur eləmək lazımdır. Allahın qulu, onun özünə və onun məsuliyyət daşıdığı və onun başçılığı altında olan yaxınlarına aid bütün məsələlərdə Ona itaət etmədikcə, xilas ola bilməz.
İnsanları qorxutmaqdan və onları Öz əmrlərinə laqeyd yanaşmaqdan çəkindirməkdən ötrü isə, Rəbb Cəhənnəmi təsvir edir və onun yanacağının insanlar və daşlardan olacağını bildirir. Bu barədə Fövqəluca belə buyurur: “Siz və sizin Allahdan başqa ibadət etdikləriniz, vasil ediləcəyiniz Cəhənnəmin yanacaqlarısınız” (Ənbiya, 21/98).
Cəhənnəmə sərt əxlaqa malik və intiqam almaqda amansız olan mələklər təhkim edilmişlər. Onlar Allahın günahkarlara əzab və sərt cəza vermək barədə əmrlərini yerinə yetirərək, səsləri və görkəmləri ilə Cəhənnəm əzabkeşlərinin ürəyinə qorxu və dəhşət salırlar, öz qüdrəti ilə isə onları alçaldır və əzaba düçar edirlər. Mələklər Allahın əmrlərini yerinə yetirməkdən heç vaxt geri çəkilmir və onlara nə əmr edilirsə, onu icra edirlər. Bu sözlərdə alicənab mələklərə, onların Allahın bütün əmr etdiklərinə tabe olmalarına görə tərif ifadə edilmişdir.