At-Tahrim · 66:2
قَدْ فَرَضَ ٱللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَٰنِكُمْ ۚ وَٱللَّهُ مَوْلَىٰكُمْ ۖ وَهُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ
Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir.
Təfsir · əs-Səədi · Ayə 2
Allah sizə, andınızı pozmadan öncə ondan necə azad olmağı və günah işlətdikdən sonra onu necə yumağı öyrətmişdir. Bu, möminlərin hər hansı bir şeyi etməyi və ya, əksinə, etməməyi vəd etdikləri bütün andlara aiddir.
Fövqəluca buyurmuşdur: “Ey iman gətirənlər! Allahın sizə halal qıldığı nemətləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir. Allahın sizə verdiyi halal və təmiz ruzilərdən yeyin və iman gətirdiyiniz Allahdan qorxun. Allah sizi bilmədən içdiyiniz andlarınıza görə məsuliyyətə cəlb etməz, lakin bilərəkdən içdiyiniz anda görə məsuliyyətə cəlb edər. Lakin bu halda andın kəffarəsi ailənizə yedirdiyiniz şeylərin yaxşısından on yoxsulu doydurmaq və ya onları geyindirmək, ya da bir kölə azad etməkdir. Kim bunu edə bilməzsə, üç gün oruc tutsun. Bu, and içdiyiniz zaman andınızın kəffarəsidir. Andlarınızı qoruyun. Allah ayələrini sizə belə izah edir, - ola bilsin ki, şükür edəsiniz” (Maidə, 5/87-89).
Buna görə, kim ki, Allahın halal qıldıqlarından ərzaq, içki kimi bir şeyi və ya kənizi haram, ya da hər hansı bir şeyi etməyə və ya etməməyə and içib, onu şüurlu surətdə yerinə yetirməməsi kimi, andını pozmuş olarsa, onda o, günahını Rəbbin buyurduğu kimi yumalıdır.
Allah sizin əməllərinizi himayə edir, dininizə və maddi həyatınıza aid olan xeyirxahlıqları sizə öyrədir və şərdən necə qorunmalı olduğunuzu izah edir. Buna görə, O (Pak və Müqəddəs), sizin üçün içdiyiniz andlardan geri çəkilmə yolunu da qoymuşdur ki, onun sayəsində siz onlara görə məsuliyyətdən xilas ola biləsiniz.
Həqiqətən də, Allah sizin etdiklərinizin və qəlbinizdə gizlətdiklərinizin hamısını bilir. O (Pak və Müqəddəs), yalnız Öz ilahi müdrikliyinə uyğun gələnləri yaradır və idarə edir. O (Pak və Müqəddəs), sizin üçün mənafelərinizə cavab verən və ehtiyaclarınıza uyğun gələn hökümlərdən ibarət bir şəriət qoymuşdur. Axı sizin ehtiyaclarınız haqqında digər hər kəsdən ən yaxşı bilən yalnız Allahdır.