At-Tahrim · 66:3
وَإِذْ أَسَرَّ ٱلنَّبِىُّ إِلَىٰ بَعْضِ أَزْوَٰجِهِۦ حَدِيثًۭا فَلَمَّا نَبَّأَتْ بِهِۦ وَأَظْهَرَهُ ٱللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُۥ وَأَعْرَضَ عَنۢ بَعْضٍۢ ۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتْ مَنْ أَنۢبَأَكَ هَٰذَا ۖ قَالَ نَبَّأَنِىَ ٱلْعَلِيمُ ٱلْخَبِيرُ
Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!”
Təfsir · əs-Səədi · Ayə 3
Təfsirçilərin əksəriyyəti qeyd edirlər ki, burada bəhs edilən möminlərin anası Hafzədir (Allah ondan razı olsun!). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona bir sirr vermiş və tapşırmışdı ki, onu heç kimə açmasın. Lakin o (Allah ondan razı olsun!), bunu Aişəyə (Allah ondan razı olsun!) danışmışdı.
Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) xəbər vermişdi ki, zövcəsi sirri açıqlamışdır. Belə olduqda o (s.ə.s), ona məlum olanın bir hissəsini zövcəsinə söyləmiş və öz alicənablığı və xeyirxahlığı ucbatından digər hissəsini isə gizli saxlamışdı. Zövcəsi ondan (s.ə.s) soruşmuşdu ki: “Sən bunu haradan bildin, axı biz heç kimə bu barədə danışmamışıq?” Peyğəmbər (s.ə.s) ona demişdi ki, bu barədə Allah xəbər vermişdir. Ondan heç nəyi gizlətmək mümkün deyil, çünki O (Pak və Müqəddəs), bütün gizli və qeybə aid olanları Biləndir.