At-Tahrim · 66:9
يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ جَٰهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَٰفِقِينَ وَٱغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ
Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların sığınacağı yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir!
Təfsir · əs-Səədi · Ayə 9
Fövqəluca Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, kafirlər və münafiqlərlə mübarizə aparsın və onlarla sərt davransın. Onlarla mübarizəni onlara haqq bilikləri çatdırmaq yolu ilə aparmaq lazımdır[6]. Bundan ötrü isə onları Vahid Allahın dininə xütbələr və xeyirxah nəsihətlər vasitəsi ilə dəvət etmək və onların çoxsaylı azğın baxışlarının yalan olduğunu ifşa etmək lazımdır. Bəzən onlarla, hətta, ələ silah alıb döyüşmək lazım gəlir, çünki doğru yola gəlməkdən və Allahın qanunlarına itaət etməkdən imtina edənlər onlarla sərt və qətiyyətlə davranılmağa layiq olurlar. Lakin hər şeydən öncə Allahın sözünü müdrik və xeyirxah nəsihətlərlə yaymaq lazımdır.
Beləliklə, Allah, Onun elçiləri və möminlər qarşısında qismətləri baş əymək olacaq kafirləri və münafiqləri bu dünyada alçaldıcı cəzaya və həmçinin Axirət həyatında Cəhənnəm əzablarına uğradacaqdır. Hər bir bədbəxt kafiri gözləyən belə sonluq necə də acınacaqlıdır!
Bu surənin son ayələrində Allah möminlər və kafirlər üçün iki məsəl çəkir ki, kafirin möminlə əlaqəsinin və ya onunla qohumluğunun – birinciyə heç bir fayda gətirməyəcəyini və sonuncuya, əgər o, Allahın hökümlərini qüsursuz yerinə yetirərsə, heç nə ilə zərər vurmayacağını onlara izah etsin. Bununla Fövqəluca bir daha Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zövcələrini Allaha itaətsizlikdən çəkindirir, çünki onunla (s.ə.s) qohumluq əməlləri yaramaz olanlara qətiyyən kömək etməyəcəkdir.